Modern.az

Qarabağ həqiqətləri dünya mediasına Şuşadan çatdırılır

Qarabağ həqiqətləri dünya mediasına Şuşadan çatdırılır

Media

Bu gün, 18:05

Şuşada təşkil olunan IV Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya mühitində mövqeyinin gücləndirilməsi və ölkənin dünyaya təqdimatında mühüm rol oynayan beynəlxalq platformalardan biri kimi diqqət çəkir. Müxtəlif ölkələrdən media nümayəndələri, ekspertlər və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilən forum qlobal informasiya çağırışları, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal transformasiya və medianın müasir dövrdə artan məsuliyyəti ətrafında fikir mübadiləsinə şərait yaradır. Eyni zamanda, tədbir Qarabağda aparılan bərpa-quruculuq işlərinin, regionda formalaşan yeni reallıqların və Azərbaycanın sülh gündəliyinin beynəlxalq auditoriyaya çatdırılması baxımından da əhəmiyyətli imkan kimi dəyərləndirilir.

Mövzu ilə bağlı Medianın İnkişaf Agentliyinin Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu Modern.az-a açıqlama verib.

O, Forumun Azərbaycanın səsinin dünyaya çatdırılmasına xidmət etdiyini bildirib:

“Artıq bir neçə ildir ki, Şuşada keçirilən Beynəlxalq Media Forumu təkcə Azərbaycanın deyil, regionun ən nüfuzlu media platformalarından birinə çevrilib. Hər il müxtəlif ölkələrdən jurnalistlərin, media rəhbərlərinin, ekspertlərin və beynəlxalq təşkilatların nümayəndələrinin bu tədbirə maraq göstərməsi forumun qlobal informasiya məkanında qazandığı nüfuzun və beynəlxalq əhəmiyyətinin bariz göstəricisidir.

Forumun əsas özəlliklərindən biri Azərbaycan Prezidenti İlham Əliyevin xarici media nümayəndələri ilə ənənəvi görüşü və açıq dialoqudur. Dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin dövlət başçısına regionda baş verən geosiyasi proseslər, beynəlxalq təhlükəsizlik, enerji siyasəti, nəqliyyat dəhlizləri, media mühiti və digər aktual məsələlərlə bağlı suallar ünvanlaması, onların isə ətraflı və birbaşa cavablandırılması forumun şəffaf və açıq müzakirə platforması kimi nüfuzunu daha da artırır. Bu görüşlər beynəlxalq media nümayəndələri üçün hadisələri birbaşa mənbədən öyrənmək imkanı yaratmaqla yanaşı, Azərbaycanın mövqeyinin qlobal auditoriyaya çatdırılmasına da mühüm töhfə verir”.

V.Əliyev, Şuşa Qlobal Media Forumunun beynəlxalq dialoq üçün mühüm platformaya çevrildiyini söyləyib:

“Şuşanın belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsi də xüsusi simvolik məna daşıyır. Forum iştirakçıları Azərbaycanın media mühiti, rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə, süni intellektin mediaya təsiri və beynəlxalq informasiya təhlükəsizliyi kimi aktual mövzuları müzakirə etməklə yanaşı, Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə də yerində tanış olurlar. Bu isə xarici jurnalistlərdə bölgə ilə bağlı daha dolğun və obyektiv təsəvvürün formalaşmasına xidmət edir.

Son illər foruma marağın davamlı şəkildə artması onun artıq ənənəvi beynəlxalq dialoq platformasına çevrildiyini göstərir. Dünyanın müxtəlif regionlarından nüfuzlu media qurumlarının, ekspertlərin və jurnalistlərin tədbirdə iştirakı burada müzakirə olunan məsələlərin qlobal media gündəmi üçün də xüsusi əhəmiyyət daşıdığını təsdiqləyir. Eyni zamanda, bu forum Azərbaycanın media diplomatiyasının gücləndirilməsi, beynəlxalq informasiya əməkdaşlığının inkişafı və ölkənin mövqeyinin dünya ictimaiyyətinə birbaşa çatdırılması baxımından strateji əhəmiyyət kəsb edir”.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə Medianın fəaliyyətini sülhə aparan körpü kimi dəyərləndirib:

“İyulun 13-14-də Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu keçirilir. Tədbirdə dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir. Eyni zamanda, forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunur, həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də tədbirə qatılıb.

2022-ci ildən başlayan bu təşəbbüs 2023-cü ildə "4-cü Sənaye İnqilabı dövründə Yeni Media", 2024-cü ildə "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə", 2025-ci ildə isə "Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi" mövzularına həsr olunmuşdu. İndiyədək keçirilmiş dörd forum ərzində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxs Şuşada bir araya gəlib.

Ekspertlər forumun artıq nüfuzlu beynəlxalq platformaya çevrildiyini vurğulayır. forum çərçivəsində media sahəsindəki yeni tendensiyalar gündəmə gətirilir, qlobal böhranların yaratdığı çağırışlar müzakirə olunur və mövcud problemlərin həlli yolları axtarılır . dünyanın müxtəlif bölgələrində davam edən müharibələr fonunda beynəlxalq sülhün təşviqində medianın rolunun müzakirəsi xüsusilə vacibdir .

Şuşanın seçilməsi də simvolikdir - bu, təkcə mədəniyyət deyil, həm də informasiya diplomatiyasının yeni mərkəzinə çevrilir. Belə tədbirlərin məhz azad olunmuş Qarabağda keçirilməsi qonaqlara regionun bərpa prosesini bilavasitə görmək imkanı yaradır”.

Deputat, Şuşanın artıq informasiya diplomatiyasının ünvanı olduğunu bildirib:

“Prezident İlham Əliyev forumun açılış mərasimində iştirak edib. Dövlət başçısı tədbirin məqsədindən danışaraq bildirib ki, ideya dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməsi, Qarabağla və Şuşa ilə tanış olması üçün münasib mühit yaratmaqdan ibarətdir .

Çıxışında müsəlman dünyasındakı vəziyyətə də toxunan Prezident bildirib ki, gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcək və bu, mürəkkəb dövrdə böyük məsuliyyətdir. O əlavə edib ki, Azərbaycan həmişə müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub, lakin hazırda müsəlman dünyasında kifayət qədər həmrəylik müşahidə olunmur, əksinə gərginlik və qarşılıqlı ittihamlar artır .

Regionda vasitəçilik roluna toxunan dövlət başçısı vurğulayıb ki, Azərbaycan müxtəlif dövrlərdə və tərəflər arasında konstruktiv vasitəçi kimi çıxış edib və mövqeyi həmişə gərginliyin azaldılmasına yönəlib . O həmçinin Qoşulmama Hərəkatına sədrliyi zamanı bu imkanların nümayiş etdirildiyini xatırladıb.

Əvvəlki (III) forumda da Prezidentin iştirakı və açıq sual-cavab formatı tədbirin siyasi çəkisini artırmışdı — həmin forumda Şuşa "informasiya diplomatiyasının yeni mərkəzi" kimi təqdim edilmişdi. Bu il də oxşar tendensiya davam edir: Şuşa Qlobal Media Forumu təkcə media müzakirələri üçün deyil, həm də Azərbaycanın regional sülh təşəbbüsləri, Qarabağın bərpası və beynəlxalq media ilə dialoqu nümayiş etdirmək üçün mühüm platformaya çevrilib”.

Qeyd olunan məqamlar göstərir ki, Şuşa Qlobal Media Forumu yalnız media sahəsində müzakirə platforması deyil, həm də Azərbaycanın beynəlxalq əlaqələrinin və informasiya diplomatiyasının güclənməsinə xidmət edən mühüm tədbirdir.

Məsələyə deputat Müşfiq Cəfərov da öz yanaşmasını bildirib.

Deputat, Şuşa Forumunun media əməkdaşlığı üçün mühüm platforma olduğunu söyləyib:

“Çağdaş dövrümüzdə informasiyanın sürətli ötürülməsi, rəqəmsallaşma, kütləvi kommunikasiya vasitələrinin inkişafı və qlobal şəbəkələrin yaranması ictimai-siyasi münasibətlərdə, dövlət idarəetməsində və təhlükəsizlik sahəsində köklü dəyişikliklərə yol açıb.

İnformasiya müharibələrinin, dezinformasiyanın və rəqəmsal texnologiyaların media məkanını sürətlə dəyişdirdiyi bir dövrdə beynəlxalq media əməkdaşlığı mühüm problemlərin müzakirə mövzusu olmaqla bərabər, həm də qlobal təhlükəsizlik məsələsidir. Məhz belə bir şəraitdə Azərbaycanın təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumu qısa müddətdə dünyanın müxtəlif ölkələrindən jurnalistləri, ekspertləri, media rəhbərlərini və rəsmi şəxsləri bir araya gətirən nüfuzlu platforma kimi formalaşdı”.

M.Cəfərov Forumun qlobal informasiya əməkdaşlığını gücləndirdiyini deyir:

“Həmçinin forumun Şuşada keçirilməsi isə təsadüfi deyil. Azərbaycanın mədəniyyət paytaxtı, zəfərin, dirçəlişin rəmzi olan qədim Şuşa, həm də beynəlxalq dialoqun, əməkdaşlığın və fikir mübadiləsinin mühüm məkanına çevrilib. Bu forum müxtəlif ölkələrin media nümayəndələri arasında əlaqələrin genişlənməsinə, qlobal informasiya mühitində mövcud çağırışların birgə müzakirəsinə və yeni əməkdaşlıq formatlarının formalaşmasına xidmət edir.

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən forumda tanınmış və nüfuzlu beynəlxalq media rəhbərləri, ekspertləri müasir dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, yeni informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və “feyk nyus”la mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə ediblər.

Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu hər il beynəlxalq media ictimaiyyətinin diqqətini Azərbaycana yönəldir. IV Şuşa Qlobal Media Forumunda səslənən ideyalar, aparılan müzakirələr və əldə olunan əməkdaşlıq nəticələri qlobal informasiya təhlükəsizliyinə mühüm töhfə verəcəkdir”.

Nicat Rüstəmzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!