Qarabağın incisi Şuşa beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir. IV Şuşa Qlobal Media Forumu 2 gün – 13 və 14 iyul tarixlərində dünyanın müxtəlif ölkələrindən gələn media təmsilçiləri üçün ev sahibliyi edir, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və media əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparmaq üçün önəmli platformaya çevrilir.
Şuşa Qlobal Media Forumunun önəmi ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Modern.az-a açıqlama verib. O, Şuşada keçirilən Qlobal Media Forumunun bu il də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğunu bildirib:
"Artıq 4-cü ildir ki, Şuşada Qlobal Media Forumu keçirilir. Bu tədbir media sahəsində əməkdaşlıqla yanaşı, həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Forumun Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır. Tarixi və mədəni irsi ilə tanınan şəhərin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun inkişafını və müasir infrastrukturunu dünya ictimaiyyətinə nümayiş etdirir. Xarici qonaqların bölgəyə səfəri Azərbaycanın həyata keçirdiyi yenidənqurma işləri ilə yaxından tanış olmaq imkanı yaradır və ölkə haqqında daha dolğun təsəvvür formalaşdırır".

Deputat, Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi bütün fikirlərin Azərbaycanın beynəlxalq sistemdə artan rolunun ifadəsidi olduğunu söyləyib:
"Təsadüfi deyil ki, Şuşada keçirilən Qlobal Media Forumu bu il də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkənin beynəlxalq mövqeyi ilə bağlı diqqətçəkən fikirlər səsləndirdi. Cənab Prezident də bildirdi ki, Azərbaycan artıq orta gücə çevrilməkdədir və bu status ölkənin öz milli maraqlarını müdafiə etmək imkanlarının beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsində diplomatik fəaliyyət də xüsusi əhəmiyyət daşıyır. Qoşulmama Hərəkatına uğurlu sədrlik, COP29-a ev sahibliyi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına verdiyi töhfələr, eləcə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır. Bu amillər Azərbaycanın artıq daha geniş beynəlxalq funksiyalar daşıyan dövlət kimi çıxış etdiyini göstərir. Forum çərçivəsində xarici media nümayəndələrinin Azərbaycan haqqında hazırladıqları reportajlar və məqalələr ölkənin beynəlxalq aləmdə daha geniş tanınmasına, turizm və investisiya imkanlarının təbliğinə də müsbət təsir göstərir".
Məsələ ilə bağlı danışan deputat Pərvanə Vəliyeva isə informasiyanın artıq yalnız kommunikasiya vasitəsi deyil, ciddi geosiyasi güc aləti olduğunu vurğulayıb:
“IV Şuşa Qlobal Media Forumu artıq Azərbaycanın təşəbbüsü ilə formalaşmış nüfuzlu beynəlxalq dialoq platformalarından birinə çevrilib. 54 ölkədən 160-a yaxın media nümayəndəsinin, ekspertin və rəsmi şəxsin Şuşada bir araya gəlməsi ilk növbədə Azərbaycanın qlobal informasiya gündəliyində artan rolunun, beynəlxalq etimadının və siyasi çəkisinin göstəricisidir. Xüsusilə nəzərə almaq lazımdır ki, müasir dünyada informasiya artıq yalnız kommunikasiya vasitəsi deyil, ciddi geosiyasi güc alətidir. Bu gün dövlətlərə qarşı təzyiq, ictimai rəyin manipulyasiyası, suveren qərarlara müdaxilə, seçki proseslərinə təsir və münaqişələrin dərinləşdirilməsi çox zaman məhz informasiya platformaları üzərindən həyata keçirilir. Bu baxımdan, Forumun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunması son dərəcə aktualdır. Çünki bu gün dünyada yalnız ərazilər və resurslar uğrunda deyil, eyni zamanda həqiqət, informasiya və ictimai şüur uğrunda mübarizə gedir”.

P.Vəliyeva Şuşanın Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının rəmzi olduğunu söyləyib
“Forumun məhz Şuşada keçirilməsi isə çox mühüm siyasi mesajdır. Bu mənada dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin Şuşaya gəlməsi həm də həqiqətin yerində görülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Beynəlxalq media təmsilçiləri işğalın nəticələrini, aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını və Azərbaycanın region üçün təklif etdiyi sülh gündəliyini birbaşa müşahidə etmək imkanı əldə edirlər. Şuşa Qlobal Media Forumu Azərbaycanın artıq yalnız regional proseslərə reaksiya verən deyil, beynəlxalq gündəliyin formalaşmasına töhfə verən dövlət olduğunu nümayiş etdirir. Azərbaycan COP29, WUF13, Bakı Qlobal Forumu və digər beynəlxalq platformalar vasitəsilə qlobal çağırışların müzakirəsinə mühüm töhfələr verib. Şuşa Qlobal Media Forumu da bu siyasi xəttin davamıdır”.
Nicat Rüstəmzadə