Modern.az

Şuşa Qlobal Media Forumu Azərbaycanın imicini gücləndirir - açıqlama

Şuşa Qlobal Media Forumu Azərbaycanın imicini gücləndirir - açıqlama

Media

Bu gün, 11:02

Qlobal informasiya məkanında etibarlı medianın rolu və sülhün təşviqi məsələlərinin ön plana çıxdığı bir dövrdə Şuşa Media Forumu beynəlxalq dialoq platforması kimi diqqət mərkəzindədir. Dünyanın müxtəlif ölkələrindən jurnalistləri, ekspertləri və media nümayəndələrini bir araya gətirən forum həm müasir medianın qarşısındakı çağırışların müzakirəsi, həm də Azərbaycanın beynəlxalq informasiya məkanındakı mövqeyinin təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Əməkdar jurnalist, professor Qulu Məhərrəmli Modern.az-a danışıb.

Professor, Şuşa Media Forumunun Azərbaycanın imicinin güclənməsinə xidmət etdiyini bildirib: “Artıq ənənəvi olan Şuşa Media Forumu həm Azərbaycanın PR-ı, həm də onun imicinin yüksəldilməsi, regionda güclənən bir dövlət olması fikrinin yaradılması baxımından çox əhəmiyyətlidir”.

Q. Məhərrəmli forumun əhəmiyyətindən də danışıb: “Forumun əsas əhəmiyyəti ondan ibarətdir ki, buraya xeyli sayda xarici jurnalist dəvət olunur. Bu siyahıda müxtəlif media qurumlarını təmsil edən siyasi analitiklər, ekspertlər də var. Bu, əlbəttə ki, Şuşa Forumu haqqında, ümumiyyətlə, Azərbaycan haqqında yaxşı təsəvvür yaradır.

Burada müxtəlif məsələlər müzakirə olunur. Bölgədə gedən proseslər, problemlər və s. O problemlərə münasibət isə birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin dilindən eşidilir. Maraqlı polemika, sual-cavablar istər-istəməz problemləri gündəmə gətirir və bu baxımdan, əlbəttə ki, forum çox əhəmiyyətlidir”.

Professorun sözlərinə görə, bu ilki forumun mövzusu da çox aktualdır: sülhün təşviq olunmasında medianın rolu və eyni zamanda mediaya olan inamın bərpa olunması: “Bu, çox ciddi məsələdir. Çünki indi bütün dünyada müxtəlif səbəblərdən media cəmiyyətdəki nüfuzunu müəyyən dərəcədə itirir. Onların verdikləri məlumatlar çox mötəbər sayılmır. İnsanlar sosial şəbəkələrə meyllənirlər. Bax, bu kontekstdə istər-istəməz medianın nüfuzunun bərpa olunması artıq təkcə Azərbaycanın məsələsi deyil, bütün dünyada, o cümlədən Avropada və digər ölkələrdə də çox aktual mövzudur”.

Forumun təşkilinə gəlincə isə Qulu Məhərrəmli bildirib ki, forum çox yüksək səviyyədə təşkil olunub: “Xarici jurnalistlərin işləməsi üçün çox normal şərait yaradılıb. Bu, beynəlxalq toplantılar üçün önəmli məsələlərdən biridir. Yəni biz ümid edirik ki, hər halda bu forum Azərbaycanın imici baxımından olduqca əhəmiyyətli hadisədir”.

Nicat Rüstəmzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!