Modern.az

Memarlıqda Azərbaycandan öyrənəcəyimiz çox şey var - Britaniyalı deputatla MÜSAHİBƏ

Memarlıqda Azərbaycandan öyrənəcəyimiz çox şey var - Britaniyalı deputatla MÜSAHİBƏ

Müsahibə

Bu gün, 15:40

Böyük Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun sədri Bob Blekman Azərbaycanda səfərdədir. Bob Blekman bu gün Milli Məclisin sədri Sahibə Qafarova ilə, sabah isə Azərbaycan-Böyük Britaniya Parlamentlərarası İşçi Qrupunun sədri Fariz İsmayılzadə ilə görüəcək.

Bob Blekman görüşlərindən əvvəl Modern.az-ın bir sıra suallarını cavablandırıb.

İngilis parlamentari ilə müsahibəni təqdim edirik:

​- Böyük Britaniya ilə Azərbaycan arasında parlamentlərarası münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Sizcə, iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün hansı əlavə addımlar atıla bilər?

- Hazırkı vəziyyət ondan ibarətdir ki, 2024-cü ildə Böyük Britaniyada ümumi seçkilər keçirildi və parlamentin tərkibi böyük ölçüdə yeniləndi. Nəticədə rekord sayda yeni deputat seçildi. Bu isə o deməkdir ki, onların əksəriyyətinin Azərbaycanla münasibətlər sahəsində təcrübəsi yoxdur. İlk növbədə Azərbaycanın strateji əhəmiyyətini dərk etmək, daha sonra isə onunla nə üçün güclü münasibətlər qurmalı olduğumuzu anlamaq lazımdır. Eyni vəziyyət müəyyən mənada Azərbaycanda da yaşandı. Son parlament seçkilərində əvvəlkilə müqayisədə daha çox yeni deputat seçildi. Buna görə də əsas məsələ bu dostluq münasibətlərini yenidən formalaşdırmaqdır.

Hazırda biz bu dostluğu yenidən qururuq. İki il əvvəl keçirilmiş ümumi seçkilərdən sonra dostluq qrupunun yenidən formalaşdırılması və yeni üzvlərin cəlb edilməsi baxımından müəyyən çətinliklər yaşadıq. Əvvəllər bu işdə iştirak etmiş şəxslərin, xüsusilə də Lordlar Palatasında təmsil olunanların bir qismi fəaliyyətini davam etdirir. Lakin yeni deputatları bu işə cəlb etmək asan olmayıb. Adətən yalnız seçki dairələri və ya əvvəlki peşə fəaliyyəti neft-qaz sektoru ilə bağlı olan deputatlar bu məsələyə maraq göstərirlər. Hazırda etdiyimiz iş yeni insanları müəyyənləşdirmək, onları bu prosesə cəlb etmək və bunun vasitəsilə ölkələrimiz arasında dostluq münasibətlərini daha da genişləndirməkdir.

- Böyük Britaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi son illərdə artıb. Siz mövcud ticarət həcmini qənaətbəxş hesab edirsiniz, yoxsa bu sahədə hələ də böyük genişlənmə potensialının olduğunu düşünürsünüz?

- Dost münasibətlərə malik və bir-birinə mühüm məhsullar təklif edə bilən iki ölkə arasında əməkdaşlıq olduqda inkişaf və genişlənmə üçün hər zaman imkan var. Neft və qaz Azərbaycan üçün son dərəcə vacibdir. Eyni zamanda, bizim üçün də neft və qazdan istifadə böyük əhəmiyyət daşıyır. Burada söhbət yalnız xammaldan getmir. Məsələn, Xəzər dənizinə, boru kəmərlərinə, texnologiyalara və ümumilikdə neft-qazın hasilatı üçün lazım olan imkanlara qoyulan investisiyalar da mühüm rol oynayır. Bu səbəbdən həmin təcrübə və bilikləri təqdim etməyimiz böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Böyük Britaniyaya yatırdığı investisiyalar müxtəlif formalarda həyata keçirilir. Lakin bizim əsas üstünlüyümüz xidmət sektorudur. Bu, həm maliyyə sahəsini, həm hüquq xidmətlərini, həm də digər peşəkar imkanları əhatə edir. Bu baxımdan münasibətlərimizi qorumaq və onları hər iki ölkənin maraqları naminə inkişaf etdirmək vacibdir. Sizin də qeyd etdiyiniz kimi, biz bu dostluğu davam etdirməyə və hər iki ölkənin iqtisadiyyatını inkişaf etdirməyə nail olmuşuq.

Bundan əlavə, Azərbaycanın bərpa olunan enerji mənbələrinə yönəlməsi, iqtisadi əməkdaşlığın yeni formalarını inkişaf etdirməsi və faktiki olaraq vergidən azad iqtisadi zonalar yaratması Britaniya şirkətlərinin Azərbaycana sərmayə qoymaq imkanlarını artırır. Bu isə həm Azərbaycanda yeni iş yerlərinin yaradılmasına, həm də Böyük Britaniya ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Hazırda əməkdaşlıq sabit şəkildə davam edir. Lakin investisiya üçün çox böyük imkanlar mövcuddur. Bildiyim qədərilə Azərbaycan artıq təkcə neft-qaz və enerji sektoruna deyil, kompüter texnologiyalarına, süni intellektə və kənd təsərrüfatına da böyük maraq göstərir. Azərbaycanın üstünlüyü ondadır ki, ölkə Xəzər dənizinə çıxışa malikdir və kənd təsərrüfatı üçün inkişaf etdirilə biləcək geniş torpaq sahələri var. Əsas problemlərdən biri isə sudur. Biz öz texnologiyalarımız vasitəsilə dəniz suyunun duzsuzlaşdırılması sahəsində kömək edə bilərik. Bu isə daha çox kənd təsərrüfatı məhsulu yetişdirməyə, daha çox mal-qara saxlamağa imkan verər. Nəticədə həm Azərbaycanın ərzaq təhlükəsizliyi güclənər, həm də Avropanın ərzaq təminatına töhfə verilər.

- Bildiyiniz kimi, Azərbaycanın Orta Dəhlizdə rolu getdikcə artır. Sizcə, bu inkişaf Böyük Britaniyanın strateji və iqtisadi maraqları ilə nə dərəcədə uzlaşır?

- Bəli. Mən hesab edirəm ki, qaz kəmərinin inşası olduqca cəsarətli qərar idi və mən bu layihəni qətiyyətlə dəstəkləmişəm. 3500 kilometrlik boru kəməri təkcə nəhəng investisiya deyil, eyni zamanda təhlükəsizlik baxımından böyük risk deməkdir. Çünki terror aktları nəticəsində həmin kəmərin istənilən nöqtəsində fəaliyyət pozula bilər. Buna görə də bu layihə çox böyük risk daşıyırdı. Lakin indi həmin investisiyanın bəhrəsini görürük. Artıq Avropa, xüsusilə də qitənin digər hissələri Rusiyanın enerji təchizatından əvvəlki qədər asılı deyil. Əgər bu layihə həyata keçirilməsəydi, hesab edirəm ki, Avropa bu gün çox ciddi problemlərlə üzləşərdi. Bu, uzunmüddətli perspektiv üçün investisiya qoyuluşunun nə qədər vacib olduğunu açıq şəkildə göstərir. Eyni zamanda hesab edirəm ki, Azərbaycanın üzərindən keçən hava dəhlizinin strateji əhəmiyyəti kifayət qədər qiymətləndirilmir. Ukraynadakı müharibəyə görə Rusiya üzərindən kommersiya aviareysləri həyata keçirilmir. Digər tərəfdən, Yaxın Şərqdəki vəziyyət də aviaşirkətlərin həmin marşrutlardan istifadə etməsini çətinləşdirir. Bu isə Hindistana, Avstraliyaya, Yeni Zelandiyaya və digər istiqamətlərə uçuşlara da təsir edir. Bütün bunlar böyük əhəmiyyət daşıyır. Əslində Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi onun strateji əhəmiyyətini və ölkələrimiz arasındakı münasibətlərin nə qədər vacib olduğunu bir daha nümayiş etdirir. Biz bu münasibətlərə artıq yüz ilə yaxındır sərmayə yatırırıq və bu əməkdaşlıq bu gün yenidən öz bəhrəsini verməyə başlayıb.

- Böyük Britaniyada yaşayan Azərbaycan icmasının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan icması çox fəaldır. Üstəlik, biz həmişə bu münasibətlərin inkişafına töhfə verən çox peşəkar səfirlərlə əməkdaşlıq etmişik. Biz Azərbaycan icmasının nailiyyətlərini qeyd etmək üçün onların Parlamentə gəlməsi imkanından da istifadə etmişik. Əlbəttə, Qarabağ müharibəsindən əvvəl biz daim baş vermiş qırğınları, eləcə də 1990-cı illərin əvvəllərindəki ilk müharibə nəticəsində bir milyon yarım azərbaycanlının məcburi köçkün düşməsi ilə bağlı faciələri gündəmə gətirirdik. İndi isə müharibə başa çatıb. Ermənistanla münasibətlər daha sülhpərvər məcrada inkişaf edir. Bu da Qarabağın yenidən qurulmasına imkan yaradır. Eyni zamanda Böyük Britaniyada biz insanlara xatırladırıq ki, keçmişdə baş verənləri unutmaq olmaz. Azərbaycandan çoxlu sayda gənc Böyük Britaniyaya təhsil almağa gəlib, burada işləyib və işləməyə davam edir. Bizdə Azərbaycan mətbəxini təqdim edən çox gözəl restoranlar fəaliyyət göstərir. Bildiyimiz kimi, Azərbaycan mətbəxi möhtəşəmdir. Bu da bizə həmin mədəniyyəti yaxından tanımaq imkanı yaradır. Bundan başqa sənaye və digər investisiya sahələrində də əməkdaşlıq mövcuddur. Şimal dənizində həyata keçirdiyimiz layihələrdə Azərbaycandan gələn təcrübə olduqca mühüm rol oynayıb. Bu baxımdan, xüsusilə Şotlandiya ilə Azərbaycan arasındakı əlaqələr böyük əhəmiyyət daşıyır. Londonda da kifayət qədər böyük Azərbaycan diasporu yaşayır. Xüsusilə təhsil almaq üçün gələn tələbələr çoxdur. Onlar bəzən bakalavr təhsili üçün deyil, magistratura və ya digər proqramlar üzrə gəlirlər. Onlar hər zaman səmimiyyətlə qarşılanırlar və bu da ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

- Çox maraqlıdır. Azərbaycan mətbəxindən ən çox hansı yeməyi bəyənirsiniz?

- Ah, doğrusu... Dünən ilk dəfə qızardılmış badımcan yedim. Adətən badımcan bişmiş halda olanda xoşuma gəlmirdi, amma bu dəfə qızardılmışdı və çox dadlı idi. Daha əvvəl belə bir yemək dadmamışdım. Ümumiyyətlə, mən artıq 16 ildir Azərbaycana səfər edirəm. Ona görə də Azərbaycan mətbəxinə yaxşı bələdəm. Burada təqdim olunan olduqca bol süfrələrə artıq öyrəşmişəm. Azərbaycanda süfrədən heç vaxt ac qalxmaq olmur və bu, həqiqətən də çox gözəldir. Mətbəxiniz möhtəşəmdir. Hazırladığınız müxtəlif yeməklərin hər biri fərqlidir və bu da onun ən gözəl cəhətlərindən biridir. Meyvə və tərəvəzləriniz isə sadəcə möhtəşəmdir. Onlar Böyük Britaniyada yediklərimizdən qat-qat dadlıdır.

- Cənab Blekman, Böyük Britaniyada yaşayan azərbaycanlıların Britaniya cəmiyyətinə inteqrasiyası barədə müşahidələriniz necədir? Siz onların inteqrasiyasını necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, Azərbaycanda insanların böyük əksəriyyətinin ingilis dilini öyrənməsi bu prosesdə ilk və ən mühüm üstünlükdür. Onlar Böyük Britaniyaya gəldikdə ingilis dilində sərbəst danışa bildikləri üçün cəmiyyətə daha asan uyğunlaşırlar. Əlbəttə, insanlar adətən dostları və öz həmyerliləri ilə daha çox ünsiyyətdə olurlar. Lakin hesab edirəm ki, azərbaycanlılar cəmiyyətimizə elə inteqrasiya ediblər ki, nə Londonda, nə də Böyük Britaniyanın başqa bir bölgəsində "bütün azərbaycanlılar burada yaşayır", deyə biləcəyiniz xüsusi bir məhəllə yoxdur. Onlar ölkənin müxtəlif bölgələrinə yayılıblar. Bu isə müsbət haldır. Çünki belə olduqda insanlar yalnız öz icmaları daxilində deyil, yerli əhali ilə də inteqrasiya edirlər. Məncə, bu sağlam yanaşmadır. Beləliklə, ölkənin müxtəlif yerlərində yaşayan azərbaycanlılar yerli icmalarla daha sıx əlaqələr qururlar və bu da inteqrasiyanı gücləndirir.

- Hazırda azərbaycanlı mütəxəssislər daha çox hansı sahələrdə fəaliyyət göstərirlər? Biznes, elm və təhsil, səhiyyə, maliyyə, informasiya texnologiyaları, nəşriyyat, yoxsa digər sahələrdə?

- Sadalanan sahələrin demək olar ki, hamısında. Bəli, sözün həqiqi mənasında vəziyyət belədir. Azərbaycanlılar çox fəaldırlar. Çünki Azərbaycanda güclü universitetlər var və Böyük Britaniyaya gələn tələbələr təhsilə başlamazdan əvvəl ingilis dilini yaxşı bildiklərinə görə burada aldıqları təhsildən tam şəkildə faydalana bilirlər. Bizim digər ölkələrlə də təhsil sahəsində əməkdaşlığımız var. Həmin ölkələr öz tələbələrini Böyük Britaniyaya göndərirlər. Lakin əgər onlar ingilis dilini kifayət qədər bilmirlərsə, təhsildən tam yararlanmaları çox çətin olur. Bu baxımdan azərbaycanlılar üstün mövqedədirlər. Həmçinin, qeyd etdiyim kimi, azərbaycanlılar həyatsevər insanlardır. Belə desəm, yəqin ki, doğru olar. Onlar yalnız işləməyi deyil, eyni zamanda mövcud sosial imkanlardan da zövq almağı bacarırlar.

- Sizcə, Azərbaycan diasporu Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi, mədəni, təhsil və humanitar əlaqələrin möhkəmlənməsinə hansı töhfəni verir?

- Bu, son dərəcə vacibdir. Biz bunu iki ölkə arasında "canlı körpü" adlandırırıq. Bir tərəfdə Azərbaycanda yaşayan insanlar var, digər tərəfdə isə Azərbaycandan Böyük Britaniyaya gələn və burada dostluq münasibətlərini inkişaf etdirən insanlar. Mən bu bir neçə gün ərzində Azərbaycanda yaşayan britaniyalılarla da görüşmüşəm. Onlar Azərbaycanı öz evlərinə çeviriblər. Onlar burada çox səmimi qarşılanıblar, qalıblar və biznes fəaliyyətlərini davam etdirirlər. Bu, çox müsbət haldır. Çünki belə münasibətlər qurulduqdan sonra tam əməkdaşlıq formalaşır və bu əməkdaşlıq davamlı olur. Uzunmüddətli dostluq və əməkdaşlıq münasibətləri olduqca vacibdir. Bundan başqa, Azərbaycan çox təhlükəsiz ölkədir. Burada cinayət səviyyəsi çox aşağıdır. Bildiyimiz kimi, bəzi digər ölkələrdə vəziyyət belə deyil. Düşünürəm ki, biz Azərbaycanın, xüsusilə də Bakının təcrübəsindən çox şey öyrənə bilərik. Mən ilk dəfə Bakıya gələndə şəhər indiki qədər inkişaf etməmişdi. Bu gün isə yeni yaşayış komplekslərinin, istirahət məkanlarının, Avropa Oyunları üçün inşa olunmuş müxtəlif stadionların inkişafı göstərir ki, şəhəri inkişaf etdirmək, eyni zamanda onun memarlığını və mədəni irsini qorumaq mümkündür. Mən iki-üç ildən sonra yenidən buraya gəlmişəm və yenə də yeni tikintilərin davam etdiyini görürəm. Lakin bu inkişaf şəhərin ümumi görünüşünə uyğun şəkildə həyata keçirilir. Böyük Britaniyada bəzən elə binalar tikilir ki, onlara baxıb deyirsən: "Bu memarlıqda heç bir estetik cəhət yoxdur." Bu baxımdan Azərbaycandan öyrənəcəyimiz çox şey var. Mən bunu çox vacib hesab edirəm. Hətta şüşədən tikilmiş binalar belə bir-birindən fərqlənir. Onların hər biri özünəməxsus görünüşə malikdir və həm vizual baxımdan cəlbedicidir, həm də orada yaşayan və ya işləyən insanlar üçün funksionaldır.

- Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri və ya Azərbaycan təşkilatları ilə görüşmək imkanınız olubmu? Əgər olubsa, onlar sizinlə görüşlərdə daha çox hansı məsələləri qaldırırlar?

- Ən çox qaldırılan məsələ həmişə viza məsələsi və Böyük Britaniyaya gəlmək imkanları olur. Əslində bu, bizim görüşdüyümüz demək olar ki, bütün ölkələrin nümayəndələrinin qaldırdığı əsas mövzudur. Azərbaycanlılarla bağlı diqqətimi çəkən digər mühüm məqam onların özlərini təmin edən insanlar olmalarıdır. Azərbaycandan Böyük Britaniyaya gələn insanlar sosial müavinətlərdən asılı olmurlar. Onlar ya işləmək, ya da təhsil almaq üçün gəlirlər və öz bilik və bacarıqları hesabına yaşayırlar. Bu, olduqca müsbət haldır. Təəssüf ki, bəzi digər ölkələrdən gələn insanlar sosial yardımlara güvənirlər. Lakin Azərbaycan icması ilə bağlı belə bir vəziyyət yoxdur. Bundan başqa, biz hər zaman Azərbaycan mədəniyyətini, musiqisini və müxtəlif mədəni tədbirlərini qeyd edirik. Azərbaycan mədəniyyətinin və milli kimliyinin qorunub saxlanılması insanlara xaricdə olsalar belə özlərini evlərindəki kimi hiss etməyə kömək edir. Eyni zamanda bu, Böyük Britaniyanın mədəni həyatını da zənginləşdirir. Məncə, bu, Böyük Britaniyanın ən böyük üstünlüklərindən biridir. Xüsusilə Londonda dünyanın müxtəlif xalqlarının mədəniyyətini ölkədən çıxmadan tanımaq mümkündür. Daha sonra həmin ölkəyə səfər etdikdə isə artıq həmin mədəniyyət sizə tamamilə yad olmur. Mən bunu çox müsbət hal hesab edirəm.

- Cənab Blekman, Baş nazir Kir Starmerin istefası bəzi müşahidəçilər tərəfindən Böyük Britaniyada yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Siz bu prosesi necə dəyərləndirirsiniz? Yeni hökumətin Azərbaycan və ya ümumilikdə Cənubi Qafqaza münasibətdə siyasətində hər hansı dəyişiklik edəcəyini gözləyirsinizmi?

- Əsas problemlərdən biri ondan ibarətdir ki, Kir Starmer indiyədək ölkəmizin ən populyarlığını itirmiş baş naziri olub. Buna görə də o, məhz öz partiyası tərəfindən istefa verməyə məcbur edildi. Çünki onun populyarlığı son dərəcə aşağı idi. Hətta demək olar ki, insanlar ona nifrət edirdilər. Bundan əlavə, Leyboristlər Partiyası və hökumət yerli seçkilərdə tarixlərində görünməmiş dərəcədə ağır məğlubiyyətlər yaşadı. Nəticədə Leyboristlər Partiyası parlamentdən kənardan gələn, Böyük Mançesterin meri olmuş bir şəxsi rəhbər seçmək qərarına gəldi. Böyük Mançester, əlbəttə ki, böyük şəhər aqlomerasiyasıdır. Lakin onun xarici siyasət, diplomatiya, müdafiə, beynəlxalq əməkdaşlıq, NATO, Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və Azərbaycanla münasibətlər sahəsində heç bir təcrübəsi yoxdur. O, bu sahələrdə sınaqdan çıxmayıb, təcrübəsi yoxdur və mövqeyi də məlum deyil. Çünki indiyədək xarici siyasətlə bağlı demək olar ki, heç bir açıqlama verməyib. Ona görə də gözləyib görmək lazımdır. Böyük Britaniya ilə Azərbaycanın münasibətləri kifayət qədər güclü olduğundan ən pis ssenari münasibətlərin olduğu kimi davam etməsi ola bilər. Yəni mövcud imkanlardan və üstünlüklərdən tam istifadə edilməyə bilər. Mən hesab edirəm ki, yeni baş nazir Endi Börnhəm diqqətini daha çox daxili siyasətə yönəldəcək, nəinki beynəlxalq məsələlərə. Əslində Kir Starmerə yönələn əsas tənqidlərdən biri də məhz bu idi ki, o, daxili problemlər əvəzinə beynəlxalq məsələlərə daha çox diqqət ayırırdı. Ona görə də gözləyib görəcəyik. Yəqin ki, bu günün sonuna qədər onun Leyboristlər Partiyasının lideri seçildiyi elan olunacaq. Mövcud sistemə görə ona rəqib ola biləcək başqa namizəd yoxdur. Bundan sonra onun hansı siyasəti həyata keçirəcəyini görəcəyik. Hazırda isə həm xarici siyasət, həm də daxili siyasətlə bağlı hansı kursu seçəcəyini dəqiq söyləmək mümkün deyil.

- Keçək başqa bir mövzuya. Qarabağın bərpası və yenidən qurulması prosesi Azərbaycan hökuməti tərəfindən həyata keçirilir. Siz bu prosesi necə qiymətləndirirsiniz?

- Ən mühüm məqam ondan ibarətdir ki, ərazilər azad edildikdən sonra mən ilk səfərlərimdən birini Qarabağa etdim. Orada dağıntıların miqyasını öz gözlərimizlə gördük və bunun yenidənqurma üçün hansı imkanlar yaratdığını müşahidə etdik. Eyni zamanda Qarabağ yaxınlığında beynəlxalq hava limanının necə qısa müddətdə inşa edildiyini də gördük. Hətta həmin hava limanından Bakıya uçan ilk sərnişinlərdən biri də biz olduq. Deməli, imkanlar mövcuddur. Digər səfərlərimizdən biri zamanı mina təmizləmə işləri ilə tanış olduq. Biz minaları və onları sözün həqiqi mənasında əllə zərərsizləşdirən cəsur insanları gördük. Bu işlər davam edir. Torpaqlar minalardan təmizləndikcə insanlar həmin ərazilərdən kənd təsərrüfatı məqsədilə istifadə edə biləcəklər. Əsl məqsəd də məhz bu idi. Lakin ərazidə minalar olduğu müddətdə həmin torpaqlardan istifadə etmək çox çətindir. Bu, böyük imkan yaradır. Digər mühüm məsələ isə ondan ibarətdir ki, Ermənistanın qanunsuz işğalı nəticəsində bir milyon yarım insan öz doğma yurdunu tərk etməyə məcbur olmuşdu. Mən hesab edirəm ki, Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biri insanları geri qayıtmağa təşviq etməkdir. Beləliklə, onlar yalnız torpaqlarını geri qaytarmayacaq, həm də həmin torpaqlardan əvvəlki təyinatı üzrə istifadə edəcək və yeni sənaye sahələrinin inkişafına töhfə verəcəklər. Bu, həqiqətən də çox böyük işdir.

- Bildiyiniz kimi, bəzi ölkələr Qarabağın bərpası prosesinə dəstək göstərirlər. Bilmək istərdim, Böyük Britaniyanın da bu istiqamətdə hər hansı töhfə vermək niyyəti varmı?

- Mən hesab edirəm ki, Böyük Britaniya öz imkanları baxımından Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir. Bizim mina təmizlənməsi üzrə yüksək ixtisaslı mütəxəssislərimiz var və onlar bu sahədə fəaliyyət göstəriblər. Eyni zamanda yenidənqurma sahəsində də böyük təcrübəyə malik mütəxəssislərimiz mövcuddur. Bildiyiniz kimi, britaniyalı memarlar artıq bəzi yenidənqurma layihələrində iştirak edirlər. Əlbəttə, tikinti işlərini həyata keçirəcək kifayət qədər yerli işçi qüvvəsi var. Əsas ehtiyac memarlıq, layihələndirmə və mühəndislik sahəsində peşəkar bilik və təcrübəyədir. Məhz bu istiqamətdə biz daha böyük töhfə verə bilərik. Eyni zamanda Ermənistan və Azərbaycan arasında dostluq münasibətlərinin təşviq olunması barədə güclü mesajlar verməliyik. Beləliklə, iki ölkə arasında sabit münasibətlər formalaşa və uzun illər davam edən qarşıdurma aradan qalxa bilər. Bu, son dərəcə vacibdir. Təəssüf ki, Böyük Britaniyada da, dünyanın digər ölkələrində olduğu kimi, güclü erməni lobbisi fəaliyyət göstərir. Problemlərdən biri də odur ki, erməni lobbisi çox vaxt münasibətləri gərginləşdirməyə çalışır. Onlar bəzən hətta Ermənistanın mövcud hökumətindən də daha sərt mövqe nümayiş etdirirlər. Onlar hesab edirlər ki, düşmənçiliyin və maneələrin qorunub saxlanılması Ermənistanın maraqlarına xidmət edir. Mən isə tam əksini düşünürəm. Əgər biz bu maneələri aradan qaldıra və iki ölkə arasında dostluq münasibətlərini inkişaf etdirə bilsək, bu, həm Ermənistan, həm də Azərbaycan üçün iqtisadi baxımdan faydalı olacaq. Bundan başqa, bu, qarşıdurmanın tamamilə sona çatmasına və Rusiyanın regiondakı təsirinin azalmasına da kömək edə bilər. Beləliklə, hər iki ölkə daha rahat inkişaf edə bilər. Mənim fikrimcə, Böyük Britaniya məhz bunu təşviq etməlidir. Təəssüf ki, hazırda bunun kifayət qədər edildiyinə əmin deyiləm. Lakin hesab edirəm ki, gələcək məhz bu istiqamətdədir.

- Sonda, Böyük Britaniyada yaşayan azərbaycanlılara, eləcə də gələcəkdə Böyük Britaniyada təhsil almaq, işləmək və ya karyera qurmaq istəyən Azərbaycan gənclərinə hansı mesajı vermək istərdiniz?

- İlk növbədə demək istərdim ki, Azərbaycandan Böyük Britaniyada təhsil almaq istəyən tələbələrin sayı ilə bağlı heç bir məhdudiyyət yoxdur. İstənilən sayda tələbə Böyük Britaniyada təhsil ala bilər. Mən onlara tövsiyə edərdim ki, gələcəkdə Azərbaycana qayıtdıqda bizneslərini və karyeralarını inkişaf etdirməyə kömək edəcək ixtisasları seçsinlər. Böyük Britaniyada yaşayan Azərbaycan diasporuna isə demək istəyirəm ki, siz burada hər zaman xoş qarşılanırsınız. Özünüzü Böyük Britaniyanın ayrılmaz bir hissəsi hesab edin. Siz bizim dostlarımızsınız. Siz ölkəmiz üçün dəyərli işlər görür və iqtisadiyyatımıza mühüm töhfə verirsiniz. Xahiş edirəm, Böyük Britaniyada olmağın imkanlarından istifadə etməyə və ölkələrimiz arasındakı dostluq münasibətlərini daha da inkişaf etdirməyə davam edin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!