Modern.az

Atamın ruhu mənə kömək olur - Milli Qəhrəmanın oğlu ilə Müsahibə

Atamın ruhu mənə kömək olur - Milli Qəhrəmanın oğlu ilə Müsahibə

Müsahibə

Bu gün, 17:30

Azərbaycanın Milli Qəhrəmanı, “Aprel” döyüşlərinin şəhidi - polkovnik-leytenant Murad Mirzəyevin oğlu Nurlan Mirzəzadə dünyanın 3 nüfuzlu universitetinə qəbul olub.

Belə ki, Nurlan Corvinus University of Budapest, Eötvös Loránd University (ELTE) və Royal Holloway, University of London universitetlərindən qəbul alaraq böyük uğura imza atıb. 

AzEdu.az Təhsil Portalı bu münasibətlə Nurlan Mirzəyevlə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

Müsahibəni təqdim edirik:

- Dünyanın üç nüfuzlu universitetindən qəbul almağınız münasibətilə sizi təbrik edirik. Bu xəbəri ilk eşidəndə hansı hissləri keçirdiniz?

186106

- Çox təşəkkür edirəm. Bu xəbərləri ard-arda alanda ilk hiss etdiyim şey böyük rahatlıq və xoşbəxtlik oldu. Axır ki, çəkdiyim zəhmətin bəhrəsini görmək məni çox qürurlandırdı. Amma mənim üçün ən önəmlisi mənə inanan, məndən uğur gözləyən ailəmin ümidini doğrultmaq idi. 

- Corvinus University of Budapest, Eötvös Loránd University və Royal Holloway, University of London universitetlərinə qəbul olmaq üçün necə hazırlaşdınız?

- Bu universitetlərə qəbul olmaq üçün tək yaxşı qiymətlər bəs etmir, sistemli hazırlaşmaq lazımdır. Mən ilk növbədə dil biliyimi sübut etmək üçün IELTS imtahanından 7.5 bal topladım və məktəb qiymətlərimi yüksək saxladım. Beynəlxalq siyasət və dünyadakı münaqişələr haqqında çoxlu araşdırmalar etdim ki, qəbul komissiyası mənim bu sahəyə nə qədər ciddi yanaşdığımı görsün.

- Hansı universitet və ixtisas üzrə təhsil almağı planlaşdırırsınız?

- Bəli, hər üç universitet çox güclüdür, amma mən seçimim və əsas məqsədim olan Macarıstanın Corvinus Universitetində  təhsil almağı planlaşdırıram. Təhsil alacağım sahə isə Beynəlxalq Münasibətlər (International Relations) ixtisası olacaq. Bu sahə dünyadakı diplomatiyanı və dövlətlərin siyasətini öyrənmək üçün mənə böyük imkanlar yaradacaq. Gələcəkdə ölkəmi dünyada yaxşı təmsil etmək üçün bu ixtisas mənim üçün ən yaxşı başlanğıcdır.

- Təhsil yolunda sizə ən böyük dəstəyi kim göstərib?

- Bu yolda ən böyük dəstəkçim və güc mənbəyim ailəm olub. Xüsusilə, hər zaman yanımda hiss etdiyim atamın ruhu və mənə hər zaman dəstək olan ailəmin sevgisi məni həmişə güc verib. Onlar mənə təkcə dərs oxumağı deyil, həm də xarakterli və dürüst bir insan olmağı öyrədiblər. 

-  Milli Qəhrəman,  Aprel döyüşlərinin şəhidi atanız Murad Mirzəyev sizin həyatınıza və xarakterinizə hansı dəyərləri miras qoyub?

186110

- Atam Murad Mirzəyev mənə ən böyük miras olaraq sarsılmaz bir xarakter və vətən sevgisi qoyub. Onun kecdiyi həyat yolu mənə öyrədib ki, cəsarət qorxmamaq deyil, məsuliyyəti hər şeydən üstün tutmaqdır. O, mənə ədalətli, dürüst olmağı və hər şəraitdə ləyaqəti qorumağı aşılayıb. Atamın mənə qoyduğu ən vacib prinsip budur: "Nə işlə məşğul olursan ol, onun ən yaxşısı və ən peşəkarı olmalısan". 

- Atanızın adı ilə bağlı bu uğuru əldə etmək sizdə hansı məsuliyyət hissini yaradır?

186105

- Milli Qəhrəmanın oğlu olmaq mənə hər zaman hamıdan ikiqat daha diqqətli və məsuliyyətli olmağı xatırladır. Bu adın çəkisi cox ağır və məsuliyətlidir. Qazandığım hər uğurda atamın adına layiq olmaq ona qarşı ən böyük borcumdur. İnanıram ki, atam Murad Mirzəyevin adını daim yüksəklərdə tutacağam.

- Sizcə, atanız bu gün yanınızda olsaydı, uğurunuz barədə sizə nə deyərdi?

186109

- Məncə, atam çox sevinər və qurur duyardı.Hər zaman belə devam etməyimi məsləhət bilərdi. Çünki o, heç vaxt azı ilə kifayətlənən insan deyildi, həmişə ən mükəmməlinə can atırdı. 

Şəhid övladı olmaq mənə çətinliklər qarşısında heç vaxt sınmamaq və hər vəziyyətdən daha güclü çıxmaq iradəsi qazandırıb. Mən daxili ağrımı böyük bir hədəfə çevirməyi öyrəndim. Anladım ki, mənim arxamda tarix yazan bir qəhrəmanın adı dayanır. 

- Gələcəkdə təhsilinizi başa vurduqdan sonra Azərbaycana qayıdaraq fəaliyyət göstərməyi düşünürsünüzmü?

- Bəli, bu barədə qərarım tamamilə qətidir. Mən mütləq təhsilimi bitirib vətənimə qayıdacağam. Xaricdə oxumaq mənim üçün sadəcə şəxsi karyera qurmaq deyil, ordakı bilikləri, beynəlxalq təcrübəni öyrənib Azərbaycana gətirməkdir. 

10 il sonra özümü Azərbaycanın xarici siyasətində sözünü deyən, ölkəmizi beynəlxalq təşkilatlarda və səfirliklərdə yüksək səviyyədə təmsil edən gənc və uğurlu bir diplomat kimi görmək arzusundayam.

- Xaricdə təhsil almağı arzulayan azərbaycanlı gənclərə hansı tövsiyələri verərdiniz?

-Mənimlə həmyaşıd olan gənclərə tövsiyəm odur ki, qarşılarına məqsəd qoyub ona doğru addımlasınlar. Hansı ölkədə təhsil almaqlarına baxmayaraq öz ölkələrini hər zaman layiqincə təmsil etsinlər

- Sizə "Murad Mirzəyevin oğlu" deyəndə hansı hissləri keçirirsiniz? Bu ad sizə daha çox güc verir, yoxsa məsuliyyət?

186107

- Mənə "Murad Mirzəyevin oğlu" deyiləndə içimdə inanılmaz  qürur hissi oyanır. Bu ad mənə həm böyük güc verir, həm də çiyinlərimə çox ağır  məsuliyyət qoyur. Mən bu iki şeyi bir-birindən ayırmıram. Çünki o məsuliyyət hissi mənə daha çox oxumaq və çalışmaq üçün güc verir. Atamın adından aldığım o güc isə mənə bu məsuliyyəti qürurla, başı dik daşımağa kömək edir. 

- Uğur qazanmaq üçün ən çox nədən imtina etmisiniz?

- Düzünü desəm, ən çox elə vaxtımdan və dostlarımla keçirəcəyim əyləncələrdən imtina eləməli olmuşam. məqsədimə çatmaq üçün zamanımı dərslərə ayırmışam, çox çalışmışam. 

- Bu gün sizi izləyən minlərlə gəncə cəmi bir cümlə ilə mesaj verməli olsaydınız, nə deyərdiniz?

186108

- Heç vaxt  "məndə alınmaz" deməyin, özünüzü inkişaf ettirməkdən qorxmayın və sizə inanan insanların əməyini yerdə qoymayın.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada