Modern.az

Amerikanın azərbaycanlı gəlini: “Məni Şuşada ağlamaq tutmuşdu” - MÜSAHİBƏ

Amerikanın azərbaycanlı gəlini: “Məni Şuşada ağlamaq tutmuşdu” - MÜSAHİBƏ

Müsahibə

Bu gün, 09:51

Cəmilə Cavadova-Şpitsberq: "Mən hər zaman Vətənimə sadiqəm"

Tanınmış azərbaycanlı orqan ifaçısı Cəmilə Cavadova-Şpitsberq maraqlı insandır. Onunla nə qədər söhbət etsən, yorulmursan. Təfəkkürü, dünyagörüşü, kübarlığı insanı valeh edir.

Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və sədri, professor, həmyerlimiz Cəmilə Cavadova-Şpitsberqlə 2024-cü ildə Bakıda keçirilən "Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu"nda tanış olmuşuq.

Forumda dünyanın 20-dən çox ölkəsindən alimlər iştirak edirdi. Tədbirin ikinci günü azərbaycanlı alimlər qruplara bölünərək masa arxasında müəyyən mövzular üzrə müzakirələr aparırdılar. Elə oldu ki, onların masasında əyləşdim. Həmin vaxt AZƏRTAC-da çalışırdım.

Əlaqəmiz davam etdi, yazışırdıq Cəmilə xanımla. Dedi ki, yanvar tətilində Bakıya gələcək və müsahibə üçün vaxt ayıracaq. Dediyi kimi də etdi və bu il görüşdük.

Modern.az Cəmilə Cavadova-Şpitsberqlə müsahibəni təqdim edir:

"Azərbaycan musiqisini təbliğ etmək mənim missiyamdır"


- Cəmilə xanım, öncə sizi Azərbaycanda, doğma Bakıda xoş gördük. Demək ki, Vətən çəkir. Bakı üçün çoxmu darıxırsınız?


- Azərbaycanı, doğma Bakını çox sevirəm. Xaricdə olanda bir dəqiqə belə yadımdan çıxmır, ürəyim hər zaman Vətənlə döyünür. Mən axı Bakıda doğulub boya-başa çatmışam. Mən hər zaman Vətənimə, xalqıma, şəhərimə sadiqəm və sadiq də qalacağam.

- Siz kifayət qədər tanınırsınız. Amma oxucularımızın sizi yaxından tanıması üçün özünüz haqqında qısa məlumat verməyinizi xahiş edərdik.

- Bakıda doğulmuşam və ilk təhsilimi də məhz burada almışam. Ailədə dörd bacı olmuşuq. Böyük bacım və mən musiqiçiyik. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini və Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirmişəm. Konservatoriyada iki ixtisas — orqan ifaçılığı və musiqi nəzəriyyəsi üzrə təhsil almışam.

Hazırda ABŞ-ın Texas ştatında yaşayıram. Texasın Arlinqton Universitetinin (The University of Texas at Arlington) professoruyam, eyni zamanda Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoruyam, Azərbaycan musiqisini beynəlxalq aləmdə tanıtmaq üçün müxtəlif layihələr həyata keçirirəm. Klassik Azərbaycan musiqisini təbliğ etmək mənim missiyamdır.

Azərbaycanda musiqi ifaçılığı sənəti üzrə doktor adını qazanmış ilk orqan ifaçısıyam. Orqan musiqisi üçün əhəmiyyətli sayılan alətlərdə də dəfələrlə ifa etmişəm. Onlardan tarixi incilər sayılan Arp Şnitgerin, Kristian Müllerin, Kavaye-Kolun (Cavaillé-Coll) və digər orqan ustalarının yaratdıqları alətləri qeyd edə bilərəm.

- Orqan alətinə marağınız necə yarandı?

— Məndə orqan musiqisinə məhəbbət 11 yaşımda yaranıb. Televizorda İohann Sebastyan Baxın "Re minorda Tokkata və Fuqa" əsərinin orqanda ifasını eşidəndə anamdan xahiş etdim ki, məni həmin sinfə yazdırsın.

Anam da mənə başa saldı ki, Bülbül adına musiqi məktəbində orqan dərsi keçilmədiyindən bu, hazırda mümkün deyil. Elə bu arzuyla yaşadım. Konservatoriyaya daxil olandan sonra orqan sinfinə yazıldım. Həm orqan, həm də musiqi nəzəriyyəsi üzrə müəllimim sənətşünaslıq doktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış pedaqoq professor Tahirə xanım Yaqubova oldu.


- Necə oldu ki, Vətəndən ayrıldınız?

- Orqan musiqisinə marağım məni əvvəlcə Avropaya, sonra isə okeanın o tayına apardı. Bu yolda çox çətinliklər çəkdim. Yaxşı vaxtlar deyildi, 1990-cı illər yenidənqurma dövrü idi. Həmin illərdə Danimarkada müsabiqədə iştirak etdim.

1994-cü ildə isə İsveçdə oldum, Göteborq Universitetində kurs keçdim. Hər iki ölkədə dünyaca tanınmış hollandiyalı orqan professoru Jacques van Oortmerssenlə görüşdüm və onun ustad kurslarında iştirak etdim.

Professor məni Hollandiyaya dəvət etsə də, maddi imkanım olmadığı üçün gedə bilmədim. Sonra iki il Bəhreyndə piano və musiqi nəzəriyyəsi dərsləri verdim. Vəsait topladıqdan sonra Hollandiyaya getdim və dörd il Amsterdam şəhərində yaşadım. Sviyelinq adına Amsterdam Konservatoriyasının (Sweelinck Conservatorium) tələbəsi oldum və Jacques van Oortmerssenin sinfində təhsilimi davam etdirdim. İşlədim, öyrəndim.

"Atam Azərbaycanın ilk kontr-admiralıdır, anam qarabağlıdır"

- Siz Konservatoriyanı bitirdikdən sonra dörd il Ağdam musiqi məktəbində işləmisiniz...

- Bəli. 1986–1991-ci illərdə Ağdam musiqi məktəbində müəllimə işləmişəm. Öz xahişimlə getmişdim. Mənim bir tərəfim Qarabağdandır. Anam şuşalıdır və bununla fəxr edirəm. Şuşa mənim nənəmin, babamın yurdudur. Atam Cəlil Cavadov bakılıdır. Azərbaycan və postsovet məkanında ilk türk-müsəlman kontr-admiral olub.

Anam tar çalırdı, atam isə akkordeon çalırdı — bəlkə də məndə musiqiyə həvəs buradan yaranıb. Böyük bacım pianoda gözəl ifa edirdi. Sonra məlum hadisələrlə bağlı Ağdamdan Bakıya qayıtdım və burada Azərbaycan Musiqi Xadimləri İttifaqında çalışdım.

- Amerikaya gedişiniz necə oldu?

- Amerikaya gedişimlə bağlı mənə dayaq duran və məni ilhamlandıran xanım Betty Everett olmuşdur. Onunla Den Haaqda tanış olmuşdum. Nəhayət, 2001-ci ildə Texas ştatına köçdüm və musiqi ifaçılığı sənəti üzrə doktorluq müdafiə etdim. Təsəvvür edin ki, Bakıda olanda mənə ingilis dili dərsi keçən müəllim də texaslı idi.

- Bakıdan 1995-ci ildə ayrılmısınız. Sonra Vətənə nə vaxt gəldiniz və sizi bura gətirən səbəb nə idi?

- Bəli. 1995–1997-ci illərdə Bəhreyndə çalışdım. Sonra Hollandiyaya, 2001-ci ildə isə Amerikaya köçdüm. Arada ailəmi görmək üçün gəlib-gedirdim. Qonaq kimi konsert verməyə də gəlmişəm — Vətəndə təxminən 4–5 konsert vermişəm.

2014-cü ildə anamın xatirəsinə həsr olunmuş konsert vermişəm. Ən son konsertimi isə 2025-ci ildə Bakıda vermişəm — məşhur fransız bəstəkar Francis Poulencin orqan konsertini (Organ Concerto, FP 93) Azərbaycan Dövlət Simfonik Orkestri ilə, maestro Fuad İbrahimovun rəhbərliyi altında ifa etdim.


"Muğam da, orqan da improvizasiya sənətidir"

-Orqan kimi Qərb musiqisinə məxsus bir alətdə Azərbaycan musiqisini ifa etməyin əsas çətinlikləri və üstünlükləri nələrdir?

- Orqan sənəti improvizasiya sənətidir. Bizim muğamımız da improvizasiya janrıdır. Muğamın orqana işlənməsi çox gözəl alınır. Orqan üçün improvizasiya əsaslı ilk əsərimizi bəstəkar Zakir Bağırov yaradıb.  

Mənim ifamda Azərbaycan bəstəkarlarının orqan əsərlərinin audio yazıları Pipedreams-də — Amerika İctimai Media (American Public Media) tərəfindən yayımlanan, uzun tarixə malik milli ictimai radio proqramında — səslənib, video yazıları isə YouTube kanalımda yayımlanıb. Azərbaycan musiqisinin ecazkarlığını orqan musiqisi vasitəsilə musiqisevərlərə çatdırmağa çalışıram.

- İfaçı kimi sizi formalaşdıran müəllimlər və ya sənətkarlar kimlər olub?

- Uğurlarım üçün müəllimlərimə borcluyam, xüsusilə də Tahirə Yaqubovaya. Tahirə xanım Qara Qarayevin əsərlərini orqan üçün işləyib. Həmin işləmələri mən 2016-cı ildə Rotterdamdakı Sankt-Lorens (Laurenskerk) kilsəsində diskə yazmışam.

"Biz iki ölkə arasında musiqi körpüsü qururuq"

- Azərbaycan-Amerika Musiqi Fondunu yaratmaq ideyası necə yarandı və əsas məqsədləriniz nələrdir?

- Fondun əhəmiyyəti çox böyükdür. Bizim missiyamız həm Azərbaycan klassik musiqisinin Amerikada tərənnümü, həm də Amerika klassik musiqisinin Azərbaycanda tərənnümü və təbliğidir. Biz iki ölkə arasında bu sahədə körpü qururuq.

2024–2025-ci illərdə mühüm layihələr həyata keçirmişik. Onlardan biri də Fərhad Xudiyevin dirijorluğu ilə Amerika bəstəkarlarının əsərlərinin ifa olunmasıdır. Bu işlə ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Mark Libbi də çox maraqlanmışdı, hətta bu məsələ ilə bağlı Fərhad Xudiyevlə görüşmüşdü. Səfir bu barədə öz sosial hesablarında paylaşım da etmişdi.

Fərhad müəllim Azərbaycan bəstəkarlarının əsərlərini Amerikada təbliğ edir. O, Texas Universitetinin (Austin) Simfonik Orkestrinin bədii rəhbəri və Butler adına Musiqi Məktəbinin dosentidir. Aşqabadda, Türkmənistanda doğulsa da, mənşəcə azərbaycanlıdır və öz milli köklərinə çox bağlıdır.


- Fondun həyata keçirdiyi layihələrdən danışmağınızı istərdik.

- Ən böyük layihələrimizdən biri mərhum musiqi tədqiqatçısı, alim Aida Hüseynovanın xatirəsinə həsr olunmuş onlayn konfrans-müsabiqədir. O, İndiana Universitetində müəllim işləyib. Tədbir 2025-ci ildə yüksək səviyyədə keçdi.

Müsabiqəyə göndərilən 27 abstraktdan 12-si finala keçdi, nəticədə yeddi nəfər qalib elan olundu. Gələcəkdə bu tədbiri davam etdirmək, həmçinin konfransın materiallarını çap etmək fikrindəyik.

"Dövlət komitəsinə dəstəyi üçün təşəkkür edirəm"

- Cəmilə xanım, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi sizə bu işdə hansı dəstəyi verir?

- Diasporla İş üzrə Dövlət Komitəsinə Azərbaycan-Amerika Musiqi Fonduna verdikləri dəstəyə görə təşəkkür edirəm. Komitənin sədri Fuad Muradova və şöbə müdiri Səlhət Abbasovaya xüsusi minnətdarlığımı bildirirəm.

Azərbaycan mədəniyyətinin, musiqisinin dünyada təbliğində Dövlət Komitəsinin rolu böyükdür.

"Hədəfimə çatanda özümü xoşbəxt hiss edirəm"

- İnsan nə vaxt özünü xoşbəxt hiss edir?

- Şəxsən mən yaradıcılıq uğurlarım olanda özümü xoşbəxt hesab edirəm. Qarşıya qoyduğum məqsədə, hədəfə çatanda xoşbəxt oluram.

- Nədən razı, nədən narazısınız?

- Yaradıcı inadkarlığım var və bundan razıyam. Bir də hər zaman özüm qarşısında böyük tələblər qoyuram. Hərdən öz-özümə sual verirəm: "Görəsən musiqiçi deyil, həkim ola bilərdimmi? İxtisasımı düzmü seçmişəm?" Hərdən də soruşuram ki, Amerikada yaşamağım labüd idimi? İnsan yaşlandıqca özünə daha çox hesabat verməyə başlayır və istər-istəməz dönüb geriyə baxır...


- Həyat yoldaşınız amerikalıdır. Necə tanış olmusunuz?

- Mən azərbaycanlı olduğum qədər həm də amerikalıyam. Həyat yoldaşım atom fizikası üzrə mütəxəssisdir. Biz bir kafedə tanış olmuşuq. Söhbət etdik, onun simfonik musiqiyə böyük rəğbəti olduğunu öyrəndim. Demək olar ki, bizi birləşdirən də elə simfonik musiqi oldu.

"Həyatda heç nə təsadüfi deyil"

- Azərbaycan dilində sərbəst danışırsınız. Dili unutmamısınız...

- 25 ildir ki, Amerikada yaşayıram. Amma dilimi heç vaxt unutmaram, çünki mən azərbaycanlıyam.

- Bəzən bir iş alınmayanda, ya da gec alınanda deyirlər ki, hər şeyin zamanı vardır. Bu fikrə münasibətiniz?

- Həyatda hər şeyin zamanı vardır və heç nə təsadüfi deyil.

- Həssas insansınız?

- Çox həssas insanam. Azərbaycandan Amerikaya iki şikəst pişik və it aparmışam. Onları nə çətinliklə sərhəddən keçirdiyimi bir Allah bilir.


"Məni Şuşada ağlamaq tutmuşdu"

- Şuşa ilə bağlı xatirələriniz varmı?

- 2023-cü ildə Şuşada Azərbaycan Diasporu Nümayəndələrinin V qurultayı keçirilirdi və mən də dəvət olunmuşdum. Burada mənim üçün simvolik məna daşıyan bir hadisə baş verdi. Ermənilərin xarabazara çevirdiyi Şuşada, Natəvan məktəbinin qarşısında səhnə qurulmuşdu.

Mən tədbir çərçivəsində cənab Prezidentin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olundum. Xoşbəxtəm ki, bu medal mənə məhz ana yurdum Şuşada verildi. Məni ağlamaq tutmuşdu, qəhərlənmişdim.

Səadət Hakıyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xətai davası dayanmır, Elçibəyə ittihamlar - Ölkədə nə baş verir?