Azərbaycan-Ukrayna münasibətlərində son dövrlər yüksək səviyyəli təmasların intensivləşməsi diqqət çəkir. Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri, xarici işlər naziri Ceyhun Bayramovun Kiyevdə keçirdiyi görüşlər və ardınca Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun Bakıya səfəri iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın gündəmdə olduğunu göstərir. Yuşşenkonun Prezident İlham Əliyevlə görüşündə də Azərbaycan-Ukrayna əlaqələrinin gələcək perspektivləri və ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Bəs son dövrdə intensivləşən bu təmasların arxasında hansı mesajlar dayanır? Azərbaycan–Ukrayna münasibətlərində yeni mərhələ başlayırmı? Yuşşenkonun səfəri iki ölkə arasında gələcək əməkdaşlıq və mümkün ortaq layihələr baxımından hansı əhəmiyyətə malikdir?
Modern.az bu və digər məsələlərlə bağlı Milli Məclisin Azərbaycan-Ukrayna Parlamentlərarası İşçi Qrupunun sədri Əlibala Məhərrəmzadə ilə danışıb.
Əlibala Məhərrəmzadə ilə müsahibəni təqdim edirik:
– Son dövrdə Azərbaycan–Ukrayna münasibətlərində yüksək səviyyəli təmasların intensivləşdiyini görürük. Prezident Volodimir Zelenskinin Qəbələyə səfəri, ardınca xarici işlər naziri Ceyhun Bayramovun Kiyevə səfəri və indi də Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun Bakıya gəlməsi sizcə hansı siyasi mesajı verir? Bu ardıcıllığı təsadüfi hesab etmək olarmı?
– Birinci növbədə, bu onu göstərir ki, Ukrayna xalqına olunan humanitar yardımlar, humanitar aksiyalar, enerji təhlükəsizliyinin bərqərar olunması, yəni qış vaxtı Ukraynanın çox çətin bir vaxtında dəqiqliyi ilə elə yardımlar etmişik ki, onun hesabına kütləvi şəkildə insanlar sağ qalıblar. Ukrayna xalqına generatorlar, dərmanlar, preparatlar yollamışıq. Yəni elə yardımlar Azərbaycan tərəfindən edilib ki, bunlar olmasaydı, on minlərlə, bəlkə də yüz minlərlə insan həyatını itirəcəkdi. Hətta biz Ukraynada olanda bizə belə bir etiraf elədilər ki, sizdən gələn generator olmasaydı, biz bütün Ukraynada pensiya və maaş ödənişlərini edə bilməyəcəkdik. Çünki o zaman, deməli, bunların enerji infrastrukturuna elə zərbələr dəymişdi ki, bütün elektrik infrastrukturu çökmüşdü. Azərbaycanın, cənab Prezidentin göndərdiyi generatorlar sayəsində sistem davam etdi və insanlar əmək haqlarını, pensiyalarını alıb, həyatlarına davam edə bildilər. Çoxsaylı bombardmanlardan sonra ilk medikamentlər bizim tərəfdən ora çatdırılmışdı. Yəni sırf humanitar sahədə Azərbaycan hərtərəfli olaraq Ukraynanın yanındadır. Eyni zamanda qeyd etmək istəyirəm ki, Ukraynada hər iki il valideynini itirmiş uşaqlara dəstək göstərilib. Onların ölkəyə gətirilib psixoloji və postmüharibə reabilitasiyasının keçməsi də silsilə tədbirlərin davamıdır. Buna görə də sırf Ukrayna xalqı birmənalı olaraq Azərbaycana hər zaman minnətdardır. Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun gəlişi də bunun göstəricilərindən biri idi. Amma onun səfəri həm də siyasi mesaj idi. Prezident Volodimir Zelenskinin Azərbaycana, deputat qrupunun Azərbaycandan Ukraynaya səfəri, deputat qrupunun səfərindən sonra xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya getməsi və onun da davamı olaraq Yuşşenkonun ölkəmizə gəlməsi noyabrda keçirilən dövlətlərarası komissiyanın tam hazırlığının göstəricilərindən biri və eyni zamanda orada iştirak edən şirkətlərin, o şirkətlərlə orada bərpa prosesində, həm orada, həm bizdə mina təmizləmə aksiyalarında, həm orada, həm bizdə keçirilən yeni texnologiyaların dəyişilməsi, yəni bütün o mina təmizləmə sahəsində mövcud olan razılıqların və yeni texnologiyaların bir-birinə ötürülməsi müzakirə mövzuları olub.
– Viktor Yuşşenkonun Azərbaycana səfəri münasibətlərin bir qədər də tarixi-siyasi tərəfinə diqqət çəkir. Yuşşenko prezident olduğu dövrdə Azərbaycanla sıx əlaqələr qurmuş siyasətçidir. Sizcə, onun indiki səfəri keçmiş əməkdaşlığın xatırlanmasından daha çox, Azərbaycan–Ukrayna münasibətlərinin gələcəyi baxımından hansı mesajı daşıyır?
– Yuşşenkonun birinci dəfə Azərbaycana səfəri Ulu Öndərimizin Naxçıvanda olduğu vaxta təsadüf edir. Onda Yuşşenko Ukrayna prezidenti yox, Milli Bankın sədri idi. Elə o zamandan Azərbaycanı tanıyır. İndiyə qədər Yuşşenkonun səfərləri ardıcıl olaraq müəyyən müsbət iqtisadi dinamikaya gətirib çıxaran addımlarla müşahidə olunur. Bundan öncə Azərbaycanın Ukraynada icarəyə götürdüyü torpaqlar var idi. O torpaqların icarəyə götürülməsinin ideya müəllifi də Yuşenko idi. Və bugün də Yuşşenkonun bir neçə ideyaları var. Bir ideyası da ondan ibarətdir ki, gələcəkdə sülh formatını Azərbaycanın iştirakı ilə məhz Azərbaycanda keçirmək lazımdır. İştirakı ilə hər zaman keçirmək lazımdır. Bu da Azərbaycanın regionda çox məharətlə sülhü bərqərar etməsindən irəli gəlir. Sülh prosesinin məharətlə irəliyə aparması, Azərbaycanın təşəbbüsü, reallıqları dünyaya çatdırmaq lazımdır. Dünyada da bundan istifadə etmək lazımdır. Eyni zamanda Ukrayna-Rusiya müharibəsində hansısa formatda Azərbaycanda keçirmək lazımdır. Və bunun da çox önəmli strateji mesajları var ki, Ukrayna artıq onu həyata keçirmək istəyir və Yuşenko da bunun tərəfdarlarından biridir.
– Sizcə, bütün bu təmasların fonunda Azərbaycan Ukrayna məsələsində yalnız humanitar və iqtisadi tərəfdaş kimi çıxış edir, yoxsa Bakı gələcəkdə Rusiya–Ukrayna münasibətlərinin normallaşması və mümkün sülh prosesində daha aktiv siyasi rol oynaya bilər?
– Bakı ümumiyyətlə, sülh üçün Ukraynaya öz təklifini verib. Yəni Azərbaycan konstruktiv sülh müzakirələri üçün platforma rolu oynaya bilər. Ayrı-ayrı dövlətlərin bu prosesdə iştirakı iki başlı mənalar verir. Yəni bir tərəf Ukraynanın, digər tərəf isə Rusiyanın tərəfdarı olur və çox vaxt öz maraqlarını güdürlər. Amma Azərbaycan hazırda, postmünaqişə zonasından çıxmış bir ölkə kimi bu məsələnin əhəmiyyətini daha çox anlayan böyük dövlət kimi məsələlər üçün daha konstruktiv həllər tapa bilər deyə öz meydançasını təklif edib. Amma Yuşenkonun fikri ondan ibarətdir ki, bunun üstündə daha çox durmaq lazımdır. O hesab edir ki, gələcəkdə sülhün bərqərar ediləcəyi 5 məkandan biri məhz Azərbaycandır.
– Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Kiyevin bərpası prosesində də iştirak edir. Hazırkı siyasi yaxınlaşmanı nəzərə alsaq, Azərbaycan–Ukrayna arasında hansı yeni ortaq layihələrin ortaya çıxmasını gözləmək olar? Xüsusilə enerji, nəqliyyat və yenidənqurma sahəsində konkret təşəbbüslər gündəmdədirmi?
– Ukraynanın bərpasında iştirak edəcək 10 ölkə var. Bura ABŞ və Avropa dövlətləri daxildir. Bu ölkələr milyardlarla dollar həcmində, böyük miqyasda prosesə sərmayə qoyublar. Siyahıda bu ölkələrlə yanaşı Azərbaycan da var. Ukraynanın bərpa prosesində Azərbaycan şirkətləri iştirak edəcəklər. Bundan sonra onlar yaşıl zonada olacaqlar. Dövlətlərarası Komissiyanın da birmənalı olaraq müzakirəsi də bununla bağlı olacaq. Həmin o dövlətlərin qoyduğu, digər böyük ölkələrin qoyduğu investisiyaların içərisində Azərbaycan da ola bilər. Bu həm bərpa prosesində, həm də gələcəkdə kənd təsərrüfatına aid ərazidə təhlükəsizlik problemlərinin həllinə, eyni zamanda bizim icarəyə götürdüyümüz torpaqların məsələsinə də yenidən baxılacaq. Noyabr ayında bu məsələyə qayıdış olacaq.
– Zelenskinin Qəbələ səfəri zamanı müdafiə və təhlükəsizlik, enerji, nəqliyyat və humanitar əməkdaşlıq da daxil olmaqla müxtəlif istiqamətlərdə məsələlər müzakirə olunmuşdu. Bu istiqamətlərdən hansı yaxın perspektivdə Azərbaycan–Ukrayna münasibətlərinin əsas lokomotivinə çevrilə bilər?
– Yəni belə danışaq. Bu addımlar strateji olduğundan onları açıqlamaq düzgün olmaz. Lakin ümumilikdə strateji müttəfiqlik tam şəkildə həyata keçirilir. Qarşılıqlı şəkildə hər iki ölkə beynəlxalq arenalarda dəstəkləyir və dəstəkləməyə davam edir. Sonuncu dəfə Avropa Parlament Şurası Assambleyasında Oleksiy Qonçarenkonun ikili standartlardan bəhs edib Azərbaycanın mövqeyini dəstəkləməsi önəmli haldır. Biz Avropa Şurası Parlament Assambleyasından müəyyən səbəblərdən uzaqlaşsaq da, ukraynalı deputatlar hər zaman bizim mövqelərimizi orada dəstəkləyirlər. Bütün beynəlxalq təşkilatlarda da bu şəkildə qarşılıqlı olaraq mövqelər dəstəklənir.