Modern.az

Biz sizdən daha çox şey öyrənə bilərik, nəinki siz bizdən - Avstriyalı səfirlə MÜSAHİBƏ

Biz sizdən daha çox şey öyrənə bilərik, nəinki siz bizdən - Avstriyalı səfirlə MÜSAHİBƏ

Müsahibə

Bu gün, 13:50

Avqustun 15-də Azərbaycandakı diplomatik fəaliyyəti başa çatacaq Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburq və həyat yoldaşı Kxan Tran redaksiyamızın qonağı olublar.

Modern.az geniş müsahibəni təqdim edir:

- Cənab səfir, Azərbaycandakı diplomatik missiyanız artıq başa çatır. Bilmək olarmı, dörd illik fəaliyyətiniz dövründə Azərbaycan daha çox nə ilə yadınızda qaldı?

- Şübhəsiz ki, bu dörd il ərzində Azərbaycanda çox xoş vaxt keçirdik. Azərbaycan xalqının səmimiyyəti, mehribanlığı və nəzakəti hər zaman yüksək qiymətləndirdiyimiz cəhətlərdən olub.

Harada olmağımızdan asılı olmayaraq, istər rəsmi fəaliyyət çərçivəsində, istər turist kimi, istərsə də sadəcə paytaxtda və ölkənizin müxtəlif bölgələrində gəzərkən hər zaman səmimi qarşılandığımızı hiss etmişik. Bu illər ərzində Azərbaycanın zəngin təbiətindən, mədəniyyətindən və rəngarəngliyindən böyük zövq aldıq.

Bilirsiniz ki, ərazi sahəsi və əhali sayına görə Azərbaycanla Avstriya oxşar göstəricilərə malikdir. Bu qədər fərqli mənzərələrin, müxtəlif regionların, şəhərlərin və ənənələrin olmasına baxmayaraq, bütün bunların vahid Azərbaycan mədəniyyətini təşkil etməsi bizim üçün xoş bir sürpriz oldu. Ən çox zövq aldığımız məqam da elə bu idi.

- Təsəvvürünüzdəki Azərbaycanla gəlib gördüyünüz, yaşadığınız Azərbaycan nə dərəcədə üst-üstə düşdü?

- Əlbəttə, bura gəlməzdən əvvəl hazırlıq görmüşdük. Azərbaycan, region, ənənələr və tarix haqqında oxumuşduq. Lakin bura gəldikdə hər şeyi canlı görmək insan ruhuna fərqli və zəngin təsir bağışlayır. Bura gələrkən zəngin tarixə malik bir şəhərlə qarşılaşırsınız.

Azərbaycan böyük infrastruktur layihələri həyata keçirib, mədəni irsin bərpası istiqamətində çoxlu işlər görüb. Mədəniyyətinizin və iqtisadiyyatınızın necə dinamik olduğunu görmək həqiqətən təqdirəlayiqdir. Təyyarə ilə iki ölkə arasındakı məsafə cəmi dörd saatdır. Bu mənada ölkələrimiz bir-birinə çox yaxındır, amma eyni zamanda bura fərqli bir aləmdir. Lakin bu fərqlilik elə bir səviyyədədir ki, bura asanlıqla uyğunlaşıb yaşaya bilərsiniz.

Azərbaycan-Avstriya münasibətlərinin inkişafında parlamentlərin və dostluq qruplarının rolunu, həmçinin Birgə Bəyannamənin töhfəsini necə qiymətləndirirsiniz?

- Bu, mənim buradakı dörd illik fəaliyyətim dövründə ən mühüm tapşırıqlarımdan biri idi. İki ölkənin parlamentləri arasında kifayət qədər sıx əlaqələr mövcuddur. Vyanada çox fəal dostluq qrupu var, onlar iki dəfə burada səfərdə olublar. Əlbəttə ki, parlamentinizdəki Avstriya dostluq qrupunun rəhbəri, deputat Tahir Mirkişilini də çox yaxşı tanıyıram. Dəfələrlə görüşdüyümüz və təmasda olduğumuz üçün biz artıq dostlaşmışıq. O, bizdə qonaq olub, biz də onun ziyarətində olmuşuq. Hətta ailəsi ilə də tanışıq.

Hökumətlər bəzən daha qlobal məsələlərə fokuslanırlar, çünki bütün dünya ilə münasibətləri idarə etməlidirlər. Lakin konkret bir ölkəyə və ya regiona həsr olunmuş dostluq qrupunuz olduqda, onlar daha sıx qarşılıqlı əlaqədə ola və bir-birini daha yaxşı anlaya bilirlər. Son dörd ildə qəbul etdiyimiz ən çox siyasi qonaqlar məhz Avstriya parlamentindən olub. Bilirəm ki, azərbaycanlı parlamentarilər də Vyanaya səfər ediblər. Bu əlaqələr hər zaman çox səmərəli olub və şadam ki, bu münasibətlərə az da olsa töhfə verə bilmişəm.

Siz öz maraqlarınızı müdafiə edirsiniz, lakin başqalarının maraqlarına müdaxilə etmirsiniz…

 Cənab səfir, bu gün Avropa yeni təhlükəsizlik çağırışları ilə üz-üzədir. Avstriya bu prosesdə Cənubi Qafqazın yerini və rolunu necə görür?

- Cənubi Qafqaz regionunun müxtəlif güc blokları arasında yerləşməsi səbəbindən biz xüsusilə Azərbaycanı regionda sabitlik mərkəzi kimi qəbul edirik. Sizin maraqlarınıza uyğun gələn ardıcıl xarici siyasətiniz var. Ən əsası, siz öz maraqlarınızı müdafiə edirsiniz, lakin başqalarının maraqlarına müdaxilə etmirsiniz.

Bundan əlavə, Azərbaycanın yalnız siyasətdə deyil, həm də Avropa üçün çox mühüm enerji təchizatçısı kimi sabit və etibarlı tərəfdaş olmasını yüksək qiymətləndiririk.

Bəs Yaxın Şərq və İran ətrafında artan gərginliklə bağlı ölkənizin mövqeyi necədir?

- Əlbəttə ki, biz dünyada, bütün regionda, xüsusilə də Yaxın Şərqdə sülhün və sabitliyin tərəfdarıyıq. Bu cür gərginliklərin yaşanması təəssüf doğurur. Ümid edirik ki, diplomatiya qalib gələcək və ortaq həll yolu tapılacaq. Aydındır ki, Avropa üçün bu regiondan enerji və neft ixracı çox vacibdir.

Əvvəl də qeyd etdiyim kimi, Azərbaycan çox mühüm və etibarlı tərəfdaşdır, lakin Avropada tələbat o qədər yüksəkdir ki, digər regionlardan da resurslara ehtiyacımız var. Ona görə də diplomatiyanın üstün gələcəyinə ümid edirik. Bu günlərdə hərbi münaqişələrin səngiməsi müşahidə olunur və ümid edirik ki, bu meyil davam edəcək. Bir daha diqqətə çatdırmaq istərdim ki, bu məsələdə Azərbaycanın vasitəçilik etmək və bu münaqişəyə konstruktiv təsir göstərmək səylərini yüksək dəyərləndiririk.

Azərbaycan, Gürcüstan və Ermənistanın birlikdə yaratdığı Zaqafqaziya müəyyən mənada bugünkü Avropa İttifaqının kiçik modeli sayıla bilər…

- Dünyada geosiyasi proseslər sürətlə dəyişir. Avstriyanın perspektivindən Cənubi Qafqazın gələcəyini necə görürsünüz?

- Mən ümid edirəm ki, Cənubi Qafqazda, eləcə də daha geniş regionda mövcud olan bütün münaqişələr sona çatacaq. Bəzi münaqişələrin həlli istiqamətində yaxşı irəliləyiş var, bəziləri isə yeni yaranıb. Amma ümumi baxışım nikbindir.

1918-ci ildə Çar Rusiyası dağıldıqdan sonra Ermənistan, Azərbaycan və Gürcüstan birlikdə Zaqafqaziya Federativ Respublikasını yaratmışdılar. Mənə elə gəlir ki, bu, müəyyən mənada bugünkü Avropa İttifaqının kiçik modeli sayıla bilərdi. Bu təcrübə göstərirdi ki, region ölkələrinin əməkdaşlıq etməsi mümkündür. Sonrakı tarixi hadisələr buna mane oldu və həmin birlik dağıldı. Amma bu gün bunu yenidən qurmaq mümkündür.

Biz Avropada bunu bacardıq. Avropada əsrlərlə müharibələr olub, hətta cəmi iki nəsil əvvəl də müharibələr yaşayırdıq. Bu gün isə Avropa İttifaqı bütün bunları arxada qoymağa və əməkdaşlığı inkişaf etdirməyə çalışır. Əsas məsələ də məhz əməkdaşlıqdır. Əgər istəsəniz, hər mövzu üstündə mübahisə edə bilərsiniz, bu çətin deyil. Çətin olan ortaq maraqları görmək və əməkdaşlıq etməkdir. Bəli, hər bir ölkənin öz milli maraqları var, lakin regionun ümumi maraqları da mövcuddur. Əgər region ölkələri bu ümumi maraqları görə bilsələr və əməkdaşlığa "hə" desələr, onları çox yaxşı gələcək gözləyir.

Bu regionda bütün müharibələr geridə qalarsa, Cənubi Qafqazın gələcəyi həqiqətən çox perspektivli olacaq. Bunun bir neçə səbəbi var. İlk növbədə bu region Şərqlə Qərbin, eyni zamanda Şimalla Cənubun kəsişdiyi strateji nöqtədə yerləşir. Həmçinin region ölkələrinin savadlı və bacarıqlı insan resursları var. Coğrafi baxımdan region əslində böyük deyil. Buradan Tbilisiyə cəmi bir neçə saata getmək mümkündür. Mən Latın Amerikasında diplomatik fəaliyyət göstərmişəm, oradakı nəhəng məsafələrlə müqayisədə burada əməkdaşlıq qurmaq daha asandır.

Əlbəttə, region ölkələrinin ortaq tarixi var və həmin tarix hər zaman münaqişəsiz olmayıb. Biz bunu Avropada da çox yaxşı bilirik. Buna baxmayaraq, hesab edirəm ki, hazırda doğru istiqamətdə irəliləyirik. Ən vacib məsələ əməkdaşlıq məqsədini daim diqqətdə saxlamaqdır. Bəzən kompromisə getmək lazım gəlir, lakin sonda bunun faydasını elə həmin ölkələrin özləri görürlər. Enerji resursları, zəngin təbiət, tarix, Avropaya və Türkiyəyə yaxınlıq, bütün bunlar region ölkələri arasında səmərəli əməkdaşlıq üçün böyük imkanlar yaradır.

Əgər bütün tərəflər razılığa gəlsələr, mən bu regionda həll olunmayacaq ciddi maneə görmürəm. Əsas odur ki, insanlar bir masa arxasında əyləşsinlər, danışsınlar. Bəzi məsələlərdə fikir ayrılığı ola bilər, bu normaldır. Əsas məsələ dialoqu davam etdirmək və problemlərin həlli üzərində birlikdə işləməkdir. Avropa da bunu qətiyyətlə dəstəkləyir, çünki bizim üçün sabit və firavan Cənubi Qafqaz böyük əhəmiyyət daşıyır.

- Cənab səfir, Azərbaycanla Ermənistan arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılması Avstriya və ümumilikdə Avropa biznesi üçün hansı yeni imkanlar yarada bilər?

- Bu, vacib məsələdir və ümid edirik ki, sərhədlərin açılması müstəvisində tezliklə öz həllini tapacaq. Əlbəttə ki, bu, regiona və onun iqtisadi inkişafına böyük təsir göstərəcək. Naxçıvanla bağlı açıq sərhədlərin olması sizin üçün son dərəcə mühümdür.

Orta Dəhliz haqqında danışsaq, Avropa olaraq biz Çindən və Mərkəzi Asiyadan böyük həcmdə mal və enerji alırıq. Düşünürəm ki, nəqliyyat və kommunikasiya marşrutları nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Ona görə də bütün regionda sərhədlərin açılmasını səbirsizliklə gözləyirik. Biz optimist yanaşırıq, çünki sülh müqaviləsi üzrə danışıqların kifayət qədər irəlilədiyini görürük. Hələ həllini tapmalı olan bəzi məsələlər var, lakin bu qədər uzun sürən münaqişədən sonra bu, təbiidir. Avropa bu prosesi qətiyyətlə dəstəkləyir, Avstriya da bunu birmənalı şəkildə müdafiə edir. Ümid edirik ki, tezliklə bütün regionda sərhədlər açıq olacaq və münaqişələrə son qoyulacaq.

- Avstriya şirkətlərinin Azərbaycana marağı hansı səviyyədədir və hazırda daha çox hansı sahələr diqqət mərkəzindədir?

- Böyük maraq var. Hər il Avstriyadan bura biznes nümayəndə heyətləri gəlir. Biz bilirik ki, sizin Ticarət Palatanız , şirkətləriniz də maraqlıdırlar və fəaldırlar.

Hələlik burada çox böyük investisiyamız yoxdur, lakin ticarət dövriyyəsi davam edir. Dediyim kimi, bizim üçün çox vacib olan enerjidir və biz onu idxal edirik. Lakin infrastruktur layihələri baxımından hələ də daha çox iş görə bilərik. Bu istiqamətdə işlər aparılır və regiondakı sabitlik bu iqtisadi əlaqələrin dərinləşməsinə birbaşa töhfə verə bilər.

Biz sizdən daha çox şey öyrənə bilərik, nəinki siz bizdən…

- Yaşıl enerji və innovasiya sahəsində yeni əməkdaşlıq imkanları varmı?

- Enerji sahəsində mütləq şəkildə var. Qərb istiqamətində sərhədlərin açıq olacağına ümid edirik ki, enerjinin, o cümlədən yaşıl enerjinin daha rahat axınını təmin edə bilək. Azərbaycan günəş və külək enerjisi potensialı ilə çox zəngin olduğu üçün burada davamlı yaşıl üsulla hidrogen istehsal etmək mümkündür ki, bu da son dərəcə vacibdir.

Eynilə bu enerjini Avropaya nəql etmək üçün fiziki infrastruktura və birləşməyə ehtiyac var. İnnovasiyalar sahəsinə gəldikdə isə, hökumətinizin rəqəmsallaşma səviyyəsi bizdə böyük təəssürat yaradır. Bəlkə də biz sizdən daha çox şey öyrənə bilərik, nəinki siz bizdən. Çünki bu yaxınlarda bəzi sənədləri almaq üçün "ASAN xidmət"də olduq. Hər şey son dərəcə rahat və effektivdir. Avstriya şirkətləri də mənə hər zaman bildirirlər ki, burada əlaqə qurmaq və əməkdaşlıq etmək çox rahatdır. Düşünürəm ki, innovasiya və rəqəmsallaşma sahəsində yaxşı imkanlar mövcuddur.

Keçən ildən etibarən Azərbaycan Avstriyaya təbii qaz ixrac etməyə başlayıb. Ölkənizdə Azərbaycanın enerji təhlükəsizliyindəki rolu necə dəyərləndirilir?

- Əlbəttə ki, çox müsbət qiymətləndirilir. Sirr deyil ki, Ukraynada davam edən müharibə səbəbindən Avropanın enerjini haradan alması ilə bağlı böyük bir sual yaranmışdı. Ona görə də biz alternativlər axtarırdıq. Azərbaycan kimi alternativi tapmaq isə asan oldu. Çünki siz də öz enerjinizi ixrac edərək bizə kömək etməkdə maraqlı idiniz.

Bu məsələ Avstriyada da geniş işıqlandırılmışdı. Ona görə insanlar da bilir ki, biz Azərbaycandan neft və qaz idxal edirik. Bizim qış ayları da buradakı kimi soyuq keçir, ona görə də həm məişətdə, həm də sənaye istehsalımız üçün bu enerjiyə malik olduğumuza görə çox şadıq.

Bilirsiniz ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iki il əvvəl burada olmuşdu. O, bu sahədə memorandumlar imzalamaq üçün səfər etmişdi. Biz də Avstriya olaraq bu ixracdan faydalanırıq.

- Bəs sizcə Azərbaycan ölkəniz üçün yaxşı bir alternativdirmi?

- Birmənalı olaraq, bəli. Biz Rusiyaya sanksiya tətbiq etmişik. Rusiya isə Avstriyanın idxal etdiyi qazın ən böyük hissəsini təşkil edirdi. İnfrastrukturu nəzərə alsaq, alternativ mənbələr tapmaq elə də asan deyildi. Çünki məsələn, boru kəmərinə ehtiyacınız varsa, onu planlaşdırmalı və inşa etməlisiniz, bu isə illər alır. Müəyyən əvəzedicilər tapmaq isə daha asandır. Biz də Azərbaycanı müşahidə etdik və buranın yaxşı bir alternativ olduğuna qərar verdik. Tam olaraq Rusiyadan gələn qazın həcmini əvəz etməsə də (çünki həmin həcm çox böyükdür - red.), yenə də bu, bizim enerji idxalımıza çox faydalı bir əlavədir.

Cənab səfir, Avstriyanın "Rail Cargo" şirkəti Orta Dəhliz layihəsində fəal iştirak edir. Avstriya Azərbaycanla birgə bu logistik dəhlizin inkişafına daha hansı töhfələri verməyə hazırdır?

- Bu, əməkdaşlığımızın mühüm sahələrindən biridir. Yük daşımalarını həyata keçirən və Avstriya Dəmir Yollarının tərkibinə daxil olan "Rail Cargo" şirkətimiz var. Lakin bizim eyni zamanda dəmir yolları inşa edə bilən şirkətlərimiz də mövcuddur. Mən Naxçıvan yaxınlığında, hazırda dəmir yolunun çəkildiyi ərazidə relsləri döşəyən Avstriya istehsalı olan texnika gördüm.

Deməli, gördüyümüz işlərdən biri budur, habelə buna bağlı olan bütün logistika xidmətləridir. Burada Xəzər dənizi var, ona görə də Ələtdə və ya Türkmənbaşıda kranlar və yüklərin aşırması üçün müxtəlif infrastrukturlar qura bilərik ki, Xəzər dənizi vasitəsilə daha çox yük aşırılsın və daşınsın. Daha sonra isə Ermənistan tranzit dəhlizi və Naxçıvan vasitəsilə Türkiyəyə doğru nəql olunsun.

- Avstriya şirkətləri əvvəllər mədəni irs nümunələrinin, o cümlədən Bakının İçərişəhər ərazisindəki Qız qalasının bərpasında böyük təcrübə nümayiş etdiriblər. Avstriya şirkətlərinin Qarabağdakı hazırkı bərpa layihələrində iştirakı ilə bağlı hər hansı müzakirələr gedirmi?

- Ən böyük kilsəni bərpa edən cənab Pummerin rəhbərlik etdiyi Avstriya şirkəti var. Onun burada, sizin də qeyd etdiyiniz bir neçə layihəsi olub. O, Ağdamda müəyyən işləri artıq yekunlaşdırıb və bəzi işləri görməkdə davam edir.

Bildiyiniz kimi, torpaqlarımız işğaldan azad edildikdən sonra hazırda Qarabağda minalar səbəbindən ciddi təhlükə var. Avstriya hökumətinin və ya müvafiq təhlükəsizlik qurumlarının Azərbaycana mina təmizlənməsi prosesində dəstəyi və əməkdaşlıq imkanları nələrdir?

- Biz bu sahəyə Avropa İttifaqı vasitəsilə maliyyə töhfəsi veririk. Belə ki, Avropa İttifaqının mina təmizləmə layihələri var və biz Aİ büdcəsinin bir hissəsi kimi buna ödəniş edirik. Müəyyən müddət əvvəl isə Azərbaycana xüsusi təlim keçmiş xilasetmə itləri göndərdik. Onlar minaların qoxusunu ala bilir və ərazinin təmizlənməsinə kömək edirlər.

Bizim töhfəmiz bundan ibarətdir. Özümüzün müstəqil layihələrimiz olmasa da, Avropa İttifaqının bu istiqamətdəki səylərini dəstəkləyirik. Bildiyiniz kimi, Avstriya piyada əleyhinə minaların qadağan edilməsində qabaqcıl ölkələrdən biri olub. Piyada əleyhinə minaları qadağan edən konvensiyanın qəbul edilməsinə məhz Avstriya və Norveç təşəbbüskar olub. Ona görə də biz bu sahədə çox fəalıq.

Siz və həyat yoldaşınız Kxan Tran xanım “Şərq və Qərbi birləşdirən körpülər” adlı mədəni proqram həyata keçirirsiniz. Xanımınız Vyetnamlı, özünüz isə qərbli olaraq bu körpüdə Azərbaycanın yerini necə görürsünüz?

- Aydındır ki, coğrafi baxımdan tam mərkəzdəsiniz. Məsələn, Vyetnamla üç saat fərqiniz var, Avstriya ilə isə bu fərq dörd saatdır.

Şərqi necə tərif etməyinizdən çox şey asılıdır. Əgər Şərq dedikdə Cənub-Şərqi Asiyanı nəzərdə tutursunuzsa, onda deyərdim ki, Azərbaycan Avropa mədəniyyətinə daha yaxındır. Əgər Asiyaya coğrafi termin kimi baxsanız, Azərbaycan bu məkanın mərkəzində yerləşir.

İpək Yolu Şərq, Asiya, Çin və Avropa arasında əsas ticarət yollarından biri olduğu zaman ölkənizin vacib bir qovşaq olduğunu xatırlatmağa ehtiyac yoxdur. Avropanın harada bitdiyi və Asiyanın harada başladığı hər zaman müzakirə olunur. Mənim fikrimcə, Azərbaycan mahiyyətcə Avropa-Asiya mədəniyyətidir.

Həyat yoldaşım Vyetnamdandır, mən Avstriyadanam və biz sanki tən ortadayıq. Bəzən insanlar bizdən soruşur ki, siz harada tanış olmusunuz? Azərbaycanda? (Gülümsəyərək davam edir) Mən Vyanadan gəlirəm, həyat yoldaşım isə Vyetnamdan. Və biz hazırda burada, yəni Azərbaycandayıq. Ortada belə bir körpü mövcuddur. Diplomat olaraq siyasət və iqtisadiyyat haqqında çox danışırıq, lakin mədəniyyət və insani münasibətlər tərəfi də çox vacibdir. Biz Azərbaycan mədəniyyətini, ənənələrini öyrənməyə, ortaq məxrəclər və fərqliliklər tapmağa çalışdıq. Bu fərqliliklər özü də çox gözəldir.

(Söhbətə səfirin həyat yoldaşı Kxan Tran qoşulur) Azərbaycanın bütün dinlərə və fərqli mədəniyyət təbəqələrinə qarşı göstərdiyi böyük dözümlülük və tolerantlıq heyranlıq doğurur. İlk baxışda çox fərqli görünən bu dəyərlər Azərbaycanda vahid şəkildə birləşir.

Düşünürəm ki, bu, bizim üçün də bir ilham mənbəyidir. Mən uzaq Şərqdənəm, o isə Qərbdəndir və biz eyni ailədəyik. Azərbaycan minilliklərdir ki, bütün bunları bir arada saxlayır. Biz Azərbaycana bir nümunə kimi baxırıq və ailə olaraq Azərbaycan kimi daha harmonik olmağa can atırıq.

Ardı var...

Töhfə Səməd 

Turqay Musayev 

Foto: Samir Məcidov 

Sizə yeni x var
Keçid et
Avqustun 1-nə qədər 1 milyon adam orduya çağırılsın! - Putindən ƏMR