Modern.az

"Uğursuzluqlar məni ruhdan salmadı" - Kolumbiya Universitetinə gedən Muradla MÜSAHİBƏ

"Uğursuzluqlar məni ruhdan salmadı" - Kolumbiya Universitetinə gedən Muradla MÜSAHİBƏ

Müsahibə

Bu gün, 12:30

Dünyanın nüfuzlu universitetlərində təhsil almaq minlərlə azərbaycanlı gəncin arzusudur. Hər il xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu arzunu gerçəkləşdirərək dünyanın aparıcı universitetlərinə qəbul olunan gənclər həm akademik nailiyyətləri, həm də uğur hekayələri ilə diqqət çəkirlər.

Modern.az saytı Dünyaya açılan azərbaycanlı gənclər" adlı yeni rubrikaya start verir. Rubrikamızda oxucularımıza Dövlət Proqramı ilə xaricdə təhsil hüququ qazanan azərbaycanlı gənclərlə silsilə müsahibələr təqdim edəcəyik. Onlar qəbul prosesindən, uğura aparan yoldan, qarşılaşdıqları çətinliklərdən, qazandıqları təcrübədən, gələcək hədəflərindən və xaricdə təhsil almağı arzulayan gənclərə tövsiyələrindən bəhs edəcəklər.

Rubrikamızın ilk təqdimatında Dövlət Proqramı çərçivəsində ABŞ-nin nüfuzlu Kolumbiya Universitetində magistratura təhsili almaq hüququ qazanan Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Murad Şərifovla həmsöhbət olduq.

Onunla müsahibəni oxucularımıza təqdim edirik:

-   Murad bəy, 2021-ci ildə 668 balla BANM-ın proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olmusunuz. Həmin dövrdə qarşınıza qoyduğunuz hədəflər arasında bir gün xaricdə - Kolumbiya Universitetində təhsil almaq da var idimi?

-    Universitetə yeni qəbul olduğum vaxtları təbəssümlə xatırlayıram. Həmin dövrdə əsas məqsədim ixtisasım üzrə peşəkar bir mütəxəssis kimi yetişmək idi. BANM-da alacağım bakalavr təhsili mənim bundan sonrakı akademik həyatımda baza rolunu oynayacaqdı. Həmin dövrdə konkret olaraq Kolumbiya Universitetini hədəf kimi müəyyən etməmişdim. Lakin hər zaman gələcəkdə dünyanın aparıcı universitetlərindən birində magistr təhsili almağı qarşıma məqsəd qoymuşdum. BANM-da qazandığım biliklər, iştirak etdiyim beynəlxalq proqramlar və elmi layihələr bu məqsədə addım-addım yaxınlaşmağıma kömək etdi. Bu gün Kolumbiya Universitetinə qəbul olunmağım həmin illər ərzində çəkdiyim davamlı zəhmətin və qarşıma qoyduğum məqsədlərə sadiq qalmağımın nəticəsidir.

-    Kolumbiya Universiteti ilə yanaşı, Ohayo Dövlət Universiteti, Vaşinqton Universiteti, Şimali Karolina Dövlət Universiteti və İsveçin Lund Universitetindən də qəbul dəvəti almısınız. Bu universitetlər arasında seçim edərkən sizin üçün əsas meyar nə oldu? Niyə məhz Kolumbiya Universiteti? 

-    Mənim üçün universitet seçərkən əsas meyar proqramın keyfiyyəti, elmi-tədqiqat imkanları və gələcək karyera perspektivləri idi. Sadalanan universitetlərin hər biri öz sahəsində güclü təhsil ənənələrinə malikdir və bu universitetlərdən qəbul dəvəti almaq mənim üçün çox qürurvericidir. Lakin Kolumbiya Universitetini seçməyimin əsas səbəbi burada süni intellekt, robototexnika və kompüter görməsi sahələrində dünyanın aparıcı alimləri ilə işləmək, qabaqcıl laboratoriyalarda tədqiqat aparmaq və beynəlxalq mühitdə öz biliklərimi daha da inkişaf etdirmək imkanlarının olmasıdır. Bununla yanaşı, universitetin sənaye ilə sıx əməkdaşlığı və məzunlarının qlobal texnologiya şirkətlərində uğurla fəaliyyət göstərməsi də seçimimdə mühüm rol oynadı.

-    Dövlət Proqramı çərçivəsində Kolumbiya Universitetində məhz süni intellekt üzrə magistr təhsili alacaqsınız. Niyə məhz bu istiqaməti seçdiniz? Sizcə, süni intellekt yaxın illərdə ən çox hansı sahələri dəyişəcək?

-    Süni intellekt sahəsinə marağım proseslərin avtomatlaşdırılması üzrə təhsil aldığım dövrdə formalaşmağa başladı. Müşahidələrim klassik avtomatlaşdırma sistemlərinin tədricən daha ağıllı, öyrənə bilən və qərar qəbul edə bilən sistemlərlə əvəz olunduğunu göstərdi. Məhz bu səbəbdən magistratura təhsilimi süni intellekt istiqamətində davam etdirməyə qərar verdim. Hesab edirəm ki, bu sahə gələcəkdə səhiyyə, sənaye, energetika, robototexnika, nəqliyyat və təhsil kimi bir çox istiqamətlərdə mühüm dəyişikliklər yaradacaq. Xüsusilə sənayedə süni intellektin tətbiqi istehsal proseslərinin optimallaşdırılmasına, təhlükəsizliyin artırılmasına və qərarvermə proseslərinin daha səmərəli həyata keçirilməsinə imkan verəcək. Gələcəkdə əldə edəcəyim bilik və təcrübələri Azərbaycanda bu texnologiyaların inkişafına və tətbiqinə töhfə vermək üçün istifadə etməyi qarşıma əsas hədəf kimi qoymuşam.

-   Tələbəlik illərində "Technest", Latviya Dövlət təqaüdü, DAAD HSK, UGRAD və "Əlaçı" kimi bir-birindən fərqli və nüfuzlu proqramların qalibi olmusunuz. Bu uğurların arxasında hansı hazırlıq və yanaşma dayanırdı? Bir uğur digərinin qapısını açdı deyə bilərikmi?

-    Tələbəlik illərimdə təhsilimlə yanaşı, hər zaman iştirak edə biləcəyim yerli və beynəlxalq proqramların axtarışında olmuşam. Geriyə baxanda anlayıram ki, kifayət qədər dolu və məhsuldar bir tələbəlik həyatı yaşamışam. Düşünürəm ki, bütün bu uğurların arxasında mənim inadkarlığım və daim öz üzərimdə işləməyim dayanır. Lakin bu uğurların görünməyən tərəfi də var. Bir çox müraciətlərim uğursuzluqla nəticələnib. Amma bu uğursuzluqlar heç vaxt məni ruhdan salmayıb. Əksinə, hər biri mənə növbəti fürsətlərə necə daha yaxşı hazırlaşmağı, özümü hansı istiqamətlərdə inkişaf etdirməli olduğumu və qarşıma qoyduğum məqsədlərə daha inamla irəliləməyi öyrədib. Düşünürəm ki, əldə etdiyim hər bir uğur həm əvvəlki zəhmətimin nəticəsi, həm də növbəti uğurlar üçün mənə yeni qapılar açan dəyərli bir təcrübə olub.

-   ABŞ-də UGRAD proqramı çərçivəsində, Almaniyada Martin Lüter Universitetində, Latviyada isə Riqa Texniki Universitetində təhsil almısınız. Bu beynəlxalq təcrübələr Kolumbiya Universitetinə qəbul prosesində sizə hansı üstünlükləri qazandırdı?

-    Xaricdə universitetlərə qəbul prosesi Azərbaycandakından müəyyən qədər fərqlənir. Burada yüksək akademik göstəricilərlə yanaşı, dərsdənkənar fəaliyyətlər, könüllülük, elmi layihələr, beynəlxalq təcrübə və müxtəlif proqramlarda iştirak da mühüm rol oynayır. Müxtəlif dövrlərdə ABŞ, Almaniya və Latviyada təhsil almaq mənə fərqli təhsil sistemlərinə yaxından bələd olmaq, müxtəlif ölkələrdən olan tələbələrlə işləmək və beynəlxalq mühitdə özümü inkişaf etdirmək imkanı qazandırdı. Düşünürəm ki, bütün bu təcrübələr Kolumbiya Universitetinə qəbul prosesində müraciətimi daha da gücləndirdi və bir namizəd kimi məni fərqləndirən əsas amillərdən biri oldu.

-    "TEKNOFEST KİPR"də birincilik, "TEKNOFEST İstanbul"da isə "Xüsusi Jüri Mükafatı" qazanmısınız. Bu layihələr nə ilə bağlı idi və həmin uğurlar sizin elmi maraqlarınızı necə formalaşdırdı?

-    Tələbəlik illərimin ən yaddaqalan anları nələr olub desələr, düşünürəm ki, TEKNOFEST yarışı onlardan biri olar. Bu yarışlarda komandamız iki dəfə mükafata layiq görülüb. Birincilik qazandığımız layihə Kiprin tarixini və mədəniyyətini istifadəçilərə oyun vasitəsilə çatdıran mobil tətbiq idi. Burada biz Kiprin tarixində baş vermiş mühüm hadisələri xüsusi süjet xətti üzərindən oyunçulara təqdim edirdik. Bu da öz növbəsində istifadəçilərdə həmin bölgənin tarixi və mədəniyyəti haqqında daha çox məlumat əldə etməyə maraq yaradırdı.

İkinci layihəmiz isə peyk sistemlərinə qarşı həyata keçirilən müxtəlif tip kiberhücumların statistik üsullar və süni intellekt alqoritmləri vasitəsilə aşkarlanmasına yönəlmişdi. Bu layihə üzərində işləyərkən süni intellektin mürəkkəb problemlərin həllində və kritik sistemlərin təhlükəsizliyinin təmin olunmasında nə qədər böyük potensiala malik olduğunu daha yaxından gördüm. Bu da mənim gələcəkdə bu sahədə daha dərindən ixtisaslaşmaq istəyimi gücləndirdi.

Hesab edirəm ki, bu uğurların arxasında ilk növbədə güclü komanda işi dayanır. Təsadüfi deyil ki, hər iki mükafat qazanan komandanın üzvləri eyni şəxslərdir. Bu prosesdə qarşılıqlı dəstəyin, əməkdaşlığın və komanda ruhunun nə qədər vacib olduğunu bir daha fərqinə vardıq. Bu proses mənə bir daha göstərdi ki, ən böyük uğurlar eyni amal uğrunda çalışan, bir-birinə inanan və bir-birini tamamlayan komandanın əməyi nəticəsində əldə olunur.

-   SOCAR və ABB kimi aparıcı şirkətlərdə təcrübə keçmisiniz. Universitetdə qazandığınız nəzəri biliklərlə real iş mühitində əldə etdiyiniz təcrübə arasında hansı fərqləri gördünüz?

-    Açığı, BANM-də hər yay istehsalat təcrübəsində iştirak etdiyimiz üçün əldə etdiyimiz nəzəri biliklərin real istehsalat mühitində necə tətbiq olunduğunu yaxından görmək imkanı qazanırıq. Elə buna görə də təcrübə keçdiyim şirkətlərdə iş mühitinə uyğunlaşmaq mənim üçün çətin olmadı. Əksinə, universitetdə öyrəndiyim bilikləri real avadanlıqlar, istehsalat prosesləri və avtomatlaşdırma sistemləri üzərində tətbiq etmək mənə həmin bilikləri daha dərindən mənimsəməyə kömək etdi. Bununla yanaşı, iş mühitində komanda ilə əməkdaşlıq, təhlükəsizlik qaydalarına riayət etmək, vaxtın düzgün idarə olunması və operativ qərarvermə kimi peşəkar bacarıqların da ən az nəzəri biliklər qədər vacib olduğunu gördüm. Düşünürəm ki, nəzəri biliklərlə praktiki təcrübənin vəhdəti gələcəkdə peşəkar mütəxəssis kimi formalaşmağımda mühüm rol oynayacaq.

-   Son illər dünyanın aparıcı universitetlərinə qəbul olunan azərbaycanlı gənclərin sayı artır. Sizcə, belə universitetlərdə təhsil almaq istəyən tələbələr ən çox hansı səhvlərə yol verirlər və nəyə daha çox diqqət etməlidirlər?

-    Düşünürəm ki, tələbələrin yol verdiyi ən böyük səhvlərdən biri ixtisas seçiminə kifayət qədər düşünülmüş şəkildə yanaşmamalarıdır. Bəzən onlar öz maraq və məqsədlərini nəzərə almadan, yalnız ixtisasın populyarlığına və ya başqalarının tövsiyəsinə əsasən seçim edirlər. Halbuki magistratura təhsili uzunmüddətli karyera planının bir hissəsi olduğu üçün ixtisas seçimi şəxsi maraqlara və gələcək hədəflərə uyğun olmalıdır.
İkinci vacib məsələ motivasiya məktubudur. Təəssüf ki, son dövrlərdə bəzi tələbələr motivasiya məktublarını tamamilə süni intellekt vasitəsilə hazırlamağa üstünlük verirlər. Mən hesab edirəm ki, motivasiya məktubu insanın özünü, keçdiyi yolu və gələcək məqsədlərini əks etdirən ən vacib sənədlərdən biridir. Bu səbəbdən tələbələr ilk növbədə öz təcrübələri üzərində refleksiya etməli, onları səmimi şəkildə ifadə etməyi öyrənməlidirlər. Süni intellektdən isə yalnız fikirlərini daha aydın və səlis şəkildə təqdim etmək üçün köməkçi vasitə kimi istifadə etmələrinin tərəfdarıyam.

Digər vacib məqamlardan biri isə müraciət ediləcək proqramların qəbul tələblərini əvvəlcədən diqqətlə araşdırmaqdır. Bəzi magistr proqramları bakalavr təhsili dövründə müəyyən fənlər üzrə kreditlərin tamamlanmasını tələb edir. Buna görə də tələbələr sənəd verməzdən əvvəl seçdikləri proqramın bütün akademik tələblərini diqqətlə öyrənməli və bu tələblərə cavab verib-vermədiklərini dəqiqləşdirməlidirlər. Düşünürəm ki, düzgün planlaşdırma və vaxtında hazırlıq qəbul prosesində uğur qazanmağın ən vacib amillərindəndir.

-   Kolumbiya Universitetində təhsil aldıqdan sonra, gələcək hədəfləriniz nədən ibarətdir? Elmi fəaliyyət, beynəlxalq şirkətlərdə karyera, yoxsa Azərbaycana qayıdaraq əldə etdiyiniz bilikləri burada tətbiq etmək?

-    Əsas hədəfim magistratura təhsilimi uğurla başa vurduqdan sonra akademik fəaliyyətimi davam etdirməkdir. Düşünürəm ki, biz yaradılan bu imkanları ən yüksək şəkildə dəyərləndirməli və daim öz üzərimizdə işləməliyik. Mən bunu karyeramı akademiyada davam etməkdə görürəm. Çünki burada həm elmi tədqiqat aparmaq, həm də gələcək mütəxəssislərin yetişməsinə töhfə vermək mümkündür. İnanıram ki, bu yolla daha çox insanın həyatına müsbət təsir göstərə və əldə etdiyim bilikləri ölkəmin inkişafı üçün istifadə edə bilərəm.

-   Sizin uğur hekayənizə baxanda görünür ki, yüksək bal toplamaq təkbaşına kifayət etməyib, tələbəlik illərində də demək olar ki, hər fürsətdən maksimum yararlanmısınız. Bu gün BANM-də və ya digər universitetlərdə təhsil alan tələbələrə "kaş mən bunu birinci kursdan biləydim" deyəcəyiniz ən vacib tövsiyə nə olardı?

-    Düşünürəm ki, tələbələr universitet illərini yalnız dərslərlə məhdudlaşdırmamalıdırlar. Mən birinci kursdan etibarən müxtəlif təqaüd proqramlarını, yarışları, könüllülük fəaliyyətlərini və beynəlxalq imkanları araşdırmağa çalışırdım. Bu təcrübələrin hər biri mənə yeni biliklər, bacarıqlar və fərqli baxış bucağı qazandırdı. Tələbələrə tövsiyəm odur ki, daim axtarsınlar, müraciət etsinlər və uğursuzluqdan çəkinməsinlər. Çünki düşünürəm ki, universitet illərində qazanılan ən böyük üstünlük yalnız yüksək qiymətlər deyil, eyni zamanda əldə olunan təcrübə və formalaşan dünyagörüşüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiya şəhərlərini BOMBALAYIR - Universitet partladıldı