Müstəqil olmayan bir ölkədə yaşamaq nə qədər çətindirsə, mətbuatsız və məlumatsız qalmaq da bir o qədər ağrılıdır. Vətəndaşları informasiyadan məhrum etmək, onların gözünü açmağa imkan verməmək əslində xalqın ən təməl hüquqlarının tapdalanması deməkdir. XIX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələrində dövri mətbuat anlayışı çoxdan gündəlik həyatın tərkib hissəsinə çevrilmişdi. Azərbaycanda isə bu sahədə dərin bir sükut hökm sürürdü.
Xalqın maariflənməsi, savadlanması və işıqlı gələcəyi uğrunda son qəpiyini belə xərcləməyə hazır olan, millətin başı üzərində maarif göyərçinləri uçurdan ziyalılarımız var idi. O fədakar şəxsiyyətlərin birincisi Həsən bəy Zərdabi idi. Məhz onun yaratdığı "Əkinçi" qəzeti sayəsində milli mətbuatımızın təməli qoyuldu.
İyulun 22-si təqvimdə sadəcə adi bir gün deyil, milli intibahımızın dönüş nöqtəsidir. Bəs bu böyük tarixi hadisədən tam bir gün əvvəl, yəni 21 iyul 1875-ci ildə pərdəarxasında nələr yaşanmışdı?
Modern.az-a danışan Həsən bəy Zərdabi irsinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadova bildirib ki, Bakı qubernatoru Dmitri Staroselski Həsən bəy Zərdabinin elminə və ali məqsədinə böyük hörmət bəsləyirdi. Məhz onun şəxsi zəmanəti və icazəsi sayəsində qəzetin nəşri mümkün olmuşdu.

Tiflisdəki Baş Mətbuat İdarəsi, yəni Çar Senzura Komitəsi yerli dildə mətbuatın açılmasına həddən artıq şübhə ilə yanaşırdı. Staroselski bütün riski öz üzərinə götürərək qəzetin senzorluğunu şəxsən təmin edəcəyini bəyan etmiş və prosesi xeyli asanlaşdırmışdı.
Çar hökuməti siyasi, ictimai və ya milli maariflənməyə xidmət edən qəzetlərin açılmasına qətiyyən imkan vermirdi. Bu səbəbdən Zərdabi taktik gediş edərək qəzetin adını "Əkinçi" qoydu. O, hakimiyyət orqanlarını inandırdı ki, nüsxələrdə yalnız kənd təsərrüfatı, əkin-biçin, gübrələmə və təsərrüfat xəbərləri yer alacaq.
Zərdabinin özünə aid mətbəəsi olmadığı üçün 21 iyul tarixində bütün son hazırlıqlar Bakı Qubernatorluğunun İdarə Mətbəəsində aparılırdı. O zaman Bakıda ərəb əlifbası ilə Azərbaycan dilində mətbuat şriftləri (literlər) yox idi. Həsən bəy böyük çətinliklərlə maliyyə vəsaiti taparaq bu şriftləri İstanbuldan Bakıya gətirtmişdi.
İyulun 21-də mətbəədə cəmi üç nəfər var idi. Onlar Həsən bəy Zərdabi, onun həyat yoldaşı Hənifə xanım Abayeva və erməni mürəttib idi.
Zərdabi həm redaktor, həm tərcüməçi, həm korrektor, həm də fiziki işləri görən fəhlə kimi çalışırdı. Hənifə xanım Abayeva həm mənəvi dəstək olur, həm də kağızların qatlanması, daşınması və təşkilati işlərdə birbaşa köməklik edirdi.
Ərəb qrafikasını tək-tək manual yığan yeganə texniki işçi olan erməni əsilli hurufçin (mürəttib) isə nə bu əlifbanı, nə də Azərbaycan dilini bilirdi. O, mətni yığarkən dəhşətli dərəcədə çox orfoqrafik və mexaniki səhvlər buraxırdı. Zərdabi hər sözü dəfələrlə təkrar-təkrar yoxlamaq məcburiyyətində qalırdı. Hətta Tiflisdən prosesi izləyən Mirzə Fətəli Axundov Zərdabiyə yazdığı məktublarda mətbəə səhvlərinə xüsusi diqqət yetirməyi tapşırır, mürəttibin xətalarının dilin saflığını korladığı haqqında xəbərdarlıq edərək ona öz əsərlərindəki imla qaydalarını nümunə götürməyi tövsiyə edirdi.
21 iyul gecəsi Zərdabi və həyat yoldaşı sabaha qədər mətbəədən çıxmadılar. Hərflərin çərçivələrə düzgün oturub-oturmadığını tək-tək yoxlayıb, mürəkkəbi hazırladılar və 22 iyulun ilk işıqları ilə birgə ilk sayı çapa verdilər.
Həsən bəy qəzet açmaq üçün Bakının zəngin neft xeyriyyəçilərinə və milyonçularına dəfələrlə müraciət etsə də, onlar bu qəzetin xalq arasında yayıla biləcəyinə inanmırdılar. İş adamları bu təşəbbüsü "faydasız xəyal" hesab edərək pul ayırmaqdan imtina eləmişdilər. Qəzetdən əvvəl Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani ilə birlikdə yoxsul tələbələrə dəstək üçün xeyriyyə cəmiyyəti yaratmaq istəyərkən də oxşar mənzərə yaranmışdı. Şamaxı və Qubada zənginlər tərəfindən böyük vədlər verilsə də, real işə keçəndə heç kəs söz verdiyi vəsaiti ödəməmişdi.
Zərdabi qəzet çıxmazdan aylar əvvəl bütün Qafqaza, Rusiya imperiyasının müxtəlif şəhərlərinə elanlar göndərmişdi. Lakin 21 iyul 1875-ci il tarixinə qədər bütün bölgələrdən cəmi 300-ə yaxın abunəçi toplaya bilmişdi. Bu, maliyyə cəhətdən xərcləri çətinliklə ödəyən çox kiçik bir göstərici idi.
Qəzetin tam olaraq hansı gün çıxacağı geniş kütləyə anons edilmirdi. Zərdabi ehtiyat edirdi ki, yerli mürtəce qüvvələr, fanatik din xadimləri və ya Çar aparatındakı bədxahları son anda qubernatora təzyiq edib çapın qarşısını alarlar.
Lakin bütün maneələrə baxmayaraq, 21 iyul gecəsinin zəhməti nəticəsində 22 iyul 1875-ci ildə "Əkinçi"nin ilk sayı 300 tirajla işıq üzü gördü və Azərbaycan milli mətbuatının əsası qoyuldu.