Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Modern.az-a geniş müsahibə verib. Müsahibədə indiyədək toxunulmayan xeli məqamlara aydınlıq gətirilib.
- Cənab sədr, son illərdə dövlət büdcəsinin həcmi əhəmiyyətli dərəcədə artıb. Bilmək istərdik, büdcənin böyüməsi audit yükünü də dəyişdirib?
- Qeyd etdiyiniz kimi, son illərdə icmal büdcədə, o cümlədən dövlət büdcəsində əhəmiyyətli artım izlənilir. 2025-ci ilin dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri tarixi maksimuma çatıb. Bu əlbəttə ki, auditin əhatə dairəsinin genişləndirilməsini tələb edir. Biz yeni Strateji Planımıza əsasən, icmal büdcənin 2030-cu il üçün 50%-dən çoxunu auditlə əhatə etmək istəyirik.
DNF, DSMF, İSF, İTSF üzrə gəlir və xərclərin hesabatlılığını tam əhatə etmək imkanlarımız mövcuddur. Dövlət büdcəsinə gəldikdə isə bu əlbəttə ki, indiki məqamda mümkün görünmür. Lakin rəqəmsal həllər dövlət büdcəsinin vəsaitləri üzrə əhatənin artımına səbəb olacaqdır.

- Maraqlı məqamlartdan biri də büdcənin hazırlanması prosesidir. Sizcə bu zaman risklərin qiymətləndirilməsi mexanizmləri yetərlidirmi?
- Son illәrin tәcrübәsi göstərir ki, fiskal risklәrin, başqa sözlә desək, fiskal nәticәlәrin gözlәntilәrdәn fәrqli olmasına sәbәb ola bilәcәk amillәrin hәrtәrәfli tәhlili sağlam dövlәt maliyyәsi üçün zəruridir. Nüfuzlu beynәlxalq tәşkilatlar da bu sahәyә xüsusi hәssaslıqla yanaşır, fiskal risklәrin aşkarlanması vә qiymәtlәndirilmәsi mәqsәdilә müxtәlif diaqnostik alәtlәr vә metodologiyalar hazırlayırlar.
Rəylərimizlə tanış olan hər kəs bilir ki, Hesablama Palatası təqdim olunan büdcə layihəsinə münasibət bildirən zaman fiskal riskləri xüsusi diqqətdə saxlayır.
Qənaətbəxş haldır ki, büdcə sənədləşməsində bu istiqamətdə məlumatlılıq mütəmadi olaraq artırılır, fiskal risklər ətraflı təhlil olunur, qlobal mühitdə baş verən dəyişikliklər də nəzərə alınmaqla tərkibi genişləndirilir, onlara qarşı mitiqasiya tədbirləri müəyyən edilir. Bəzi risklər üzrə müxtəlif ssenarilər üzərindən hesablamalar həyata keçirilir. Məsələn, 2026-cı ilin büdcə layihələndirilməsi zamanı xarici iqtisadi mühit və ticarət tarifləri, xam neftin qiymətlərində dalğalanmalar və hasilat, dövlət borcu və dövlət zəmanəti üzrə maliyyə öhdəlikləri, büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təmin olunması, dayanıqlı pensiya təminatı sisteminin formalaşması ilə bağlı çağırışlar, həmçinin iqlim dəyişiklikləri fiskal risk kimi müəyyən edilib. Sənədləşmədə bəzi risklərin maliyyə tutumunun qiymətləndirilməsinə də rast gəlinir.
Bununla yanaşı, Hesablama Palatası olaraq, təqdim olunan fiskal risklərin tərkibinin bir qədər də dəqiqləşdirilməli olduğu qənaətindəyik. Beynəlxalq təcrübə və müvafiq təlimatlar göstərir ki, risk mənbələri və onların mitiqasiya tədbirləri üzrə məlumatlılığın makroiqtisadi risklər, dövlət müəssisələri və dövlət zəmanətləri sahəsində genişləndirilməsinə ehtiyac var. Hesab edirik ki, büdcə sənədlərində dövlət müəssisələrinə ayrılan fiskal transfertlər, nizamnamə kapitalına əlavə olunmuş vəsaitlər, müəssisələrin kapital dəyəri, aktivlərin dəyərsizləşməsi, dövlət zəmanəti ilə cəlb edilmiş borclar, xalis mənfəət göstəriciləri, kvazi-fiskal fəaliyyətlər, ödənilmiş dividendlər və müvafiq əmsal analizləri barədə məlumatların təqdim edilməsi büdcə sənədlərinin keyfiyyətini artıra, büdcə qərarlarının qəbulunda daha dolğun informasiya bazasının formalaşmasına imkan yarada bilər.

- Siz neft gəlirlərindən asılılığın azaldılması istiqamətində büdcə siyasətində müsbət dəyişikliklər müşahidə edirsinizmi?
- Bu suala cavabı iki istiqamətdə cavablandırmaq istərdim. Əvvəlcə, neft gəlirlərindən istifadənin məhdudlaşdırılması ilə bağlı. Bildiyiniz kimi, Azərbaycanda 2018-ci ildən büdcə qaydasının hüquqi əsası yaradılıb, 2021-ci ildə müvafiq qaydaya göstəricilərin hesablanmasına dair sadələşmə istiqamətində dəyişikliklər edilib. Bu qayda birbaşa neft gəlirlərindən istifadəyə məhdudiyyət müəyyən etməsə də, neft gəlirlərindən asılılığın azaldılmasına xidmət edən amillərdəndir. Belə ki, ölkədə tətbiq olunan fiskal qayda icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisi üzrə ortamüddətli hədəflər müəyyən edir. Birinci göstərici üzrə alternativ yanaşma kimi orta illik əsas da xərclənə biləcək həddin müəyyən olunmasını - neft transfertlərinin məbləğinin diqqətdə saxlanmasını zəruri edir.
Digər istiqamət isə qeyri-neft gəlirlərinin artırılması ilə bağlıdır. Bununla bağlı Hesablama Palatasının da tövsiyələri də nəzərə alınmaqla büdcənin qeyri-neft gəlirləri üzrə potensial imkanlardan istifadənin artırılmasını nümunə göstərə bilərəm. Məsələn, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər üzrə dividend siyasətinin müəyyən edilməsi, vəsaitlərin daha səmərəli idarə edilməsi ilə dövlət büdcəsi gəlirlərinin artırılması və s.
Neft gəlirləri ilə bağlı Hesablama Palatasının bir mövqeyini də bildirmək istərdim. Hesab edirik ki, mövcud fiskal qanunvericiliyə yenidən baxılmalı, resurs və qeyri-resurs gəlirlərinin tərkibi yenidən dəqiqləşdirilməlidir.
- Cənab sədr, audit nəticəsində ən çox nöqsanlar hansı sahələrdə və hansı tip dövlət qurumlarında aşkarlanır?
- Sualınızla bağlı əsas nəticələr Hesablama Palatasının 2025-ci il üzrə fəaliyyət hesabatında əks etdirilib. Əvvəlki illərdən fərqli olaraq, ilk dəfə hesabatda nöqsanların funksional sahələr (təhsil, səhiyyə, mədəniyyət və digər istiqamətlər) üzrə təsnifatını təqdim etmişik. Hesabatda da qeyd edildiyi kimi, say ifadəsində büdcə qanunvericiliyinin pozulması və dövlət satınalmaları sahəsindəki aşkarlanan nöqsanlar üstünlük təşkil edir. Bununla yanaşı, əsaslı vəsait qoyuluşu, vergi və gömrük qanunvericiliyi, eləcə də dövlət əmlakının istifadəsi üzrə nöqsanlara da çox rast gəlinir.
Dövlət qurumlarının tipi ilə bağlı bildirmək istəyirəm ki, hər il təsdiq etdiyimiz İş Planına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş mandatımız daxilində müxtəlif təşkilati-hüquqi formaya malik təşkilatlarda kənar dövlət maliyyə nəzarəti tədbirləri keçirdirik. Bu qurumlara mərkəzi icra hakimiyyəti orqanları və onların tabeliyində olan təşkilatlar, publik hüquqi şəxslər, dövlət müəssisələri, büdcədənkənar dövlət fondları və digərləri aid edilir.
Audit nəticələri göstərir ki, hər bir qurumda nöqsanlara rast gəlinir, sadəcə bu nöqsanların məzmunu qurumlar üzrə fərqli olur. Satınalmalar, əsaslı vəsait qoyuluşu, əməyin ödənişi ilə bağlı nöqsanlara isə demək olar ki, bütün təşkilati-hüquqi formaya malik qurumlarda rast gəlinir.

- Son 10 ilin audit nəticələrini müqayisə etsək, vəsaitlərin təyinatından kənar istifadəsi, satınalmalarda pozuntular və qiymət şişirtmələri azalır, yoxsa yeni formalar alır?
- Vəsaitlərin təyinatı üzrə istifadə edilməsi dövlət vəsaitlərinin icrasında mühüm əhəmiyyət daşıyır. Bununla belə, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi anlayışı Azərbaycan Respublikasının qanunvericiliyində konkret olaraq müəyyən olunmayıb. Düzdür, məsuliyyət müəyyən edilib. Amma çərçivə olmadan məsuliyyətin olması da icra prosesində, eləcə də auditdə sualların yaranması ilə nəticələnə bilər. Hesab edirik ki, təyinat dəyişikliyi anlayışını yalnız büdcə təsnifatı ilə məhdudlaşdırmaq düzgün olmaz. Bu anlayış bir çox məsələləri əhatə etməlidir. Eyni zamanda, son illərdə cari nəzarət orqanlarının bu sahədə fəaliyyəti gücləndirilib. Bu da vəsaitin təyinatı üzrə istifadə edilməməsi hallarının azalmasına səbəb olur. Bildiyiniz kimi, artıq bu sahədə rəqəmsal həllərin istifadəsi genişləndirilib. Bu da aidiyyəti nöqsanın baş vermə sayının azalmasına xidmət edəcəkdir.
“Dövlət satınalmaları haqqında” yeni Qanunun qüvvəyə minməsindən sonra, habelə müvafiq dövlət orqanlarının nəzarət mexanizmlərində dəyişikliklərdən sonra bəzi sahələr üzrə pozuntularda, xüsusən də satınalma keçirilmədən bağlanılan müqavilələrin sayında əhəmiyyətli azalma izlənilir.
Lakin qanun tətbiqi ilə bağlı bəzi mexanizmlərin işlək olmasına ehtiyac var. Satınalmanın keçirilməsində əsas məqsəd iqtisadi cəhətdən ən sərfəli təklifi seçməkdir. Ucuzu olanı seçirik, nəticədə bəzi hallarda keyfiyyəti aşağı olan və icrası vaxtında başa çatmayan layihə ilə rastlaşırıq. Başqa sözlə, satınalmada ən ucuz variantı seçmək çox vaxt qənaət deyil, əksinə uzunmüddətli zərərə səbəb olur. Qənaət anlayışı dərindən tədqiq edilməlidir. Real qənaət yalnız effektiv planlaşdırma və icra sayəsində mümkündür. Real qənaəti şərti qənaətdən fərqləndirməliyik.
Araşdırmalarımız göstərir ki, satınalmanın nəticəsi olaraq müqavilə bağlansa da, müqavilələrin tam icra edilməməsi halları əhəmiyyətli paya malikdir. Qurumlar bunu müxtəlif səbəblərlə izah edir. Auditorlar isə müəyyən edir ki, bir sıra hallarda təchizatçı müqavilə üzrə ucuz olan malları təmin edir, baha olan malları isə təmin etməkdən boyun qaçırır. Bu isə müqavilənin natamam icrası, dövlət alışının vaxtında baş tutmamasına səbəb olur.
Satınalan təşkilatların təchizatçı ilə bağlanmış müqavilələrinin şərtində vaxtında işlərin görülməməsinə, keyfiyyətli görülməməsinə, natamam görülməsinə görə cərimələr nəzərdə tutulur. Təhlillərimiz göstərir ki, bu cür hallar baş verərsə hər beş müqavilənin cəmi birində cərimə tətbiqi halı baş verir. Əlbətdə ki, hər bir məsələni qanunun üzərinə atmaq olmaz, satınalan təşkilatların müqavilə şərtləri üzərində inzibatçılıq fəaliyyətinin gücləndirilməsi çox vacibdir.
Bizim ölkə də satınalma qanunvericiliyi sərfəli təklifin ehtimal olunan qiymətin uyğunluğu ilə sıx bağlıdır. Beynəlxalq təcrübədə və dövlət satınalmaları sahəsində aparılan elmi-praktiki araşdırmalarda minimum qiymət həddi ən çox müzakirə olunan mövzulardan biridir. Bu limit beynəlxalq praktikada keyfiyyəti qorumaq üçün qoyulan ən real baryer sayılır. Ona görə də ehtimal olunan qiymətin doğru və etibarlı hesablanması önəmli məsələdir.
Hesablama Palatasının apardığı təhlillər göstərir ki, dövlət sektoru üçün hazırlanan investisiya layihələrinin texniki-iqtisadi əsaslandırılması, resurs metodu ilə dəyərinin hesablanması üzərində sifarişçi təşkilatların məsuliyyəti artırılmalıdır.

- Bir məqam da maraqlıdır, Hesablama Palatasının tövsiyələri dövlət qurumları tərəfindən hansı səviyyədə icra olunur? Tövsiyələrin icrasına nəzarət mexanizmi necə qurulub?
- Tövsiyələrin icrasına nəzarətin kifayət qədər yaxşı hüquqi tənzimlənməsi mövcuddur. Hətta qərarlarımızın icra edilməməsi müəyyən məsuliyyət yaradır.
Audit obyektləri tərəfindən təqdim edilmiş məlumatlar əsasında həm cari, həm də əvvəlki illərdə verilmiş təklif və tövsiyələrimizin icrası mütəmadi olaraq izlənilir və hər birinin icra statusu müəyyən edilir. Hazırda Hesablama Palatasında audit tövsiyələrinin icrasının izlənməsini təmin edən “follow-up” modulu mövcuddur.
Bununla yanaşı, Hesablama Palatasının rəsmi internet səhifəsində bununla bağlı xüsusi bölmə də yaradılıb. Bu bölmə bir tərəfdən beynəlxalq reytinqlərdə ölkə mövqeyimizin artırılmasına yönəlibsə, digər tərəfdən qurumların maliyyə intizamına xidmət edir.
Eyni zamanda, deməzdim ki, tövsiyələr tam icra edilir. Bunun da müxtəlif səbəbləri ola bilər. Tövsiyələrimizin icrası ilə bağlı fəaliyyət hesabatlarımızda məlumat verilir. Əgər siz statistikaya nəzər salsanız görərsiniz ki, təxminən audit təkliflərinin 70 faizi ilk ayda yerinə yetirilir. Bu, kifayət qədər yaxşı göstəricidir. Tövsiyələrimizin icrasının təmin edilməsində tərəfimizdən müvafiq auditlər üzrə Milli Məclisə, yuxarı icra hakimiyyəti və hüquq-mühafizə orqanlarına göndərilən məlumatların da əhəmiyyətini vurğulamaq istərdim. Eyni zamanda, həm Nazirlər Kabineti, həm də mərkəzi icra hakimiyyəti orqanları təklif və tövsiyələrimizin icrası ilə bağlı məlumatı müvafiq hesabatlara daxil edirlər. Beynəlxalq təcrübədə də müvafiq orqanlarla əməkdaşlıq ali audit orqanının tövsiyələrinin icrasını təmin edən əsas mexanizmlərdəndir.

- Auditlər üzrə eyni nöqsanlara təkrarən yol verildiyi müəyyən edilirmi? Müəyyən edilirsə səbəb nədir?
- Son illərdə həyata keçirilən nəzarət tədbirlərinin nəticələri üzrə təkrar nöqsanların da olduğunu müşahidə etmək olar. Biz təkrarlanan nöqsanların səbəbini araşdırmağa çalışmışıq. Eyni nöqsanların təkrarlanmasının səbəbləri müxtəlifdir. Bura zəif hesabatlılıq mexanizminin olması, zəif daxili nəzarət sisteminin olması, cəza tədbirlərinin olmaması, audit tövsiyələrinin icrasında çatışmazlıqlar və s. kimi səbəbləri aid etmək olar. Nöqsanların təkrarlanmaması üçün bəzi təkliflərimiz də mövcuddur.
Qeyd edim ki, Hesablama Palatası olaraq bu istiqamətlər üzrə dövlət qurumlarına müxtəlif fəaliyyətlərlə dəstək verməyə çalışırıq. Bu da audit institutunun strateji tərəfdaş funksiyasının reallaşdırılması üçündür. Başqa sözlə, biz nöqsan axtaran qurum deyil, dövlət maliyyə idarəetməsinin gücləndirilməsinə dəstək verən qurum olmağa çalışırıq.
(ardı var)
Elşad Eyvazlı