Modern.az

4 nüfuzlu universitetə qəbul olundu: Eliananın uğur hekayəsi - MÜSAHİBƏ

4 nüfuzlu universitetə qəbul olundu: Eliananın uğur hekayəsi - MÜSAHİBƏ

Müsahibə

Bu gün, 11:31

Dünyanın nüfuzlu universitetlərində təhsil almaq minlərlə azərbaycanlı gəncin arzusudur. Hər il xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu arzunu gerçəkləşdirərək dünyanın aparıcı universitetlərinə qəbul olunan gənclər də həm akademik nailiyyətləri, həm də uğur hekayələri ilə diqqət çəkirlər.

Modern.az saytının "Dünyaya açılan azərbaycanlı gənclər" adlı rubrikası davam edir. Rubrikamızın budəfəki təqdimatında Dövlət Proqramı çərçivəsində Almaniyanın Münhen Texniki Universitetində (TUM) magistratura təhsili almaq hüququ qazanmış Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Eliana Səttarova ilə həmsöhbət olduq.

-    Eliana xanım, Dövlət Proqramı çərçivəsində Almaniyanın Münhen Texniki Universitetində (TUM) energetika mühəndisliyi üzrə təhsil almaq imkanı qazanmısınız. TUM-a qəbul prosesi necə keçdi və bu universitetin tələbləri arasında sizin üçün ən çətin mərhələ hansı oldu?

-    İstənilən universitetə, o cümlədən TUM-a müraciət kifayət qədər geniş araşdırma tələb edir. İlk növbədə uyğun proqramları tapmaq, onların məqsədlərinizə nə dərəcədə uyğun olduğunu, tədris planlarını, tələb olunan sənədləri və müraciət tarixlərini araşdırmaq vacibdir. Bəzən isə hazırda həmin universitetdə təhsil alan tələbələrin və məzunların müəyyən fənlər barədə fikirlərini öyrənmək lazım gəlir. Əksər universitetlərin sənədlərin formatı və məzmunu ilə bağlı xüsusi tələbləri, həmçinin bakalavr pilləsində toplanmış kreditlərin magistr proqramının tələblərinə uyğunluğuna dair şərtləri olur. Bütün bunları araşdırmaq və nəzarətdə saxlamaq kifayət qədər vaxt və səy tələb edir. Lakin müraciətin özü ilə bağlı BANM-in dəstəyi sayəsində sənədlərlə əlaqədar heç bir ciddi çətinlik yaşamadım. Buna görə universitetə səmimi təşəkkürümü bildirmək istəyirəm. Bundan əlavə, düşünürəm ki, beynəlxalq universitetlərə qəbul prosesinin ən çətin hissəsi əslində müraciətdən əvvəl başlayır - yaxşı namizədə çevrilmək. Yaxşı GPA göstəricisinə sahib olmaq, peşəkar təcrübə qazanmaq, müxtəlif yarışlarda, konfranslarda, könüllülük fəaliyyətlərində və digər layihələrdə iştirak etmək vacibdir. Bu, universitet illəri boyunca formalaşan uzunmüddətli bir prosesdir.

-    Siz eyni zamanda London İmperial Kolleci, Milan Politexnik Universiteti və Turin Politexnik Universitetindən də qəbul dəvəti almısınız. Bu seçimlər arasında məhz TUM-a üstünlük verməyinizə hansı akademik və peşəkar amillər təsir etdi?

-    Almaniya mühəndislik sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Burada güclü universitetlər və bu sahədə inkişaf üçün çoxsaylı imkanlar mövcuddur. TUM isə Almaniyanın aparıcı texniki universitetlərindən biridir. Düzünü desəm, mən həmişə düşünmüşəm ki, yalnız dərslərlə peşəkar mütəxəssis olmaq mümkün deyil. Təhsili layihələr, iş təcrübəsi, araşdırma və “networking”lə birləşdirmək lazımdır. Məhz buna görə TUM uzun illərdir mənim arzuladığım universitet olub. Çünki bu universitet mənim inanclarıma və dəyərlərimə uyğundur, güclü mühəndis kimi özümü inkişaf etdirmək üçün bütün imkanları təqdim edir. Universitetin maraqlı və faydalı tədris proqramı, güclü müəllim və alimləri, laboratoriyaları, araşdırma imkanları, beynəlxalq şirkətlərlə əlaqələri və geniş peşəkar imkanları seçimimə təsir edən əsas amillər olub. Buna görə də orada təhsilə başlamağı səbirsizliklə gözləyirəm.

-    BANM-də proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə təhsil almısınız, magistratura üçün isə energetika mühəndisliyi ixtisasını seçmisiniz. Bu iki istiqaməti gələcək karyeranızda necə birləşdirməyi düşünürsünüz və energetika sahəsinə yönəlməyinizin əsas səbəbi nədir?

-    Çox maraqlı sualdır. İlk növbədə qeyd etmək istərdim ki, BANM-də proseslərin avtomatlaşdırılması mühəndisliyi özü kifayət qədər geniş bir ixtisasdır. Bu sahə sənaye proseslərinin və qurğuların necə idarə olunmasını və rəqəmsallaşdırılmasını öyrənir. Energetika mühəndisliyi isə əksinə, idarə etməli olduğumuz enerji sistemlərinin özünü daha dərindən anlamağa imkan verir. Bu iki istiqamət əslində bir-biri ilə çox sıx bağlıdır. Enerji sistemlərində sabit və təhlükəsiz fəaliyyətin təmin olunması üçün gərginlik, cərəyan, generatorun fırlanma sürəti və digər parametrlərin monitorinqi və idarə olunması vacibdir. Məsələn, külək enerjisi istehsalında avtomatlaşdırma sistemləri pərlərin bucağını (“pitch control”), fırlanma sürətini və generatorun çıxış gücünü daim tənzimləyir. Avtomatlaşdırma enerji sektorunda monitorinq, idarəetmə, optimallaşdırma və mühafizə proseslərinə kömək edir və bununla da təhlükəsizliyi, enerji və xərc səmərəliliyini artırır. Bundan əlavə, “smart grid”lər, sənaye müəssisələri və bərpa olunan enerji stansiyaları kimi müasir enerji sistemlərinin rəqəmsallaşdırılması istiqamətində də böyük tendensiya var. Buna görə mən energetika mühəndisliyinə keçidimi avtomatlaşdırmadan uzaqlaşmaq kimi deyil, mühəndislik bazamı genişləndirmək kimi görürəm. Gələcəkdə enerji sistemləri, avtomatlaşdırma və rəqəmsal texnologiyaların kəsişməsində çalışmaq istəyirəm. İnanıram ki, bakalavr təhsilində qazandığım biliklər gələcək layihələrə və araşdırmalara fərqli perspektiv gətirməyə imkan verəcək.

-    Tələbəlik illərinizdə “Teknofest”, “INFOTECH”, “World Robotics Olympiad” kimi müxtəlif texnologiya yarışlarında iştirak etmisiniz, eyni zamanda “iTarla” ağıllı kənd təsərrüfatı platformasının həmtəsisçisisiniz. Sizcə, bu təcrübələr xarici universitetlərə qəbul zamanı akademik göstəriciləriniz qədər rol oynadımı? Güclü namizəd profili formalaşdırmaq üçün tələbə yalnız yüksək nəticələrlə kifayətlənməlidirmi?

-    Tələbənin universitet illəri ərzində aktiv olması çox vacibdir. Mən layihələrin akademik göstəricilərdən daha vacib olduğunu deməzdim. Əksinə, düşünürəm ki, onlar bir-birini tamamlayır. Akademik nəticələr əsas təməli formalaşdırır və əlbəttə ki, qiymətlər tələbənin intizamını və akademik hazırlıq səviyyəsini göstərir. Lakin layihələr və yarışlar tələbənin əldə etdiyi biliklərlə nə edə bildiyini, onları yeni bir şey yaratmaq və inkişaf etdirmək üçün necə tətbiq edə bildiyini göstərir. Mənim üçün də müxtəlif layihələrdə iştirak etmək mühəndislik biliklərimi praktikada tətbiq etmək, məsuliyyət götürmək, insanlarla ünsiyyət qurmaq və komanda ilə işləmək, eyni zamanda təqdimat və araşdırma bacarıqlarımı inkişaf etdirmək imkanı yaradıb.

-    “Teknofest-2025”də Şimali Kiprdə birinci yer tutmağınız, İstanbulda xüsusi jüri mükafatı qazanmağınız, “ABB Green Fintech Startup Challenge” və “TikTok Startup Academy 3.0” kimi layihələrdə uğurlarınız var. Bu nailiyyətlər arasında sizi peşəkar baxımdan ən çox dəyişdirən və gələcək istiqamətinizi müəyyənləşdirən hansı olub?

-    Düşünmürəm ki, məni ən çox dəyişdirən yalnız bir nailiyyət olub. Düşünürəm ki, bu təcrübələrin hər biri mənə fərqli baxımdan təsir edib və bir mütəxəssis kimi müxtəlif istiqamətlərdə inkişaf etməyimə kömək edib. Nümunə olaraq, “iTarla” üzərində işləmək mənə sahibkarlıq haqqında daha geniş anlayış qazandırdı və mühəndislik ideyasının real problemin həlli üçün istifadə olunan real məhsula və ya platformaya necə çevrilə biləcəyini göstərdi. Bu layihə mənə yalnız texniki bacarıqlar deyil, həm də istifadəçilərin ehtiyaclarını anlamağı, komanda ilə işləməyi, ideyanı təqdim etməyi, onun praktiki və biznes dəyəri haqqında düşünməyi öyrətdi. Eyni zamanda, “Teknofest” kimi beynəlxalq yarışlar mənə təzyiq altında işləməyi və yüksək səviyyədə rəqabət aparmağı öyrətdi. Belə yarışlarda yalnız texniki bilik kifayət etmir. Yaradıcı olmaq, tez düşünmək və yalnız texniki baxımdan güclü deyil, həm də münsiflər və auditoriya üçün maraqlı və cəlbedici olan həllər hazırlamaq lazımdır. Digər layihə və yarışlar isə araşdırma, kommunikasiya, komanda işi və ideyaları müxtəlif auditoriyalara təqdim etmək bacarıqlarımı inkişaf etdirdi. Buna görə də deyərdim ki, məni formalaşdıran konkret bir nailiyyətdən daha çox, bütün bu təcrübələrin məcmusu olub. Ən əsası isə düşünürəm ki, layihələrdə sadəcə iştirak xatirinə deyil, həqiqətən ürəkdən çalışmaq lazımdır. Yalnız bu halda həmin layihələrdən real şəkildə nəsə öyrənmək mümkündür.

-    bp, ABB Azerbaijan, Technip Energies və A2Z Technologies kimi şirkətlərdə təcrübə keçmisiniz. Universitetdə əldə etdiyiniz nəzəri biliklərlə real iş mühiti arasında hansı fərqləri müşahidə etmisiniz? Bu təcrübələr gələcəkdə hansı sahədə çalışmaq istədiyinizə təsir göstəribmi?

-    Universitet adətən daha strukturlaşdırılmış məsələləri və proseslərin daha ideal şəraitdə necə işlədiyini anlamaq üçün güclü nəzəri baza təqdim edir. Real iş mühitində isə problemlər çox vaxt daha mürəkkəb və qeyri-müəyyən olur. İşçi çoxlu araşdırma aparmalı, problemin səbəblərini müəyyənləşdirməli və uyğun həll yolu hazırlamalıdır. Universitetdə çox vaxt düzgün cavabı axtarırıq, real iş mühitində isə ən uyğun və həyata keçirilə bilən həlli tapmağa çalışırıq. Burada yalnız texniki baxımdan ən yaxşı variantı deyil, həm də son tarixləri, təhlükəsizliyi, xərcləri, mövcud avadanlıqları və şirkətin və ya müştərinin ehtiyaclarını nəzərə almaq lazımdır. Kommunikasiya, komanda işi, məsuliyyət və dəyişən şəraitə uyğunlaşmaq bacarığı da çox vacibdir. Peşəkar baxımdan, keçdiyim təcrübə proqramları mənə avtomatlaşdırma, rəqəmsal texnologiyalar və enerji sistemlərinin bir araya gəldiyi mühəndislik mühitində işləmək istədiyimi anlamağa kömək etdi.

-    Bu gün xaricdə nüfuzlu universitetlərdə təhsil almağı hədəfləyən Azərbaycan gənclərinin bir qismi haradan başlamalı olduğunu bilmir. Öz təcrübənizə əsasən, Dövlət Proqramını və TUM, Imperial kimi universitetləri hədəfləyən tələbələrə hansı addımları daha erkən atmağı tövsiyə edərdiniz?

-    Öz təcrübəmə əsaslanaraq, tələbələrə hazırlığa müraciət dövründən xeyli əvvəl başlamağı tövsiyə edərdim. İlk növbədə hansı sahəyə maraq göstərdiklərini müəyyənləşdirmək, daha sonra uyğun universitet və proqramları, onların tədris planlarını və qəbul tələblərini diqqətlə araşdırmaq vacibdir. Eyni zamanda, güclü akademik nəticələri saxlamaq və təcrübə toplamaq - təcrübə proqramlarında, layihələrdə, yarışlarda, araşdırmalarda və digər fəaliyyətlərdə iştirak etmək lazımdır. Mən həmçinin yalnız CV-də mümkün qədər çox nailiyyət toplamaq məqsədilə fəaliyyət göstərməyi tövsiyə etməzdim. Daha vacib olan öz maraq dairəsini formalaşdırmaq və gələcək məqsədlərlə əlaqəli təcrübələr qazanmaqdır. Dövlət Proqramını və TOP universitetləri hədəfləyən tələbələrə xüsusilə üç suala əvvəlcədən cavab düşünməyi tövsiyə edərdim: Niyə məhz bu sahə? Niyə məhz bu universitet? Bu seçim gələcək karyera məqsədlərimə necə uyğun gəlir? Düşünürəm ki, bu suallara cavab vermək bütün müraciət prosesini daha aydın və məqsədyönlü edir.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Moskvanı BOMBALADI - Şəhərdə hər yeri alov bürüdü