Modern.az

Bakıda daha bir beynəlxalq yarış - Hökumət 150 min xərcləyəcək

Bakıda daha bir beynəlxalq yarış - Hökumət 150 min xərcləyəcək

7 İyun 2016, 15:17

 

Bu il 22-24 iyun tarixlərində Heydər Əliyev adına Sarayında "Həmişə gənc" şüarı altında "Youthvision" beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.

 

Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova keçirdiyi brifinqdə deyib.

 

Səmayə Məmmədova müsabiqənin keçirilməsinə 150 min manat xərclənməsi nəzərdə tutulduğunu deyib:

 

 "Bura iştirakçıların və münsif üzvlərinin yemək, yaşayış, ekskursiya xərcləri, açılış mərasiminin təşkili, çap məhsullarının hazırlanması, müsabiqə öncəsi məşqlər, roliklərin çəkilişi və s. daxildir. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Müsabiqənin tərəfdaşları qismində bir neçə dövlət və özəl şirkətlərin iştirakı da nəzərdə tutulur".

 

 Müsabiqədə hər ölkəni öz münsifi təmsil edəcək. Nazirlik sözçüsü deyib ki, ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla, digər ölkələrin təmsilçilərini hər birinə müvafiq olaraq 1,2,3,4,5,6,7,8,10 və 12 bal verə biləcək: "Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi olacaq. İlk üç yerin qalibi pul mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir".

 

 Qurum sözçüsü bildirib ki, müsabiqənin həyata keçirilməsi təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur:

 "Yarışmanı İttifaqla birgə Gənclər və İdman Nazirliyi keçirir. Müsabiqə ilə bağlı  saytı yaradılıb. Müsabiqədə iştirak edəcək iştirakçılar, münsiflər sayt vasitəsilə qeydiyyatdan keçərək müvafiq sənədləri doldurub, ifa olunacaq mahnıları təşkilat komitəsinə təqdim edirlər".

Nazirlik rəsmisi vurğulayıb ki, təşkilat komitəsi tərəfindən seçilən ən yaxşı ifaçılara müsabiqədə iştirak üçün dəvət məktubu göndərilib:

 

 "Müsabiqədə iştirakçı münsif onları müşayiət edən şəxs qismində 72 nəfər nümayəndənin gəlişi gözlənilir. Müsabiqədə Azərbaycan, Albaniya, Almaniya, Belarus, Braziliya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, İordaniya, İsrail, İran, İtaliya, Kolumbiya, Litva, Latviya, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan dövlətlərinin gənc ifaçı və münsifləri iştirak edəcək".

 

Səmayə Məmmədova əlavə edib ki, 21 iyun 2013-cü il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə nazirliyin Heydər Əliyev adına Sarayında keçirdiyi "Univiziya" tələbələrin birinci beynəlxalq mahnı yarışması reallaşıb:

 

 "Həmin yarışma ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında baş tutub. Bu ildən müsabiqənin əhatə dairəsi genişləndirilərək gəncləri də bura cəlb edib və "Youth vision" adlandırılıb. Müsabiqədə 14-35 yaş arası gənclər iştirak edə bilər. Müsabiqədə ilk dəfə səslənən və ya tanınmış mahnılar ifa edilə bilər".

 

Ağa AKİFOĞLU

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir