Modern.az

“Amnistiyaya düşənlər 4 ay əvəzinə, 1 ay müddətində azad olunacaqlar”

“Amnistiyaya düşənlər 4 ay əvəzinə, 1 ay müddətində azad olunacaqlar”

14 İyun 2016, 10:46

“Qanunverici orqan olaraq bizim işimiz amnistiya aktının qəbuludur. Sonrakı proseslər isə müvafiq icra hakimiyyəti orqanına aiddir. Təbii ki, qanunların icrasında maraqlı olan bir qurum kimi amnistiya aktının icrası ilə də maraqlanırıq”.

Bu sözləri Modern.az saytına deputat Çingiz Qənizadə seyib.

Deputat bildirib ki, amnistiya aktının icrası rəsmən sabahdan, yəni iyunun 15-dən başlayacaq və artıq müvafiq nazirliklər bu istiqamətdə işlərə başlayıblar:

“Aministiya aktı ilə bağlı olaraq araşdırmalar aparılırdı, müəyyən siyahılar tərtib olunurdu. Bizdə olan məlumata görə, artıq müvafiq qurumlar akt qüvvəyə mindikdən sonra iyun ayının 15-dən başlayaraq dərhal onu icra edəcəklər.

Ədliyyə Nazirliyinin Pentensiar xidmətində qanun layihəsi müzakirə olunub qəbul olunduğu müddətdən sonra müəyyən işlərə başlayıblar.

3500-ə yaxın məhkumu özündə ehtiva edəcək bu amnistiya aktı artıq hər bir cəzaçəkmə müəssisəsində, şərti məhkum yerlərində, eyni zamanda icraatda olan işlərə tətbiq olunacaq”.

Çingiz Qənizadə deyib ki, amnistiya aktı qanunvericilikdə nəzərdə tutulduğu kimi 4 ay müddətində deyil, yaxın 1 ay ərzində tam yekunlaşdırılaraq başa çatdırılacaq:

“Düzdür, icra qanunvericiliyində amnistiya aktının icra müddəti 4 ay nəzərdə tutulub. Amma məndə olan məlumata görə, bu yaxın 1 ay ərzində amnistiya aktının icrası tamamilə yekunlaşaraq və amnistiyaya düşənlər azad olunacaq.

Bu bir tərəfdən ona görə önəmlidir ki, Mehriban xanımın təşəbbüsü ilə belə bir addım atılıb və bu təşəbbüs alqışlara layiqdir. Digər tərəfdən isə cəzaçəkmə müəssisələrində böyük sıxlıq var idi.

Amnistiya aktının icrasına qədər olan müddətdə həbsxanalarda müəyyən sıxlıq və digər problemlər yaranırdı. Artıq məhkumlar arasında sıxlıqla bağlı yaranan problemləri də bu amnistiya aktı həll edəcək”.

Hümanist aktın icrasına müvafiq qurumlar daha çox maraqlıdır. Çünki cəzaçəkmə müəssisələrində problemlər həllini tapacaq.  Ədliyyə Nazirliyi və Pentensiar xidmət bu qərarı yaxın zamanda həyata keçirəcək”.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!