Modern.az

Cocuq Mərcanlının yeganə sakini Modern.az-a DANIŞDI: “Hamıdan çox sevinirəm” - FOTOLAR

Cocuq Mərcanlının yeganə sakini Modern.az-a DANIŞDI: “Hamıdan çox sevinirəm” - FOTOLAR

25 Yanvar 2017, 13:35

1993-cü ildə işğal olunmuş, 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu "Horadiz əməliyyatı" nəticəsində isə azad edilmiş Cəbrayılın nəzarətimizdə olan yeganə yaşayış məntəqəsində - Cocuq Mərcanlı kəndində tezliklə əsaslı bərpa işləri başlayacaq. Prezident İlham Əliyev dünən bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, 2016-cı ilin aprelində həyata keçirilən uğurlu döyüşlər zamanı kəndin yaxınlığındakı Lələ təpə erməni işğalından azad edildi və Cocuq Mərcanlıya təhlükə aradan qalxdı. Bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün kənddə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yarandı.
Ölkə prezidenti də vəziyyəti düzgün qiymətləndirib Cocuq Mərcanlının bərpası ilə bağlı dünənki sərəncamı imzaladı.

İndiyə qədər kənddə yalnız 1 ailə yaşayır və burada hərbçilərimiz məskunlaşıb. Ölkə başçısının dünənki sərəncamı Cocuq Mərcnlıya qayıdışı sürətləndirəcək.
Sərəncama əsasən, kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhyələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 4 milyon manat vəsait ayrılıb.

Modern.az saytı Cocuq Mərcanlı kəndindən olan insanlarla əlaqə saxlayaraq, məsələyə münasibət öyrənib.
 

Cocuq Mərcanlı kəndinin icra nümayəndəsi Xanlar Zeynalov saytımıza açıqlamasında belə bir sərəncama çox sevindiklərini deyib.

“Prezidentin sərəncamını çox müsbət qarşıladıq. Hamımız çox yaxşı əhvaldayıq. Hələlik ilkin mərhələdə orada 50 ailəni məskunlaşdırmaq nəzərdə tutulub. Əhali arasında da belə sual yaranıb ki, bu 50 ailə kimlər olacaq?! Bizə orada daimi yaşayacaq adamlar lazımdır. Yoxsa, gəlib məskunlaşıb evi sənədləşdirib, sonra çıxıb gedənlər lazım deyil. Qanunla daimi olaraq könüllü şəkildə kim Cocuq Mərcanlı kəndində yaşamaq istəyirsə, o adamlara ev veriləcək. Bu da çox müsbət qarşılanıb.

Cocuq Mərcanlı kəndində doğulub boya-başa çatmışam. Məktəbə də o kənddə getmişəm. Atam-anam o kənddəndir. Kənar yerdən deyil.

Lələ təpə yüksəkliyi erməni işğalında olanda da Cocuq Mərcanlı kəndinə gedib baş çəkirdim. Lələ təpə işğaldan azad olunandan sonra indi orada yaşamağa heç bir təhlükə yoxdur. Prezidentin fərmanından sonra böyük məmuniyyətlə gedib orada yaşayacağıq. Ailəm və mən başda olmaqla, gedib kənddə məskunlaşacağıq. Düzdür, oralar dağılıb. Amma hər şey dövlətimiz tərəfindən bərpa olunacaq. İnanın, insanlar hədsiz dərəcədə sevinirlər. Gənc, yaşlı insanlar lap çox sevinirlər. Nə etsinlər, Azərbaycanın 21 rayonunda məskunlaşıblar. Hamısı, dünəndən bəri zəng edirlər. Cocuq Mərcanlının sakinləri hər zaman təsərrüfatla məşğul olublar. Bilirlər ki, məskunlaşsalar, yenidən təsərrüfatı dirçəldəcəklər. Cocuq Mərcanlı kəndinin sakinləri prezidentin dünənki sərəncamını ikiəlli alqışlayılrlar”.
 


Qeyd etdiyimiz kimi, 1994-cü ildən bəri Cocuq Mərcanlı kəndini tərk etməyən və hələ ki buranın yeganə sakini olan Oqtay Həziyev də prezidentin sərəncamına sevinənlərdir.

“Prezidentin sərəncamını oxuyandan sonra çox sevindik. Çünki burada yaşamaq çox çətindir.  Hər yer dağılıb. 24 il bundan əvvəl işğal olunmuş Cocuq Mərcanlı kəndinin yenidən bərpa olunması ilə bağlı cənab prezidentin sərəncamı alqışlanmalıdır. Cənab İlham Əliyevə çox böyük sevgilə minnətdarlıq edirik. Mənfur düşmənlər Cocuq Mərcanlıda daşı-daş üstə qoymayıblar. Nə yaxşı ki, ermənilərin məhv etdiyi kəndin yenidən abadlaşması üçün belə bir sərəncam verildi.

Hər kəs bu kənddən çıxıb gedəndən sonra bu kənddə yaşamağa davam edən yeganə sakinəm. Bu kəndin qazının, işığının, suyunun təmin olunmasını həyata keçirmişəm. Bu illər ərzində bir dəfə də olsun bu kənddən çıxmağı düşünməmişəm. Təbii ki, çətinliklərimiz çox olub. Burada bir nəfər də olsun ailə olmayıb. Bir tərəfdə düşmən, digər tərəf zülmət. Təsəvvür edin, burada yaşamaq necə olub. Amma, ailəmlə bir-birimizə dəstək olmuşuq. Uşaqlarımın təhsil alması üçün  hər gün onları qonşu kənddə yerləşən məktəbə aparıb-gətirmişəm.

Bu illər ərzində ailəmi təsərrüfatla dolandırmışam. Əl-ələ verib heyvandarlıqla, taxılçılıqla məşğul olmuşuq. Maddi durumumuzu təsərrüfatla təmin etmişik”.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir