Modern.az

Şəhid əlləri

Şəhid əlləri

28 Fevral 2017, 09:41

Məhsəti Şərif


Əl-ələ, yan yana şəhid oldular. Bu kadrları görəndə nitqim tutuldu. Əvvəlcə bir neçə anlıq sandım ki, danışma yetənəyimi itirdim. Ağzımı açdım, amma səsim çıxmadı. O kadrlar dünənən mənə şok yaşatdı. Əslində müharibə şəraitində böyümüş, torpağı işgal olunmuş, 1 həftə içində ailəsinə iki şəhid gəlmiş biri kimi daha ağır durumları da yaşamışam.
İllər acımızı dindirməsə də, alışqanlıq yaradırmış…

Öz torpaqları üzərində düşmən gülləsi ilə şəhid olan əsgərlərimiz bəlkə də bir-birlərinə yardım etmək üçün yaxınlaşmışdı, amma son nəfəsləri buna imkan verməmişdi. Nə bilirik o saniyələrində gözlərilə nə danışmış, dayanan ürəklərindən nələr keçirmişlər. Onlar bir-birlərini döyüş meydanında qoyub qaçmadıqları üçün qəhrəmandırlar. Onların ürəklərindəki böyüklük bizim sadəcə dilimizdədi. Biz danışır, uzaqda oturub “neçə şəhidimiz var”, deyə itkini rəqəmlərə tökürük. Onlarsa döyüş meydanında igidlik göstərir.

Onlar şəhid olur, bizsə anaları bu kadrları görər deyə, düşünmədən, saytlarımıza baxışları sayğaclayırıq. Aramızda nə qədər böyük fərq var. Onların qanı torpağa qarışır, bizim qanımız başqa şeylər üçün qaynayır. Yerdə yatan oğlanları görəndə elə qısqandım ki... Bütün yaşayanları qısqandım. Qarabağı sosial şəbəkələrdə alanları qısqandım, Şəhidlərin məzarı üstündə səmimiyyətsizcə şəhidlik zirvəsindən danışan, amma oğlunu xaricdə oxutdurub, kənar köşədə əsgərlik çəkdirən yekəqarın məmurları qısqandım. Çünki onlar şəhid olur, biz danışırıq. Bu gün yaşadığım üçün özümü də qısqandım.

O gənc bədənləri əl-ələ gördüyüm an əslində haramın başqa şeylərdə deyil, yaşamaqda olduğunu anladım.

Heç vaxt niyə şəhidimiz var deyə, üsyan etməmişəm. Hər dəfə torpağ uğrunda şəhid olacaq, olmalı demişəm. Amma nədənsə bu gün fərqli düşündüm. Şəhidimiz varsa, o zaman nədən torpağımız yoxdu? Onlar torpaq üçün şəhid olmurlarmı? Bəs, acıyan ürəklərin üzərinə səpmək üçün bir ovuc torpaq yoxdumu? Təpə olsun, küçə olsun, olsun! Kaş şəhidlərlə bərabər azad torpaq da gələrdi.

Bunları düşündüm, sonra şəhid əsgərlərimizin anası oldum. Ağlımdan keçirdiklərimə ürəyimin dayanmadığını hiss etdim. İndi min bir əzab-əziyyətdə oğul böyütmüş ananın içindən püskürən acının onu necə kül etdiyini anladım. Bir-birinə uzadılmış o əl sevdiyinin əlini tuta bilərdi, övladının saçına sığal çəkərdi, anasının toyunda kövrələn göz yaşlarını silə bilərdi... Amma onlar torpaq üçün canından, dünyanın işığından və nemətlərindən vaz keçdilər. Biz isə cəmi yarım ay sonra kosa oynadıb, təlxəklik edəcəyik...

...O əllər var ha, şəhid əlləri… Qoy gecələr rahat yatanların boğazlarına qandal olsun! Yuxunuz ərşə çəkilsin!




Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir