Arxiv
11 Noyabr 2009, 11:50 | REPORTAJ
Oxucularının yarıdan çoxu məmurlar olan 20 yaşlı qəzet

“Redaksiyalardan reportaj” layihəsinin bu dəfəki ünvanını-“Yeni Müsavat” qəzetini təsadüfən seçmədik. Düşündük ki, 20 illik yubileyini qeyd edən, 1997-ci ildən gündəlik nəşr edilən qəzetin kollektivi ilə görüşmək, söhbətləşmək elə həm də təbriki əvəz edə bilər. 45 nəfərə 9 otaq Mətbuatı izləyənlər məlumatlıdırlar ki, “Yeni Müsavat” xeyli vaxtdır yeni ünvanda-metronun “Neftçilər” stansiyasının yaxınlığındakı 13 mərtəbəli binanda fəaliyyət göstərir. İkinci mərtəbədəki redaksiyada məni baş redaktorun köməkçisi Lalə xanım qarşıladı. Saat 11.00-da başlayacaq planlaşdırmaya hələ 30 dəqiqə qalırdı. Vaxtdan istifadə edib qəzetin ofisini müşahidə etdim. Elə bəribaşdan qeyd edə bilərəm ki, komfortlu şəraitləri var. Təbii ki, barəsində az-çox eşitdiyim keçmiş redaksiya ilə müqayisədə. Sonradan söhbətimiz zamanı əməkdaşlar da indiki ofisin şəraitindən çox məmnun olduqlarını bildirirdilər. 6 redaktor olmaqla 45 nəfərlik kollektiv üçün yaxşı təmirli 9 otaqda işləmək pis deyil.

Ad günü təəssüratları

İşə gələn əməkdaşlar bir gün öncə “Meridian” restoranında keçirilən yubiley tədbirinin ab-havasından çıxmamışdılar, təəssüratlarını bir-birlərinə danışırdılar. Elə planlaşdırmaya da “Meridian”dakı mərasimdə olanlardan danışa-danışa başladılar. Planlaşdırmada qəzetin yeni təsisçisi və köhnə baş redaktoru Rauf Arifoğlu ilə bərabər onun 19 əməkdaşı iştirakı edirdi. Əvvəlcədən öyrənmişdim ki, adətən səhər iclasını həftənin I, III və V günləri Rauf Arifoğlu, II, IV və VI günlər baş redaktorun I müavini Azər Ayxan, bazar günləri isə redaktor Zahid Səfəroğlu aparır. Rauf Arifoğlu öncə təsisçilik statusunun Müsavat başqanı İsa Qəmbərdən ona keçdiyini xatırlatdı: “İsa Qəmbər Azərbaycanın yeganə alternatividir. Qəzetin təsisçilik hüququnun mənə verilməsini yüksək qiymətləndirirəm. Bundan sonra da qəzetdə heç bir dəyişiklik edilməyəcək. Hər şey necə varsa, eləcə də qalacaq”. Bir saata yaxın davam edən planlaşdırmada mövzular bölüşdürüldü və hər kəsə verilən mövzuları redaktor Famil Cəfərli dəftərçəsində qeyd etdi. Yəqin yaddan çıxmamaq üçün. Əməkdaşların dili ilə desək “morq” da qalan yazıların yenidən işlənməsi də tapşırıldı.

Səhər iclasında mövzular təklif etməklə müzakirələrə yol açan Elşad Paşasoy, Elşən Balaxanlı və Fərhad Məmmədov daha fəal idilər.

Doğum tarixçəsi

Planlaşdırmadan dərhal sonra baş redaktorla söhbətləşmək imkanı yaranmadı. Rauf Arifoğlunun qəbuluna gələnlər vardı. Nəhayət növbə mənə də çatdı. Beş dəqiqəlik söhbətimiz zamanı Rauf bəy qəzetin tarixcəsi barədə qısaca məlumat verdi: “Azərbaycanın qəzet sənayesində “Yeni Müsavat” ən qoca qəzet sayılır. Müstəqillik dövrünün əvvəlində yaranan ilk müstəqil qəzetlərdən biriyik. Artıq 20 yaşımız var. “Azərbaycan” və başqa qəzetlərə ömür calayıblar ki, guya müstəqillik illərindən çıxan qəzetin davamçısıdır. Ancaq gerçəkliyə baxsan, heç müstəqil medianın yaşı  20 deyil. Bu baxımdan bizim qəzeti qocaman saymaq olar. 1989-cu ilin noyabrından 1991-ci ilin sentyabrınadək  “samizdat" üsulu ilə “Yeni Müsavat”ın 17 nömrəsini çıxarmışıq. Arxivimizdə ilk nömrələrimizi saxlayırıq. “Yeni Müsavat”ın anası, ya da babası “Birlik” dərgisidir. İlk nömrələrimizin materiallarını kustar üsulu ilə kiçik çap maşınında özüm yığmışam. O materiaları yığarkən hətta barmaqlarım da qan içindəydi. Çünki təcrübəm yox idi. 20 il öncəki həmin çap makinasını da indiyə kimi saxlayırıq. Bu mənimçün çox qiymətlidir”.

 

“Yeni Müsavat” brendi

Rauf Arifoğlu ilə söhbətimizə davam edirik: “Bu gün

Azərbaycan mətbuatının durumu çox acınacaqlıdır. Çünki Azərbaycanda azad medianı istəməyənlər var. “Yeni Müsavat” əziyyətlərə baxmayaraq, hələ ki öz mövqelərini qoruya bilib. Bundan sonra da çalışacağıq ən azı 5 il də mövcudluğumuzu saxlayaq. İnşallah buna da nail olacağıq”. Baş redaktorun ““Yeni Müsavat” brendi özündə nəyi əks etdirir?” sualıma cavabı belə oldu: - “Yeni Müsavat” brendi dürüstlüyü, etibarı, milliliyi, türkçülüyü və İslamı özündə birləşdirir. Hətta ən çətin şərtlər olanda belə, “Yeni Müsavat”ı alıb oxuyublar. Vaxtilə bir məmur “Yeni Müsavat” qəzeti ilə tutulsaydı, onun çörəyi kəsilə bilərdi. Amma o, “Xalq qəzeti”nin arasına “Yeni Müsavat” qoyub oxuyub. Niyə? Çünki “Yeni Müsavat”a inanıb, güvənib və informasiyaya ehtiyac hiss edib. Rauf Arifoğlunun sözlərinə görə, onun qəzeti beynəlxalq arenada əsasən Türkiyə mediası ilə əlaqə yaradıb: “Bu da ondan irəli gəlir ki, dilimiz eynidir. Bəzən qəzetimizin manşetləri Türkiyə qəzetlərinin baş yazısı olur. Yaxud da əksinə. Az qisimdə başqa dövlətlərin mətbuatı ilə də müəyyən münasibətimiz var”. Baş redaktor deyir ki, indiyədək qəzetə təxminən 500-600 əməkdaş gəlib-gedib. “Bu qəzetdə zorakılıq prinsipi yoxdur. Kim bizim şərtlərimizə uyğun işləyə bilirsə qalır, kim də əməl etmirsə gedir. “Yeni Müsavat”da prinsipial olaraq işdən çıxarma prosesi olmayıb, yoxdur. Düzdür, bəzi tanınmış imzalar burdan gedib, ancaq həmin imzaların daha da məşhurlaşması faktına mən hələ ki rast gəlməmişəm”-deyə R.Arifoğlu bildirir. Müsahibimiz deyir ki, “Yeni Müsavat”da tənbəl adama yer yoxdur: ““Yeni Müsavat” məktəbi tamamilə başqadır. Burada çalışanlar artıq avtomatlaşıblar”. “Yeni Müsavat”ın oxucuları hansı təbəqədir? Təsisçi və baş redaktorun bu suala cavabı: “Qəzetimizin oxucularının yarıdan çoxu məmurlardı. Onların imkanları var ki, hər gün 40 qəpik verib qəzet alsınlar. 20-25% oxucumuz müxalifətçilər, 20% xırda ticarətlə məşğul olanlar, 5-7% isə təsadüfü adamlardı. Oxucu rəyi bizə o qədər lazımdır ki, biz əlimizi nəbz kimi ona kökləmişik. Yoxsa satışla yaşayan redaksiyanın mövcudluğunu sürdürməsi qeyri-mümkündür”. Azər Ayxan: “Başqa adla qəzet buraxmaq fikrindəydik, Rauf Arifoğlu qoymadı” Rauf Arifoğlu ilə söhbətin ardından növbəti müsahibim baş redaktorun I müavini Azər Ayxan oldu. Azər Ayxanın da İsa Qəmbərin təsisçilikdən imtina etməsinə reaksiyasını öyrəndim, O, bunu normal qarşılayıb: “İsa Qəmbərin dəfələrlə belə istəyi olmuşdu. Bu gözlənilməz addım deyildi. Gec-tez baş verəsi hadisə idi. Biz də hər birimiz buna normal yanaşdıq”. Müsahibim qəzetin ən ağır günlərini belə xatırladı: “2004-cü ilin dekabrında Rauf Arifoğlu həbsdə olarkən qəzet fəaliyyətini dayandırdı. Həmin vaxt qəzetin fəaliyyətinə məhkəmə hökmü ilə kəsilən borclar ciddi əngəllər yaradırdı. 20-yə yaxın iddia əsasında xeyli təzminat ödəməli idik. 10 günlük fasilədən sonra qəzet fəaliyyətini bərpa etdi. Düzünü desəm, həmin vaxt biz başqa adla qəzet buraxmaq fikrindəydik. Lakin Rauf Arifoğlu yalnız “Yeni Müsavat” adlı qəzetin nəşr edilməsini istədi. Və biz hər şeyi sıfırdan başlamalı olduq. O zamanlar müəyyən peşə tələblərinə riayət edə bilməsək də, “Yeni Müsavat”ı həyata qaytara bildik”. Azər Ayxan məhkəmənin qəzetə kəsdiyi bəzi borcların hələ də ödənmədiyini bildirdi: “Bəzi borclar indi də qalmaqdadır. Bir sıra dövlət qurumları vaxtilə məhkəmədə bizi udublar. Hərdən onların nümayəndələri redaksiyamıza zəng edib borcun ödənilməsini tələb edirlər. Borclu qaıdıqlarımız görəcəklər vermirik, axırda özləri bezəcəklər”.

Kamfortlu şərait onları tənbəlləşdirməyib ki?

Azər Ayxanın bu suala cavabı gözlədiyim kimi “yox”la başladı: “Əvvəlki redaksiyalarımızla müqayisədə bura daha yaxşı demək olar. Amma öncə yerləşdiyimiz ofislər  geniş olmasa da, şəhərin mərkəzindəydi, bu da prestij demək idi. İndiki komfortlu şərait heç də bizi arxayın salmayıb. Biz fədəkar kollektivik. Ekstremal şəraitdə işləyən insanlar tənbəl ola bilməzlər”.

Redaktorlar

Bayaq planlaşdırma öncəsi həmkarlarından ona da bir-iki mövzu tapmağı xahiş edən redaktor Famil Cəfərli belə deyir: “Hərdən mövzu qıtlığı olur. Siyasi proseslər səngiyib ondandır”. Digər redaktor Nazim Sabiroğlunun sözlərinə görə, müxbir işlədiyi zaman tənbəl olub. Nazim Sabiroğlunun arzusu tükənməzdir: “Qəzetimiz 13 min yox, 130 min tirajla çıxsın, özümüzün mətbəəmiz olsun”. N.Sabiroğlunun arzularını sadalayarkən redaksiyada çalışan füzulili həmkarlarına “Füzulililər daha yaxşı yerdə işləsinlər”-deyə atmaca atmasının səbəbini az sonra öyrəndim. Məlum oldu ki, “Yeni Müsavat”da çalışan əməkdaşların əksəriyyəti iki regiondandır: Füzulidən və Tovuzdan. Belə ki, 45 nəfərdən 10-nu füzulililər, 8-ni tovuzlular təşkil edir. Qalanlar ayrı-ayrı bölgələri təmsil edirlər. Növbəti müsahibim də redaktordur. İxtisaca həkim olan Zahid Səfəroğlu deyir ki, uzun illərdir redaktə edir, amma bu işdən hələ yorulmayıb: “Yazı zövqümə uyğun olmayanda o yazıya daha çox enerji sərf edirəm”. Məlum oldu ki, dinlə bağlı yazıların redaktəsini də Z.Səfəroğlunun üstünə atırlar. Bu da onun dindar olmasından irəli gəlir. “Yeni Müsavat”ın gənc redaktoru Zabil Müqabiloğlu  İstanbula ezamiyyətə göndərildiyindən işdə deyildi. “Yeni Müsavat”da həm də “Samir Sarı” imzası ilə yazan yazar Xalid Kazımlı musavat.com saytının web-redaktorudur. Onun sözlərinə görə, çox erkən yaşlarından jurnalist olmaq istəyib: “12-13 yaşlarımdan felyeton yazmağa başlamışam. Əvvəllər mənə yaxın olan insanların adından istifadə edirdim. Əmimoğlu Samirin adını özümə imza seçdim. "Sarı" ləqəbini isə Rauf Arifoğlu mənə qoydu. İndi Xalid Kazımlı kimi analitik, siyasi, Samir Sarı kimi isə felyeton yazıram. 8 ildir ki, bu, belə davam edir. Deyilənə görə, güclü satira yazanlar rəhmətlik Məmməd Nazimoğlu, Zamin Hacı və mənəm”.

İşin öhdəsindən gələn müxbirlər

Səhər planlaşdırmasının yarısına gəlib çıxan Fərhad Məmmədov işə tez-tez gecikirmiş. Özü belə dedi. F.Məmmədov “Yeni Müsavat”da azadlıq və sərbəstliyin mövcudluğunu, burada işləməyin daha asan olduğunu qeyd etdi. Parlament müxbiri Elşad Paşasoy 10 ildir ki, “Yeni Müsavat”da çalışır. E.Paşasoyun parlamentlə bağlı təəssüratlarından məlum oldu ki, o, Milli Məclisdə eyni ab-havanın darıxdırıcılığından narazıdır: “Bəzən eyni rəngi həmişə görmək, eyni ab-havanı müşahidə etmək mənim üçün çox cansıxıcıdır. Ancaq polemika olanda, adam az qalır sevinsin. Mili Məclis istisnaları çıxmaq şərtilə elə də maraqlı deyil”. Uzun müddətdir müxbir kimi Milli Məclisə ayaq döyən Elşad Paşasoy nə vaxtsa deputat ola bilərmi? - Nə zamansa yerdəyişmələrin olması mümkündür. Kriminal şöbənin rəhbəri Elşən Balaxanılı günahsız insanların həbsindən çox təəssüfləndiyini dedi. Onun sözlərinə görə, “Cinayət işi üzrə ittiham aktı” kitablarında fakt deyilən bir şey yoxdur: “Belə qalın kitablarda fakt yoxdur. Ola bilər ki, gələcək də həmin kitabı elə özüm yazdım”. Müxbir Elşad Məmmədli hər şeydən yazır. Çünki bütün sahələrlə maraqlanır. Yubiley mərasimində “Biləndərəm” adlı diplomla təltif edilən Elşad Məmmədli son zamanlar köşə yazılarının sayını azaltmasının səbəbini belə izah etdi: “Başqa qəzetlərdə elə köşələr oxuyuram ki, artıq köşə yazmaq mənimçün perspektivli iş deyil”. Elşad deyir ki, son zamanlar daha çox Zamin Hacı və Murad Köhnəqalanın köşələrini acgözlüklə oxuyur. İstənilən siyasətçini bir-biri ilə bicə həftəyə vuruşdurmağı bacardığını deyən siyasət müxbiri Etibar Seyidağa yalnız redaksiya daxilində heç vaxt qalmaqal yaratmır. Etibar sonuncu dəfə İqbal Ağazadə ilə Arif Hacılını vuruşdurduğunu da xatırladı. “Ölüm-itim şöbəsi”nin yazarı Samir Kazımlı əsasən müsavat.com saytına yazır. Yubiley tədbirində ona əmioğlusu Xalid Kazımlının adına olan nominasiyanın mükafatı verilib. Samir arzu edir ki, onun adından da Elşən Balaxanılıya nominasiya verilsin. Yubiley ərəfəsində maşını “vurulan” Vüsal Mehdioğlu idman şöbəsinin rəhbəridir. Vüsal fəxrlə bu yaxınlarda Fənərbaxça-Galatasaray matçını canlı izləmək üçün İstanbula getməyindən danışdı. Düz deyir, doğrudan da, həmin derbiyə canlı baxmaq nəyə desən dəyər.

Müxbir xanımlar ”Yeni Müsavat”ın xanım əməkdaşı Sevil Hilalqızı bəzən mətbuatdan bezib getmək istədiyini dedi: “Çox istəyirdim gedim. Ancaq son 5 ildə başa düşdüm ki, gedəcək yerim yoxdu”. Sevil “Yeni Müsavat”dakı iş prosesi zamanı yadında qalan maraqlı bir hadisəni də danışdı: “Bir gün Lənkərandan redaksiyamıza bir kişi zəng edib “o nədir yazıbsız ki, müəllimlərə şalvar geyinmək qadağan olunacaq. Bəs biz nə geyinək?” deyib xəttin o başında səsini başına atdı. Redaktorumuz dəstəyi alıb ona  sərlövhəni diqqətlə oxumağı məsləhət gördü. Xəttin o başındakı kişi də oxudu: “Müəllimələrə şalvar geyinmək qadağan olunacaq”. Zəng vuran üzr istəyib, dəstəyi asdı”. Nailə Rövşənqızı daha çox gənclərlə bağlı yazılar yazır. O, daha çox Rauf Arifoğlunun apardığı planlaşdırmanı bəyəndiyini qeyd etməklə, bəlkə də özünə iş açdı. Çünki, ola bilsin ki, Nailənin bu sözünü oxuyan digər redaktolar onu gözümçıxıdya salsınlar. Müsahibim “Yeni Müsavat”da peşəkar jurnalistlərlə birgə çalışmasından qürur duyduğunu vurğuladı. Röya Rəfiyeva mətbuatın köhnə, “Yeni Müsavat”ın təzə işçilərindəndir. O, cəmi bir həftədir ki, bu redaksiyada  çalışır. Röya deyir ki, iş elə gətirib ki, məhz bu qəzetdə çalışmağa qərar verib. Zülfiyyə Sakitqızı redaksiyada “Zuzu” “kliçkası” ilə tanınır. Hərdən redaktor Zahid Səfəroğlu ilə yola getmədiyini deyən müxbir xanımın narazılığının səbəbinə baxın: “Bir də görürsən ki, mənim reportajımı səhifəyə şəkilsiz qoyub”. Üzünü görməyb, adını eşitdiklərim Redakiyada daha çox şikayətçiləri qəbul edib onları dinləyən müxbir Məhəbbət Orucov, iqtisadiyyat xəbərləri hazırlayan əməkdaş Həbibə Abdulla və hər şeydən yazan Leyla İlqar tədbirdə olduqlarından onları qiyabi tanıdım. “Reportajlar anası” adlandırılan Sevinc Telmanqızı da üzrlü səbəblərə görə materialları evdə hazırlayıb, qəzetə göndərir. ”Yeni Müsavat”ın ən yaşlı əməkdaşı Böyükkişi Heydərlini də görə bilmədim. Dedilər ki, ağsaqqal şikayət və məktublara baxır, bu səbəbdən də o, köhnə ünvanda oturur.

  

Qəzetlə həmyaşıd müxbirlər

6 aydı reportyor kimi “Yeni Müsavat”a qoşulan Fərahim İlqaroğlu bu qəzetin həmyaşıdıdır. Fərahim dedi ki,  qəzetin tarixi ilə bağlı 15 dəqiqəlik sənədli film də çəkiblər. Mən “Yeni Müsavat”da olduğum müddətdə unu Şamaxıya reportaj hazırlamağa yola saldılar. Qəzetin digər həmyaşıd müxbiri Türkan Turandır. Türkan Turan da elə həmkarı ilə eyni müddətdir bu redaksiyada çalışır. O, təzə olması səbəbindən işində hamıdan çox məsuliyyətli olduğunu qeyd etdi.

Köşə yazarları, maliyyə şefi, sürücü, komendant, hüquqşünas

Tanınmış köşə yazarları Zamin Hacı, Şahvələd Çobanoğlu və Murad Köhnəqala isə yazılarını evdən hazırlayıb internetlə göndərirlər. Bu səbəbdən də onlarla görüşümüz baş tutmadı. Baş direktor Ələsgər Süleymanov maliyyə, satış və reklam işlərinə baxır. Ələsgər bəy deyir ki, çətinliklərin öhdəsindən hər zaman gəlib. Bir ildi Rauf Arifoğlunun sürücüsü işləyən Bəhruz şefindən çox razılıq etdi. Guya ki, razılıq eləməyə bilərdi...? Redaksiyanın komendantı Əlsuvar Mütəllimov da öz işindən çox razılıq etdi. Mətbəxə bazarlığı da o edir. Hüquqşünas Vaqif Hüseyni redaksiyada “Vəkil”-deyə çağırırlar. Redaksiyada yalnız onun iş kompüteri yoxdur. Səbəbi də ki, öz noutbukunun olmasıdır. Vaqif bəyin əsas vəzifəsi təbii ki, qəzetin hüququnu müdafiə etməkdir. Texniki heyət və Yaşar Türkazər Operator xanımlar Çinarə Süleymanova 7, Rəfiqə Həsənova isə 13 ildir ki, yazmaqla məşğuldurlar. Dizaynerlər Faiq və Emin gənc olmalarına baxmayaraq işlərini bacaranlardandırlar. Dizaynerləri təxribata çəkib maaşlarının məbləğini soruşdum, gizlətmədilər: “400 manat”. Azərbaycanın hər bir bölgəsini qarış-qarış gəzdiyini deyən Yaşar Türkazər “Yeni Müsavat”n ilk yayıcısı olub. O, da redaksiyada idi. Gecə növbəsində çap işlərinə baxan Roman Cavadov isə yox idi. Pulsuz nahar

Onu da öyrəndim ki, bu redaksiyada işçilərə günorta pulsuz yemək də verirlər. Fürsətdən istifadə edib mətbəxə də nəzər saldım. Xidmətçilər Mahizər xala biş-düşlə, Tərifə xala isə silib-süpürməklə məşğul idi. Hər ikisi bir ağızdan işçilərdən “çooox razıyıq” dedilər. Sonra da əlavə etdilər ki, “Yeni Müsavat”da çalışan həmkarlarımızın təmizkarlığına söz ola bilməz.

Redaksiyada olduğum müddətdə fikirləşdim ki, gəlmişkən, elə günorta naharını da müşahidə edim. Əksər iş yerlərində işçilərə pulsuz yemək verilmir, veriləndə də “ucuz ətin şorbası...” məsələsi olur. Bəs “Yeni Müsavat”da necə? Günorta həmkarlarımla birgə mətbəxə daxil oldum. Süfrəyə borş verilirdi. Borş yeməkdən imtina edənlər də oldu. Amma ad çəkməsəm yaxşıdır. Qonaqpərvərliyə görə sağ olsunlar, mənə də təklif etdilər. Mənim də borşla aram olmadığını söyləməli oldum. Xanım müxbirlər dedi ki, nahar yeməyi hazırlananda, hərdən onların istəyi nəzərə alınır. Redaksiyadaxili nigahlar

“Yeni Müsavat”da maraqlı olaylar çox olub. Məsələn, bu redaksiyada çalışan zaman oğlan və qız həmkarlarımızdan bəziləri bir-birlərini bəyənib və ailə qurublar. Onlarla tanış olaq: Zamin Hacı və Sevinc Telmanqızı; Ələsgər Sülüymanov və Nəzakət xanım; Məğrur Əli Polad və Fərəh Sabirqızı; Şahin Cəfərli və Süheylə Yaşarqızı; Kamal və Vəfa; Yalçın İmanov və Aynur İmanova; Cavid və Ürfanə; Kollektivdaxili nikahların sayı yəqin ki, tezliklə artacaq. Çünki evlənməyə namizəd olanlar var. Bu sırada Vüsal və Samirin adını desələr də, onların bəyəndikləri xanım həmkarlarımızın ismini açıqlamaq istəmədilər. Mən də təkid etmədim.  Sonda Modern.az-ın oxucularına tanıtdığım həmkarlarımızı 20 illik yubiley münasibətilə bir daha təbrik edirik.

Yeni binada yeni ofis

"Samizdat"lar

"Yeni Müsavat" dəfələrlə diplomlara layiq görülüb

"Elə xəbərlər yazın ki, "səsi" çıxsın, döyülənlərin qanorarı da çox olacaq"

Planlaşdırma

Hamı mövzu fikirləşir

 Planlaşdırma davam edir

"Bir az tez ol, çək, hələ mən köşə də yazmalıyam"

Xalid Kazımlı: "Deyilənə görə, felyetonlarım pis alınmır"

Nazim Sabiroğlu: "Redaksiyamız bundan da rahat olsa, lap yaxşı olar"

Famil Cəfərli mövzu qıtlığı ilə üzləşib

Zahid Səfəroğlu redaktə etməkdən hələ yorulmayıb

Kommersiya direktoru Ələsgər Süleymanov hər həftənin çərşənbə günü işçilərin sevimlisi olur

Azər Ayxan: "Az qalmışdıq, başqa adla qəzet buraxaq"

 

Elşən Balaxanski yenə kriminal xronikanı incələyir

 

 "Yeni Müsavat"ın vəkili Vaqif Hüseyn

Mətbuatdan getmək arzusu ilə yaşayan Sevil Hilalqızı 
 

Röya Rəfiyeva bir həftədir  "Yeni Müsavat"a gəlib

 

Subaylığın daşını atmağa namizəd idman yazarı Vüsal Mehdioğlu

Etibar Seyidağa bu dəfə hansı siyasətçiləri bir-birinə düşmən edəcək?

Elşad Paşasoyun könlündən deputatlıq keçir

Redaksiyaya şikayətçi gəlib

Fərhad Məmmədov yenə dünyadan yazır

Fərahim İlqaroğlu yol üstündədir

Elşad Məmmədli həmkarlarının köşəsini oxuyur

Yaşar Türkazərin telefonuna yazılmış himnə qulaq asırlar

 

Yubiley tədbirinin aparıcı müxbiri Nailə Rövşənqızı

Operator Çinarə Süleymanlı

 Zülfiyyə Sakitqızını yazdığı reportajı səhifəyə şəkilsiz qoyanda hirsləndirirlər

Qəzetlə həmyaşıd Türkan Turan

Dizayner Faiq Eldarov

Dizayner Emin Rüstəmov

Operator Rəfiqə Həsənova

Ölüm-itim xəbərləri yazan Samir Kazımlı

Nahar fasiləsi

Hamı süfrə arxasındadır

Xidmətçi Mahizər xala və...

...onun həmkarı Tərifə xala biş-düşə baxırlar

Təsərrüfat məsələləri komendant Əlsuvar Mütəllimovluqdur

Sürücü Bəhruz Quliyev

"Meridian"da 20 illik yubiley qeyd olunur

Günay MUSAYEVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib   18 Oktyabr 2019, 14:42 Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI 18 Oktyabr 2019, 14:41 “Maşın” şounun qalibi məlum oldu - FOTO 18 Oktyabr 2019, 14:37 Uşaqlarda piylənmə - Metobolik sindrom 18 Oktyabr 2019, 14:24 Tanınmışlar Müstəqillik Günü təbrikləri aldılarmı? - “Heç kəs təbrik etməyib” 18 Oktyabr 2019, 14:18 Milli qəhrəmanları təhqir edənlər necə cəzalandırılmalıdır?.. 18 Oktyabr 2019, 14:05 Tramp türklərlə kürdləri dalaşqan uşaqlara BƏNZƏTDİ 18 Oktyabr 2019, 14:03 Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı - Qarabağa görə 18 Oktyabr 2019, 13:52 Azərbaycanın davamlı iqtisadi inkişaf modeli qələbələrimizin rəhnidir - Eks-nazir 18 Oktyabr 2019, 13:49 Oqtay Şirəliyev  vəzifədən gedir?... - Nazirlikdən AÇIQLAMA 18 Oktyabr 2019, 13:30 ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu 18 Oktyabr 2019, 13:28 Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:20 Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək 18 Oktyabr 2019, 13:15 Türkiyə Suriyada əməliyyatları bərpa edib? - Rusiya mətbuatından İDDİA 18 Oktyabr 2019, 13:13 Kəlbəcərli şair: “Əminliklə deyirəm ki, ermənilər torpaqlarımızı atıb qaçacaq” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:11 Prezident Administrasiyasının məsul işçisi icra başçısı ilə bu kəndə getdi - SƏBƏB 18 Oktyabr 2019, 13:10 Türkiyə terrorçuların yalanlarını ifşa etdi - FOTOLAR 18 Oktyabr 2019, 12:43 Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA 18 Oktyabr 2019, 12:37 “Barış Pınarı”na qarşı çıxan erməni deputata azərbaycanlı həmkarından CAVAB 18 Oktyabr 2019, 12:29 Əli Həsənov yeni müxalifətdən YAZDI 18 Oktyabr 2019, 12:28 “Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?” 18 Oktyabr 2019, 12:17 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib 18 Oktyabr 2019, 12:17 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır” 18 Oktyabr 2019, 12:02 Quzunun qoç ola bilməməkliyi 18 Oktyabr 2019, 11:46 Qərbi Azərbaycan İcması BƏYANAT verdi: “Prezidentin bu çağırışına qoşuluruq!” 18 Oktyabr 2019, 11:25 Milli Məclis gələn həftə toplanır 18 Oktyabr 2019, 11:14 Sizin icra başçınız: Qazaxlılar Rəcəb Babaşovdan razıdırlar, narazı?.. 18 Oktyabr 2019, 11:12 Ermənilər Qarabağda top atışları həyata keçirdi - FOTOLAR 18 Oktyabr 2019, 11:01 Qaradağ və Xəzər rayonlarında qaz KƏSİLƏCƏK - SƏBƏB 18 Oktyabr 2019, 10:54 Əkrəm İmamoğludan Müstəqillik günü TƏBRİKİ - FOTO 18 Oktyabr 2019, 10:16 Nəsimidə dələduz saxlanılıb - FOTO 18 Oktyabr 2019, 10:10 Meral Akşənərdən Azərbaycanca təbrik - FOTO 18 Oktyabr 2019, 09:58 Bu ərazilərdə qaz kəsiləcək 18 Oktyabr 2019, 09:49 Ermənilər atəşkəsi 21 dəfə pozdu 18 Oktyabr 2019, 09:42 Kişilər olub e! 18 Oktyabr 2019, 09:37