Modern.az

Alınan alınmaz qalam - Şuşam

Alınan alınmaz qalam - Şuşam

İqtisadiyyat

5 May 2011, 20:37

Torpağında doğulub-böyüməsəm də, cənnət-bağçandakı sona bülbüllərin xallı kəpənək olub röyalarıma qonur hər gecə. İnanmıram, inanmıram yoxluğuna alışan, bu itkinlə barışan ola, alınan alınmaz qalam - Şuşam.

İndi qartal da qərar tuta bilmir qayalarında. Sakinlərin kimi o da perik düşüb səndən, həsrət qalıb daşına-divarına.

Bir zamanlar Seyidin, Xanın səsinin sehrinə bürünən dağların, zirvələrin, ceyranlı-cüyürlü meşələrin yəqin yaman yalnızlaşıb. Bitəcəkmi bu həsrət, bitəcəkmi bu yalnızlıq? Düz 19 ildir gedişimiz-gəlişimiz kəsilib səndən, hənirinə həsrətik. Düz 19 ildir ki, sən bizdən, biz səndən ayrıyıq. Düz 19 ildir ki...

Həyalı gəlintək dümağ, duvağlı dumana bürünən, doğmasından didərgin düşən dağların "göz yaşlarını" yamaclarına sıxıb  ovundurur özünü, içindəki nalə dolu fəryadını boğa-boğa, zərrə-zərrə, qətrə-qətrə ərisə də, qürurunu saxlayır - möhkəm, əzəmətli, əyilməz dağ qürurunu. Bu qürur sənindir, Şuşa, bu qürur ölümü düşmənə təslimdən uca tutan insanlarının qürurudur, bu qürur səni düşməndən qoparmağa can atan, bu yolda şəhid olan övladlarının qürurudur. Qoru,  qürurunu, qoru, alınan alınmaz qalam - Şuşam. Çılın-çılpaq qayaların da "dizini qatlayıb" çiynini dağlara söykəyərək, lal sükuta qərq olub.

Turşsu, İsa bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulağın gözündən yaş süzülür, anasından ötrü qəribsəyən uşaq kimi içim-içim "ağlayırlar" indi. Necə ki, Gövhər nənə adını çəkə-çəkə, səndən ötrü göynəyə-göynəyə, "məni Şuşaya aparın", - deyə-deyə köçdü bu dünyadan. Sənin son istəyini yerinə yetirə bilmədiyimiz üçün, bağışla bizi, Gövhər nənə...

Nəsil üstə nəsil gəlir, igidlər, ərənlər yetişir yenə. Bilmirəm, bir az tezmi, bir az gecmi, övladların qurtaracaq səni düşmən əlindən.

... Gecə yarıdır, yuxum qaçmasın deyə kirpiklərim möhkəm-möhkəm "qucaqlayıb" bir-birini.

Vaqifin, Üzeyirin, Natəvanın, dahilərin ocağı,"Qırmızı koftalı, yaşıl tumanlı" Şuşam, yuxuma gəl yenə, gəl ki, bir gün gəlim, gəzim gözəl qoynunda. Hələlik, alınan alınmaz qalam - Şuşa, hələlik, qələbənə tezliklə qovuşmaq ümidilə...

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir