Modern.az

Qaynar.info-nun kursu dəyişdiriləcək

Qaynar.info-nun kursu dəyişdiriləcək

18 Noyabr 2009, 19:45

Qaynar.info xəbər portalının rəhbərliyində dəyişiklik edilib. Saytın təsisçisi və baş redaktoru Zahir Əzəmət istefa verərək, portalı gənc jurnalistlərə təhvil verib. Z.Əzəmətin sözlərinə görə, ofissiz və texniki avadanlıqsız qalan portalın ya fəaliyyətinə xitam vermək, ya da saytla bağlı daha uyğun bir variant seçmək zorunda qalıb.

Qaynar.info-nun yeni baş redaktoru gənc jurnalist Fərid Şahbazlıdır.

Fərid Şahbazlı Modern.az-a bildirib ki, Qaynar.info-ya rəhbərlik etmək onun özünün təşəbbüsü olub: «Bu portal Azərbaycan mediasının uğurlu layihələrindəndir. Saytın bağlanmaq təhlükəsi ilə üz-üzə qaldığını eşidəndə Zahir Əzəmətlə danışdım. Heç bir maddi təmənna güdmədən saytı mənə verməyə razı oldu. Bizim də əsas məqsədimiz bu portalı daha da inkişaf etdirmək və yaşamasını təmin etməkdir. Bundan sonra saytın kursunda müəyyən dəyişikliklər olacaq, amma bu informasiyaların obyektiv yayımına aid məsələ deyil». F.Şahbazlı deyib ki, Qaynar.info-nun keçmiş baş redaktoru Zahir Əzəmət bütün hüquqları həftə ərzində təhvil verəcək və dəyişikliklə bağlı texniki məsələlər də bu müddət ərzində həll olunacaq.

F.Şahbazlı onu da bildirib ki, rəhbərlik etdiyi digər saytın-Xeberdar.info-nun fəaliyyətinə xitam vermək niyyətində deyil: «Təbii ki, iki saytı idarə etmək çox çətindi. Mən həm də “Gənc liderlər” Uşaq və Gənclər Təşkilatının rəhbəri, eyni zamanda tələbəyəm. Rəhbəri olduğum təşkilatı yönləndirmək müəyyən maliyyə və enerji tələb edir. Amma məhdud imkanlarla böyük işlər görməyə çalışanda bunlar təbii sayılmalıdır. Ümid edirəm bu işin öhdəsindən gələcəyik».

F.Şahbazlı 1991-ci ildə Bakı şəhərində anadan olub. Səbail rayonundakı 7 saylı orta ümumtəhsil pilot məktəbini bitirib. Hal-hazırda Odlar Yurdu Universietinin jurnalistika fakültəsində təhsil alır. 2006-cı ildən Azərbaycanda ilk dəfə rəhbərliyi və üzvləri məktəblilərdən ibarət «Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatını təsis edib və hal-hazırda təşkilatın sədridir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir