Modern.az

Masallıdakı məsciddən külli miqdarda pulu necə oğurladılar... - TƏFƏRRÜAT  

Masallıdakı məsciddən külli miqdarda pulu necə oğurladılar... - TƏFƏRRÜAT   

25 Aprel 2018, 12:16

Aprelin 23-də Masallı rayonunun Bədəlan ərazi vahidinin Aşurlu kəndindəki məsciddə oğurluq qeydə alınıb. Naməlum şəxs və ya şəxslər rayonun Aşurlu kənd məscidinin seyfini qıraraq oradan 2500 manat , 2000 ABŞ dolları və 16000 rus rublu oğurlayıblar. 


Sual doğuran məqam məsciddə yüksək vəsaitin haradan əldə edilməsidir.

 

Bədəlan Ərazi vahidinin nümayəndəsi Loğman Şahbazovun Modern.az-a verdiyi məlumata görə, Aşurlu kəndinin Rusiyada yaşayan sakinləri qədim qəbiristanlıqda abadlıq işləri aparmaq - hasar çəkmək, işıq lampaları asmaq, yola çınqıl döşəmək və sair işlər üçün kənd məscidinə bir neçə min manat pul yollayıblar:

“Bu pulun bir qismi həmin abadlıq işlərinə sərf edilib. Qalan məbləğ isə kənd icmasının evində saxlanılıb, daha sonra daha etibarlı sayılaraq kənd məscidindəki seyfə qoyulub”.


Kənd rəsmisi bildirib ki, hadisə baş verən gün məscidin yaxınlığında il mərasimi keçirilirmiş:

“Möminlər demək olar ki, hamısı həmin hüzr məclisində olub. Bundan istifadə edən oğrular əldəqayırma dəmir kassanı sındıraraq onun içindəki pulları oğurlayıblar. Möminlər məscidə qayıdanda seyfi sındırılmış görüblər.

Ehtimal olunur ki, məscidi nəzarətsiz görən bir neçə yeniyetmə “qəza namazı” adı ilə məscidə girib və pulları oğurlayıb. Bunu görənlər olub və bu barədə polis işçilərinə məlumat veriblər. Hazırda araşdırma aparılır”.


Ərazi nümayəndəsinin bildirdiyinə görə dəqiq bilinməsə də, oğurlanan məbləğin 2300-ü manat, 1310-u dollar və 16000-i rubl olduğu ehtimal edilir.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran Modern.az-a məsələdən xəbərsiz olduğunu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir