Modern.az

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısı başa çatıb - yekun sənəd imzalanıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısı başa çatıb - yekun sənəd imzalanıb

Təhsil

21 Oktyabr 2011, 15:01

Oktyabrın 21-də Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) I Zirvə Toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak edib. (AzərTAc).
 
Xatırladaq ki, TDƏŞ 2009-cu ildə beynəlxalq hökumətlərarası təşkilat kimi Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan və Türkmənistan tərəfindən təsis edilmişdir. Əməkdaşlıq Şurasının qüvvədə olan iki sənədinə - 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişi və 2010-cu il sentyabrın 16-da imzalanmış İstanbul Bəyannaməsinə əsasən TDƏŞ-in üzvü olan dövlətlər BMT Nizamnaməsinin bütün məqsəd və prinsiplərinə, o cümlədən beynəlxalq hüququn dünya birliyi tərəfindən qəbul olunmuş digər prinsiplərinə əməl edir. İnkişaf naminə əməkdaşlığın əsasında sülhün və təhlükəsizliyin qorunmasına, yaxşı qonşuluq münasibətlərinin saxlanmasına xidmət edən normalar durur. Türkdilli dövlətlər arasında münasibətlərin və həmrəyliyin möhkəmlənməsinə yardım etməklə, TDƏŞ Mərkəzi Asiyada və Qafqazda beynəlxalq əməkdaşlığın inkişafı üçün regional alət rolunu oynayır. Şuranın məqsədi türkdilli dövlətlər arasında mövcud olan əməkdaşlığı genişləndirmək və gələcəkdə inkişaf etdirmək üçün konkret addımlar atmaqdır. Bu gün türk dünyasının ölkələri iqtisadi qüdrətə söykənərək səmərəli qarşılıqlı fəaliyyətə hazırdırlar. TDƏŞ Çindən başlayaraq Aralıq dənizinədək olan bir ərazini əhatə edən makroregionda - türk dünyasında gedən siyasi proseslərin mühüm amilinə çevrilə bilər.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Zirvə Toplantısının keçirildiyi ” İntercontinental-Almatı” mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyevi, Qırğızıstan Prezidenti Roza Otunbayevanı, Türkiyənin Baş nazirinin müavini Bəkir Bozdağı və TDƏŞ -in baş katibi Xəlil Akıncını qarşılayıb. Zirvə Toplantısının iştirakçıları birgə foto çəkdiriblər.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev türkdilli ölkələrin dövlət başçılarını və nümayəndə heyətlərini salamlayaraq 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişinin əhəmiyyətindən danışıb. Toplantıda beynəlxalq və regional xarakterli aktual məsələlərin müzakirə olunacağını deyən Qazaxıstan dövlətinin başçısı qeyd edib ki, TDƏŞ ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişlənməsini başlıca prioritet müəyyən edib.

Türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayan Qazaxıstan Prezidenti deyib ki, türk dünyası çərçivəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar var. Bu baxımdan Türkdilli Dövlətlərin İşgüzar Şurasının yaradılmasının vacibliyinin qeyd edən Qazaxıstan dövlətinin başçısı bildirib ki, ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi mövcud potensiala uyğun deyil.

Türkdilli ölkələr arasında humanitar sahədə əməkdaşlığa da toxunan Nursultan Nazarbayev müxtəlif mədəni tədbirlərin, o cümlədən festivalların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Mədəni əlaqələrin möhkəmləndirilməsində TÜRKSOY-un böyük rolundan danışan Qazaxıstan dövlətinin başçısı Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Türkdilli Dövlətlərin Mədəniyyət Fondunun yaradılması haqqında təklifini dəstəklədiyini deyib.
Bildirilib ki, 2012-ci ildə Astana türk dünyasının mədəni paytaxtı elan olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Toplantısında çıxış edib. Müzakirə olunan məsələlər ilə bağlı digər çıxışlar da olub.

Sonda TDƏŞ-in I Zirvə Toplantısının yekun sənədi - Almatı Bəyannaməsi imzalanıb. Sənəd türkdilli dövlətlərin bir sıra beynəlxalq və regional məsələlər üzrə razılaşdırılmış mövqeyini, iqtisadi və mədəni-humanitar sahələrində əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
Bundan əlavə, Zirvə Toplantısında türkdilli dövlətlərin Xarici İşlər Nazirliklərinin yüksək səviyyəli rəhbərlərinin iclasında qəbul edilmiş TDƏŞ-in prosedur qaydaları təsdiq olunub.
Qərara alınıb ki, TDƏŞ-in növbəti Zirvə Toplantısı Qırğızıstanın paytaxtı Bişkekdə keçirilsin.

Zirvə Toplantısından sonra mətbuata bəyanat verilib. Vurğulanıb ki, Almatı Zirvə Toplantısı ümumi tarix, dil və mədəniyyətə söykənən əməkdaşlığın gələcəkdə inkişafı və möhkəmlənməsi baxımından türkdilli dövlətlər arasında yeni səhifə açacaq.

İştirakçılar qardaş Türkiyədə baş vermiş hadisələrdə həlak olanların ailələrinə başsağlığı verib, bu cür terror aktlarını qətiyyətlə pisləyiblər.
Bununla da TDƏŞ-in I Zirvə Toplantısı başa çatıb. Sonra Zirvə Toplantısının iştirakçıları birgə nahar ediblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!