Modern.az

Milli Onkologiya Mərkəzi, Milli Azərbaycan Tarixi Muzeyi... - “Milli” sözünü bu adlara niyə qoşublar?..

Milli Onkologiya Mərkəzi, Milli Azərbaycan Tarixi Muzeyi... - “Milli” sözünü bu adlara niyə qoşublar?..

12 Dekabr 2018, 08:23

Azərbaycanda bir çox qurum, müəssisə adlarının önündə “milli” sözünə rast gəlmək mümkündür. Məsələn, Milli Onkologiya Mərkəzi, Milli Azərbaycan Tarixi Muzeyi və sairə. Bu adlara  “milli” sözünü qoşmaq nə qədər doğrudur və yerinə düşürmü?

Ümumiyyətlə buna nə dərəcədə ehtiyac var?


Milli Məclisin deputatı Nizami Cəfərov Modern.az-a deyib ki, bir çox müəssisə sözlərinin önündə “milli” sözünün işlədilməsində heç bir qəbahət yoxdur.


“Təxminən XX əsrin 20-ci illərindən başlayaraq, dövlətə məxsus olan müəssisələr milli adlandırılır. Bu, Rusiyadan gələn ənənədir. Məsələn, “Nasionalnıy sentr” və sairə.   Bu mənada müxtəlif idarə adlarında “milli” sözü ilə “mərkəzi” sözü arasında sinonimlik var. Amma məna fərqləri hiss olunur. Məsələn, biz Milli Bankı Mərkəzi Bankla əvəz etdik. Deməli, keçid etmək mümkündür.  Milli Azərbaycan Tarixi Muzeyində “milli” sözünün artıq olduğunu düşünürsüz. Halbuki, müxtəlif tarix muzeyləri də ola bilər. Amma tarix muzeyinin önündə  “milli” sözünün olması həm xalqı, həm tarixi, həm dövləti birləşdirən ümumi addır. Eyni zamanda, Onkologiya Mərkəzi də o cürdür. Müxtəlif Onkologiya Mərkəzləri ola bilər. Bildiyiniz kimi, bu gün tibb sahəsində beynəlxalq əlaqələr mövcuddur. Tez-tez Hind, Çin təbabəti sözü ilə rastlaşırıq. Ölkəmizdə bu cür xəstəxanalar, poliklinikalar var. Milli Onkologiya Mərkəzinə “milli” sözünün əlavə edilməsi onu digərlərindən ayırmaqdan ötrüdür. Yəni birbaşa dövlətə məxsus olan, milli xüsusiyyətləri nəzərə alandır. Təbii ki, xəstəliyin milli xüsusiyyəti olmur. Sadəcə olaraq milli həkim potensialı burdadır”.

Deputatın sözlərinə görə, müəssisə adlarının  önündə  “milli” sözünün işlədilməsi beynəlxalq normalara da uyğundur.

“Dünyanın inkişaf etmiş ölkələrində bu sözlərə rast gəlmək olar. Amerikadan tutmuş İrana qədər müxtəlif adların tərkibində bu sözlər işlənir. Hansısa adın önündə “milli” sözünün işlənməsi qəbahət deyil. Həmçinin bu cür sözlərin işlədilməsi Azərbaycan xalqının uydurması da deyil. Dünyada olan ümumi məsələdir. Almaniyada, Amerikada da milli muzeylər var ki, o söz yerində olaraq təqdim edilir”

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır