Modern.az

Yazıçı Eyruzun “Həsrət dolu məktublar”ı

Yazıçı Eyruzun “Həsrət dolu məktublar”ı

21 Yanvar 2019, 16:51

Kimə ünvanlanıb o məktublar? Artıq gizli deyil...

 

Hər bir yeni əsəri ilə oxucularda böyük maraq doğuran, buna görə də əsərləri rəğbətlə qarşılanan, sevilən istedadlı yazıçı, Azərbaycanın Əməkdar jurnalisti Eyruz Məmmədov öz ənənəsinə sadiq qalaraq, "Həsrət dolu məktublar" adlandırdığı yeni romanını da kəskin dramatik süjet əsasında qurmaqla öz çoxillik yaradıcılıq "repertuarını" daha bir maraqlı əsərlə zənginləşdirmişdir.

 

..."Leonardo da Vinçi" adlı gəmidə dəniz səyahətinə çıxmış bakılı gənc heykəltəraş Murad gözləmədiyi halda, təsadüfən gəminin göyərtəsində əslən azərbaycanlı olan, lakin İtaliyada böyüyüb, boya-başa çatmış Zərnigar adlı gözəl bir qızla tanış olur.

İlk baxışdan məhəbbət ovsununa düşən iki gəncin "dəniz məhəbbəti" sonralar şirin, həm də ağrılı-acılı xatirəyə çevrilir. Səyahət başa çatdıqdan sonra onların yeganə ümidi, təsəllisi olan sevgi-məhəbbət dolu məktubları xeyli müddət qəlblərini isitsə də, bir gün Zərnigar o məktublara da son qoymalı olur.

Yazıçının qeyd etdiyi kimi, ötən əsrin 30-cu illərində İtaliyada hökm sürən faşizm diktaturası Zərnigarın həyatını dözülməz məşəqqətə, əzablara düçar edir. Namusu uğrunda mübarizə aparmaq üçün o, silaha əl atmalı olur. Muradın və Zərnigarın faciələri günləri də məhz bundan sonra başlayır...

20-dən artıq povest və romanın, bir-neçə publisistik kitabın və tarixi-sənədli filmlərin müəllifi olan yazıçı Eyruz Məmmədov yeni əsəri ilə bir daha sübut edir ki, o, müasirlərinin daxili-psixoloji aləminə dərindən nüfuz etməklə onları, xüsusilə də gəncləri düşündürən, onların marağına səbəb olan əsərlərilə öz yaradıcılığında onların bir-birindən fərqli, maraqlı prototiplərini canlandırmağa ustalıqla nail our.

Yazıçının yeni romanı Sumqayıtın "Azəri" poliqrafiya nəşriyyatında nəfis şəkildə çap edilmişdir. Kitabın redaktoru tanınmış yazıçı Arif Ərşaddır.

 

Rəhman  ORXAN

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir