Modern.az

“Bu barelyef Rəsulzadənin xatirəsinə hörmətsizlikdir” - ETİRAZ

“Bu barelyef Rəsulzadənin xatirəsinə hörmətsizlikdir” - ETİRAZ

28 Yanvar 2019, 16:47

Yanvarın 15-nə keçən gecə Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evinin qarşısındakı barelyefi oğurlanıb. 

Baş vermiş hadisəni ilk olaraq Modern.az saytı ictimailəşdirmişdi və Abşeron rayonu Polis İdarəsi araşdırmalara başlamışdı. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfər həbs olunub.

Novxanı bələdiyyəsi bir neçə gün əvvəl həmin evin qarşısından oğurlanan barelyefin yerinə yeni barelyef asmışdı. Lakin asılan lövhədə yanlışlığa yol verilmişdi. Belə ki, barelyefdə Azərbaycan Xalq Cümhuriyyəti “Azərbaycan Dövlət Cümhuriyyəti” kimi yazılmışdı. Həmçinin Müsavat Partiyası “Milli Müsavat Partiyası”, “Məhəmməd Əmin Rəsulzadə” isə “Məmmədəmin Rəsulzadə” kimi qeyd olunmuşdu.

Sonradan Məhəmməd Əmin Rəsulzadənin yeni barelyefində səhv yazılmış hissələr çıxarılıb. Lövhədə sadəcə “Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” cümləsi qeyd olunub.

Amma üçüncü barelyef də müzakirələrə səbəb oldu. Sosial şəbəkə istifadəçiləri M. Ə. Rəsulzadənin bir cümlə ilə təqdim olunması, gördüyü böyük işlərin heç birinin qeyd edilməməsi ilə razılaşmadı.  

Tarxiçi-alim Azərbaycan Xalq Cümhuriyyəti dövrünün araşdırmaçısı Nəsiman Yaqublu da barelyefin üzərində daha məzmunlu sözlərin yazılmaması ilə razılaşmır. N. Yaqublu Modern.az-a açıqlamasında bildirib ki, ən azından M. Ə. Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olduğunu qeyd etmək, Azərbaycan Milli Qurtuluş hərəkatının ideoloqu, müsəlman Şərqində ilk demokratik dövlətin yaradıcısı və qurucusu  olduğunu lövhənin üzərində yazmaq olardı:

“Çünki Rəsulzadə sıradan insan deyil. Onun kimliyi bilinməli, təbliğ edilməli idi. Bu cür laqeyd münasibət Rəsulzadənin xatirəsinə hörmətsizlikdir.

Mən lövhəni hələ ki, görməmişəm. Müqayisə üçün deyirəm. Türkiyədə Mustafa Kamal Atatürkü təqdim edəndə sadəcə Atatürk demirlər. Türkiyə Cümhuriyyətinin qurucusu kimi təqdim olunur. Bütün xalqlarda şəxsiyyətin adının qarşısında, xüsusilə xatirə lövhəsində onların gördüyü iş, mövqeyi qısa izah edilir”.

N. Yaqublu vurğulayıb ki, Novxanıdakı ev Rəsulzadənin ata-baba yurdudur:

“Onların həm Novxanıda evləri olub, həm də Bakıda. Onların evləri indiki “Nizami” metrostansiyasının yanında yerləşir. Ona görə, qeyd edilə bilərdi ki, Rəsulzadə həmin evdə yaşayıb. Çünki uşaqlıq illəri orada keçib. Özünün də müəyyən yazılarında bunlara işarə edilib. Evinin önündən asılan barelyefdə “doğulmuşdur” ifadəsi əvəzinə “bu evdə yaşamışdır” ifadəsi qeyd edilməlidir”.

Xatırladaq ki, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir. 



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı