Modern.az

Sumqayıtda doğulan Qubadlı

Sumqayıtda doğulan Qubadlı

7 Fevral 2019, 17:09

Çinarə Ömray
A
YB-nin üzvü,
Prezident təqaüdçüsü 

 

Uzun yollar gəlmişdik Sumqayıta çatanacan... Uşaq idim... Bilmirdim o yollar yaxşı yollardı, pis yollardı, ayırır ya qovuşdurur…

Qubadlıda hazırlaşıb Sumqayıtda 1-ci sinifə getdim. Heç öyrəşə bilmirdim bura. Şəhər məktəbi, şəhər uşaqları, şəhər müəllimləri. Onların arzuları da, düşüncələri də, ləhcələri də, getdiyi yollar da ayrı-ayrı idi.

Amma zamanla uyğunlaşırdıq. Bilmirəm şəhər bizə, ya biz şəhərə…

Qəribə idi...Gözə görünməz biri sehirli dəyənəklə ətrafımda sevdiyim nə vardısa hamsına toxunurdu və onlar da bir-bir qeyb olurdular.

Əvvəl yaşadığımız kənd yox oldu, gəlib düşdük bu şəhərə… Sonra atam, anam, bacım yox oldu. Qaldıq babam, nənəm, mən və bu şəhər. Nənəm deyirdi ki, orda dağların başı dumanlıdır, burda insanların.

2-ci sinifdə oxuyuram...Ya Sumqayıt bizə öyrəşir ya biz ona. Bildiyim odur ki, eyni böyüyürük.

Bibim qaçqınlıqda gətirdiyimiz taykeş əlcəkləri, corabları söküb mənə bir jilet toxumuşdu. Evimizin yanına gələn 172 nömrəli tranvaya oxşuyurdu o jilet. Qırmızı ortasından ağ xətt. Həmişə də o jiletdən corab iyi gələrdi. Bir gün nənəm məni məktəbdən gətirməyə gəlmişdi. Mən qabaqda gedirəm, arxadan da nənəmlə bir valideyin gəlir. Bir gözüm yolun kənarında semiçka satan xalanın semiçkalarında qalıb. Amma pulumuzu olmadığını da bilirəm. Birdən nənəmlə gələn o valideyin məni çağırıb:

 

– Çiniş, nə qəşəy jiletin var. Kim toxuyub?

 

Mən isə semiçka satan xalaya baxa-baxa cavab verirəm:

 

– Çox sağol xala, odeehaa, bibim çırtdıyıb.

 

O corab qoxuyan jiletlə çörək növbələrində, yardım növbələrində böyüdük.

Mən 172 nömrəli tanvay oxşayan jiletimi 7-ci sinifə qədər geyindim. Artıq sökülmüşdü. Mən onu dəyişəndə Sumqayıt da tramvayları dəyişmişdi. Bir böyüyürdük...Nənəmlə bərabər məni bu şəhər böyütdü. Babam qədər güvəndim bu şəhərə. İlk olimpiadada qalib olanda mənə nənəm qədər sevindi bu şəhər, ilk Universitetə qəbul olanda babam qədər sevincliydi bu şəhər.

Universitetə hazırlaşırdım...Səhər imtahanım idi. Babamla göyərçində gəzirik. Babam ayaq saxladı üzümə baxıb dedi:

 

– Əgər səhər bal toplaya bilməsən. Evə gəlmə. Ordan üzü o yana, Qubadlıya get.

 

Başımı qaldırıb bir babama baxdım bir də əlini qoynuna qoyub bikef dayanan göyərçin heykəlinə. Mən nə babamı nə də bu şəhəri peşman etməyə haqqımın olmadığını anlamışdım.

Bir böyüdük...Bir bilsəniz neçə rayonun kədərli icra hakimiyyətlərinin binalarını, balalarını qucaqlayıb bağrına basıb bu şəhər. Öz zəhərli qazofkasını, zavodların o zəhərli tüstülərini belə öz içinə çəkdi, məhv elədi amma bizi qorudu. Qucaq açdığı, bunca insanı qorudu. Yetimlər atasıdır bu şəhər. Bu şəhərdə hamı yetimdir. Bəzən zarafata salıb bir-birlərinə boşuna “yetim” demir ki, bu şəhərdəkilər.

Ey mənim dövrümdəkilər, bizimlə yaşıddır bu şəhər.

Eyni böyüdük, birləşdik, bütünləşdik...Düşüncələrim kimi sürətlə dəyişir, gözəlləşir bu şəhər. Biz eyniyik. Zahirən cavan, gözəl, daxilən bütün hər kəsin problemini içimizdə daşıyan min yaşlıyıq.

Sən mənə ayaqda dayanmağı, sən mənə hər kəsə qucaq açmağı, sən mənə başı dik yaşamağı öyrətdin, Sumqayıt!

Bu gün mən sənə baxıb fəxr etdiyim kimi, sən də gün gələcək mənə baxıb fəxr edəcəksən, mənlə bərabər addımlayan, mənlə bərabər böyüyən və mənlə bərabər eyni mücadiləni verən şəhər!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir