Modern.az

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri  

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri   

18 Fevral 2019, 18:27

Möhsüm Qədiroğlu (Aslanov)

Bu fotonu 17 il bundan öncə Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri təyin olunanda çəkdirmişdim. Keşməkeşli həyat əziz qardaşım və dəyərli qələm dostum Faiq Sadıqovla düz 17 il sonra, bizi bir –birimizə bağlayan doğma televiziyamızın foyesində yenidən üz-üzə gətirdi. Mən həyatımın bir parçası olan ana televiziyamızla vidalaşmaq, o isə növbəti reportajını hazırlamaq üçün montaj otağına tələsirdi. Həqiqətən də həyat bir yuxu kimi, o qədər sürətlənib ki, vaxt edib keçmiş xatirələri bölüşməyə zamanda ayıra bilmirik. Faiq Sadıqov isə at belindəymiş kimi, məni bağrına basıb ancaq bu sözləri deməyə macal tapdı: - "Sən Ukraynaya gedəndə şəvə kimi qapqara saçların vardı, bu gün saçının ağlığında məni də ötmüsən".

Həqiqətən, bir zaman ağlıma belə gətirə bilməzdim ki, illər belə tez gəlib ötüşəcək. Üzərindən (bəlkə də mənim üzərimdən) adlayıb keçdiyim 17 il mənim üçün son dərəcə məhsuldar, çətin və şərəfli həyat tərzi , yuxusuz gecələr, təlatümlü hadisələrlə yadda qaldı. Uzun illər Ukraybada çalışmağım Azərbaycan Televiziyasını beynimdə, ruhumda və düşüncəmdə doğma ocaq, isti ev obrazına çevirdi. Bu doğma ocaqla yollarımız müvəqqəti ayrılsa da, mənəvi bağlılığımız daha da möhkəmləndi. Bu mənada harada yaşamağımdan və çalışmağımdan asılı olmayaraq, Azərbaycan Televiziyasını hər zaman minnətdarlıq hissi ilə xatırlayacağam. Çünki, 1994-cü ildən başlayaraq bu müqəddəs ocaqda 25 il fasiləsiz çalışmağım həyatda mənə çox böyük uğurlar qazandırdı. Əlbəttə ki, ilk işə başladığım illər Azərbaycan üçün çox çətin və sınaq dolu illər idi.

Çox şükürlər olsun ki, ulu öndərimiz Heydər Əliyevin dəmir iradəsi və zəngin həyat təcrübəsi nəticəsində Azərbaycan bütün çətinlikləri arxada qoydu. Müstəqil dövlətimiz inkişaf edərək dünyanın ən aparıcı ölkələrindən birinə çevrildi. Bizlər isə qələmə sarılaraq bu müqəddəs yolun sıravi əsgəri kimi əimizdən gələni əsirgəmədik. Bu mənada Azərbaycan Televiziyası və onun yaradıcı kollektivi gecə, gündüz milli mənəvi dəyərlərimizin keşiyində durmaqla yanaşı, müstəqil dövlətimizin xoş gələcəyə gedən yoluna işıq salmağı bacardı. Bu illər içərisində Azərbaycan Televiziyasına rəhbərlik etmiş, rəhmətlik Babək Hüseyinoğluna, çox dəyərli ziyalılarımız olan Nizami Xudiyevə, Arif Alışanova, o cümlədən, ana televiziyamızın texniki işçilərindən tutmuş bütün qələm dostlarıma mənə bəslədikləri doğma və isti münasibətlərinə görə dərin minnətdarlığımı bildirirəm. AzTV-nin yeni rəhbərliyinə gələcək fəaliyyətində uğurlar arzulayıram . Əminəm ki, Azərbaycan televiziyası ölkəmizin teleməkanında hər zaman liderliyini qoruyub saxlayacaq. Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların, xalqımız və dövlətimiz naminə gördüyü məqsədyönlü işlərin dünya ictimaiyyətinə çatdırılmasında, milli mənəvi dəyərlərimizin qorunmasında və təbliğində üzərinə düşən tarixi missiyanı ləyaqətlə davam etdirəcək . Bizsə dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, canımız , qanımız və bütün varlığımızla ulu öndərimizin bizlərə ərmağan qoyub getdiyi müstəqil dövlətimizin keşiyində durmaqda davam edəcəyik.

Ukraynada çalışdığım illərdə o qədərdə asan olmayan, qaynar və şərəfli həyat yolu keçdim. Burada jurnalist fəaliyyəti ilə yanaşı Azərbaycan diasporunun formalaşmasında, vətənimiz naminə tədbirlərin təşkil olunmasında, xüsusən dünya üzrə ilk dəfə olaraq Xocalı soyqrımı ilə bağlı ermənistan səfirliyinin, ATƏT-in və BMT-nin nümayəndəliklrinin qarşısında etiraz aksiyalarının təşkil olunmasında yaxından iştirak etdiyimə görə qürur hissi keçirirəm. Bu işlərdə yaxından iştirak edən hər bir diaspora nümayəndəsinə, bu illər içərisində bütün varlığı ilə vətənimizə,dövlətumizə təmənnasız xidmət edən dəyərli soydaşlarımıza və əqidə dostlarıma dərin təşəkkürümü bildirirəm. Ukrayna Milli Televiziyasında ulu öndər Heydər Əliyev haqqında çəkdiyimiz “İki Əsrin Fenomeni“ və “İnsanlığa bağışlanan ömür” sənədli filminə görə “Qızıl Pero”, Moldovada çəkdiyimiz “Heydər Əliyev: iki əsrin fenomeni” filminə görə Moldovanın Dovlət ordeni ilə, ”Qarabağ Tarixin Burulğanında” sənədli filminə görə Azərbaycanda “Qızıl Qələm” mükafatları ilə təltif olunmamı jurnalistuka fəaliyyətimin ən uğurlu səhifələrindən biri hesab edirəm.

Çox qürurluyam ki, Ukraynada Şərqi Avropa ölkələrində çalışdığım illərdə qarşıma qoyduğum bir amala xidmət etdim. Harada oldumsa yalnız ən yaxşını seçib onun haqqında yazdım. Bir kimsə ilə problemim olmadı. Olanlarla isə ideoloji fikir ayrılığımız oldu və düşünürəm ki, bu sona qədər də davam edəcək. Bu illər içərisində sevindiyim ən ümdə məsələlərdən biri isə, vaxtılə Azərbaycan iqtidarına qara yaxan bəzi insanların sonuc olaraq dahi Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin qarşısında ikiqat əyilərək səf düşüncədə olduqlarını nümayiş etdirmələrini müşayiət etməm oldu. Təbii ki, bunu nə qədər ürəkdən və yaxud hiyləgərlikdən etmələrini zaman göstərəcək. Aysberqin görünən tərəfi isə ondan ibarətdir ki, o hiyləgərlər və naqislər vaxtilə etdiklərini bildiyimdən və gördüyümdən Bakıdakı bəzi havadarlarının kölgəsinə sığınaraq daima haqqımda şər və böhtan kompaniyası apardılar. Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar. Satılanı satdılar, alınanı aldılar, amma yel qayadan nə aparar ki? Bu da keçər deyib, yoluma davam etməkdəyəm. Çünki pis pisliyindən əl çəkmirsə, mən yaxşılığımdan niyə əl çəkməliyəm? Allahdan bizlərə əmanət olan bu fəlsəfə devizimdir! Çünki əlimdə sevgiyə köhlənmiş qələmim, qəlbimdə ulu öndərin dövlətçilik ideologiyası, qarşımda erməni kimi düşmənimizə qələbə çalmaq əzmim dayanır. Allah hər birimizi düşmənimizə qələbə çalmaq sevinci ilə sevindirsin! Mən Goyçə mahalı kimi bir cənnət məkanı müvəqqəti tərk etmiş bir övladam. Onun qoynuna qələbə ilə qayıtmaq isə ən böyük ruhi ehtiyacımdır.Və əminənki,vaxt olacaq səsimiz qədim oğuz yurdunun bizsiz qəribsəmiş sükutunu yenidən pozacaq.

Bu arada, mənə müxtəlif media və televiziyalarda iş təklifi edən bütün dəyərli dostlarıma öz dərin minnətdarlığımı bildirirəm. Mənim bundan sonra harada işləyəcəyimlə bağlı maraqlanan dostlarıma isə bildirmək istəyirəm ki, övladlarımın Ukraynada təhsil almalarını nəzərə alaraq bir müddət Kiyev şəhərində yaşayacaq, öz sevimli peşəmlə məşğul olacağam. Öz dövlərçilik prinsiplərimə sadiq qalaraq, doğma Vətənimiz üçün çalışacağam!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir