Modern.az

Yazıçılar Birliyində yeni təlaş - Təzə binada mənzillər necə bölüşdürüləcək?

Yazıçılar Birliyində yeni təlaş - Təzə binada mənzillər necə bölüşdürüləcək?

24 Aprel 2019, 14:13

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri arasında narahatlıq yaranıb. Bu narahatlıq AYB-yə ayrılan torpaq sahəsində inşası planlaşdırılan çoxmərtəbəli yaşayış binası ilə bağlıdır. Bina nə zaman hazır olacaq, mənzillər necə bölüşdürüləcək, növbəyə yazılmada ədalət prinsipinə əməl ediləcəkmi, paylanmada şəffaflıq təmin olunacaqmı?.. İllərdir mənzil almaq həsrətilə yaşayan yazıçı və şairləri narahat edən suallar bitib-tükənmir... Sosial şəbəkələrdə ara-sıra yazılan qeydlərdə bəzi AYB üzvləri prosesin qapalı aparıldığını iddia edir, rəhbərliyin bu məsələ barədə vaxtaşırı informasiya verməməsindən gileylənirlər. Həmin qeydlərdən belə məlum olur ki, AYB-yə ayrılan budəfəki torpaq sahəsi Bakının Binəqədi rayonu ərazisindədir... “Hazırda Yazıçılar Birliyi üçün tikilməsi nəzərdə tutulan binanın inşası ilə bağlı sənədləşmə işləri aparılır”.

Bunu Modern.az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məsələ barədə danışarkən deyib. O bildirib ki, binanın inşası üçün torpaq ayrılıb, amma hələlik bünövrəsi qoyulmayıb:

“Sənədləşmə işləri qaydasına salındıqdan sonra binanın tikintisi başlanacaq. Bina tikildikdən sonra mənzillərin verilməsi, kriteriyalar müzakirə ediləcək, qaydalar müəyyənləşdiriləcək. Hələlik bu barədə heç nə məlum deyil.

Əvvəllər bildiyiniz kimi, Yazıçılar Birliyində növbəçilik sistemi ilə mənzil verilirdi. Elə o zamandan bəri növbəsini gözləyən şəxslər var. Yaşlı və orta yaşlı yazıçılar arasında ev növbəsinə duranlar az deyil”.

X.Rza onu da diqqətə çatdırıb ki, tikiləcək bina sırf Yazıçılar Birliyinə aid olmayacaq:

“Əslində bu məsələ hələ dəqiq  deyil. Amma Yazıçılar Birliyinin binanı təkbaşına tikmək imkanı yoxdur. Ona görə, hansısa tikinti şirkəti binanı tikməli, Birliyə isə pay müəyyən olunmalıdır. Hər halda bu məqamlar sual altındadır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin bir qrupu ilə görüşüblər. Ölkə başçısı tədbirdə çıxışı zamanı yazıçı və şairlərin mənzil şəraitinə də toxunub:

“Yazıçılar üçün tikiləcək evlə bağlı müvafiq göstəriş verildi, torpaq sahəsi ayrıldı və bu ev tikiləcək. Bununla bərabər, hesab edirəm ki, dövlət tərəfindən görkəmli mədəniyyət xadimləri, gənc istedadlar üçün yeni yaşayış binası tikilməlidir. Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Dövlət Əmlak Komitəsinə müvafiq göstərişlər veriləcək. Onlar indi mənim göstərişlərimi eşidirlər. Qısa müddət ərzində torpaq sahəsi ayrılsın və biz görkəmli xadimlərə gözəl ev tikək, onları mənzillərlə təmin edək”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir