Modern.az

İntihara cəhd edən məktəbli qızın müəllimləri DANIŞDI

İntihara cəhd edən məktəbli qızın müəllimləri DANIŞDI

13 May 2019, 16:58

Sosial şəbəkələrdə və KİV-də 109 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi F. Ə.-nin intihara cəhd etməsi ilə bağlı yayılmış xəbərlər geniş müzakirə olunur. Bu müzakirələrdə bəzi müəllimlər haqqında da müəyyən ittihamlar səsləndirilir.

Modern.az saytı bununla bağlı məktəbin adıçəkilən müəllimləri ilə görüşüb onların məsələ ilə bağlı fikirlərini öyrənib.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bahar Haqverdiyeva baş vermiş hadisədən dərin təəssüf hissi keçirdiyini deyib:

“Həmin şagirdin sinif rəhbəri olmaqla yanaşı, onlara Azərbaycan dili və ədəbiyyat dərsini də tədris edirəm. Onun belə bir addım atmasına hələ də inana bilmirəm. Valideyni də vaxtaşırı məktəbdə olurdu. Bu dərs ilində fənlər üzrə qiymətlərində kəskin fərqlər olmamışdı. Özünün çalışqanlığı və intizamı yerində olsa da, kiçik diqqətsizlik və laqeydlik səbəbindən bəzi fənlərdən zəif nəticələri də olurdu. Bunlarla bağlı tövsiyələrimi özünə və valideyninə də bildirmişdim. Həmin gün də dərsdən çox sakit halda evlərinə getdiyini söyləyir müəllimlər. Evə gedəndən sonra belə bir addım atması mənim üçün çox gözlənilməz oldu və onun bu hərəkəti məni dərindən kədərləndirdi. Uşaqlarla da normal ünsiyyət qurmağa meyillidir. Sinif yoldaşlarının bu hadisədən təsirlənməməsi üçün onlarla da mütəmadi söhbətlər aparılır, psixoloji dəstək göstərilir. Hadisədən sonra məktəb rəhbərliyi, psixoloq, Uşaq Birliyi rəhbəri ilə birlikdə şagirdimiz və valideynləri ilə görüşdük. Onunla söhbət apardıq. O, elədiyi hərəkətə görə özünün də peşman olduğunu bildirdi. Anası ilə təklikdə də görüşüb müvafiq tövsiyələrimizi bildirdik. Əsas tövsiyələrimiz ondan ibarət oldu ki, bundan sonra valideynlər müəllimlərlə daha sıx ünsiyyətdə olsunlar. Həmçinin, qarşılıqlı olaraq, şagirdimizə daha həssas münasibətin göstərilməsini qərarlaşdırdıq. Yəqin ki, bundan sonra valideynlərlə işin daha da gücləndirilməsi, şagirdlərin psixoloji dayanıqlığının möhkəmləndirilməsi və daha səmərəli ünsiyyət mühitinin yaradılması istiqamətində fəaliyyətimizi artırmalıyıq. Hər bir uşağı doğma övlad gözündə görürük. Hər bir valideyn birgə yetişdirdiyimiz övladların gələcəyi üçün zəhməti olan, bu yolda müəllimlə birgə çalışan əsas dayağımızdır”.

Məktəbin informatika müəllimi Nigar Məmmədova bildirib ki, 5-ci sinifdən etibarən həmin şagirdə informatika fənnindən dərs deyir:

“Onu çalışqan, mehriban bir şagird kimi tanıyıram. Onun belə bir addımı biz müəllimləri çox sarsıtdı, çünki ondan bu addımı gözləmirdik. Çünki çox düşüncəli, müəllimlərlə səmimi bir qızdır. Həmçinin müəllimlərin də ona münasibəti çox yaxşıdır. Bu hadisədən sonra mən də xəstəxanaya gedib onun vəziyyəti ilə maraqlandım, səhhəti üçün çox sarsıntı keçirdiyimi, narahat olduğumu valideynlərinə bildirdim. Məktəb rəhbərliyi, sinif rəhbəri və məktəbin digər əməkdaşları ilə birgə evlərinə də getdik, onunla xeyli söhbət etdik, mənəvi-psixoloji dəstək göstərdik. Bu görüşdə şagirdimiz də bizdən ötrü çox darıxdığını və etdiyi hərəkətdən çox peşman olduğunu bildirdi. Bu hadisənin gözlənilməzliyinin təəccüb və həyəcanından hələ də çıxa bilməmişik. Ancaq düşünürəm ki, bu hadisədən bütün kollektivimiz və valideynlər nəticə çıxarmalıdır. Bundan sonra istər uşaqlar, istərsə də valideynlərlə əlaqələrin daha da genişləndirilməsinə çalışacağıq”.



Rəsmi  məlumata görə, 30 aprel 2019-cu il tarixində təxminən saat 20:30 radələrində 109 nömrəli tam orta məktəbin V sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) evdə valideynin dərmanını içərək, intihara cəhd edib. Evə təcili tibbi yardım çağrılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub və uşağa müvafiq psixoloji yardım göstərilib. Qeyd olunan hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb. Araşdırma zamanı məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər