Modern.az

Şəhid Mahir Quliyevin “Sonuncu zəng”i - Yeni RUBRİKA

Şəhid Mahir Quliyevin “Sonuncu zəng”i - Yeni RUBRİKA

14 May 2019, 08:46

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlaın xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan vətəndaşının borcudur. 

Modern.az saytının “Sonuncu zəng” adlı yeni rubrikasında vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan igidlərimizn ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışacağıq. 

Rubrikanın ilk təqdimatı aprel şəhidi Mahir Quliyevə həsr olunur. Əslən Şərur rayonunun Qorçulu kəndindən olan Mahir Quliyev 1993-cü ilin 21 dekabrında Bakı şəhərində anadan olub. Orta təhsilinə Bakıdakı 6 saylı tam orta məktəbdə başlayıb 7-ci sinifə qədər burada oxuyub. Daha sonra 308 saylı tam orta məktəbi bitirən Mahir Quliyev Azərbaycan Texniki Universitetində ali təhsil alib.


Modern.az-ın Mahir Quliyevlə bağlı suallarını anası Lalə Quliyeva cavablandırıb. Şəhid anası qeyd edib ki, Mahir çox mərd, dostcanlı, savadlı, deyib-gülən, zarafatcıl oğlan idi. Mahir tələbə olarkən restoranda həm də ofisiant işləyirmiş. Ana deyir ki, Mahirin tələbəlik illəri çox maraqlı keçib: “Özünə o qədər gözəl dostlar qazanıbmış ki, onlar hələ də gəlib bizi yoxlayırlar”.


Mahir əsgərliyinin 3 ayını Gəncədə, 7 ayını isə Tərtərdə çəkib. Evə dönüşünə tam 2 ay qalanda düşmən mərmisinə tuş gələn Mahir anasını gözüyolda qoyub. 


Lalə xanım oğlu əsgər gedərkən ona tapşırıq verib: “ Mahir, orda uşaqlar arasında söz düşər, dava olar, bala, qoyma dalaşsınlar. Hamının anası yol gözləyir”. 

Lalə xanım bilmirdi ki, yol gözləyən məhz özü olacaq.


Mahir aprel döyüşləri zamanı igidliklə vuruşub, yaralılara yardım edib. Lakin özü  yaralananda ona kömək etmək mümkün olmayıb.


Mahirin yanına görüşə getmək istəyən ailəsinə özü icazə verməyib. 

Şəhid anası: “Biz Mahirin diplomunun üzünü özünə göstərmək istəyirdik, həm də onun üçün ev yeməkləri aparacaqdıq. Amma Mahir mənə dedi ki, “nə vaxt desəm onda gələrsiniz. Yemək işindən də narahat olmayın” . Mahiri müharibə başlamazdan əvvəl Mingəçevirə təlimə yollayıblar. Mart ayının 30-u bütün əsgərləri təlimdən çıxarıb döyüş bölgələrinə paylayırlar. Hər kəs ailəsinə xəbər versə də, bu barədə Mahir bizə heç nə deməyib, “anam qorxaqdı, narahat olacaq” söyləyib”.


Mahir Quliyevin ailəsinə sonuncu zəngi Novruz bayramı günündə olub. O, ata-anasını təbrik edib, tezliklə görüşəcəklərini vurğulayıb.

Mart ayının 30-da isə Mahirin dayısı Lalə xanıma zəng vurur. Lalə xanımdan Mahiri soruşur. Hər şeydən xəbərsiz ana qardaşına “Mahir Mingəçevirdə təlimdədi, narahat olma” deyir. Lakin Lalə xanımın qardaşı narahat halda “müharibə başlayıb” söyləyir.

Daha sonra Lalə xanımın qardaşı Mahirlə əlaqə yaratmaq üçün onun olduğu hərbi hissəyə zəng edir. Axşam namazı vaxtı Mahirin atasının telefonuna Lalə xanımın qardaşından zəng gəlir. Telefonu ana açır və qardaşının “narahat olmayın, amma Mahir ayağından yaralanıb” sözlərini eşidir.

Mahirin ailəsi xəbəri eşidər-eşitməz Tərtərə doğru yola çıxır. Bütün hospitalları gəzirlər, lakin Mahiri nə görən vardı, nə duyan. Daha sonra ailəsinə Mahirin itkin düşdüyü xəbərini verirlər. Aprel ayının 4-ü Bakıya geri dönən ailə Müdafiə Nazirliyinə üz tutur. Nazirlikdəki məsul şəxs - “5 dəqiqə gözləyin, sizə bir xəbər verəcəm” deyir. 
İtkin düşən hər kəsin adı çəkilir, lakin Mahirdən bir xəbər yox idi. Və nəhayət xəbər gəlir: “Oğlunuz düşmən tankını məhv edərək, qəhrəmancasına şəhid olub”. 

Xəbəri eşidən anası yol boyu qışqırır, ağlayır. Lakin ananı sakitləşdirmək üçün xəbərin dəqiq olmadığını söyləyirlər. Az da olsa sakitləşən Lalə xanım aprel ayının 9-na kimi gözləyir. Ayın 9-da şəhid Mahir Quliyevin nəşi evinə gətirilir.


Mahirin arzuları var idi. Əsgər gedərkən uçmağa qanadı yox idi. Vətənə olan borcunu qaytardıqdan sonra öz işini qurmaq istəyirdi. Anası Lalə xanım Mahirin yolunu gözləyirdi. Mahir əsgərlikdən qayidandan sonra anası oğlunu evləndirmək arzusundaydı. Lalə xanımın sözlərinə görə, məktəbdə oxuyan zaman Mahirin sevdiyi qız da varmış.


Dördgünlük aprel döyüşlərində Mahir ağır yaralanır. Lakin ona yardıma getmək mümkün olmur. Və əsgərimiz şəhid olur...
Mahirin ölümündən sadəcə dəqiqələr sonra atəşkəs elan olunub. 
Allah rəhmət eləsin...


Nuranə DAXİLQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir