Modern.az

Musiqi məktəblərində ilk mərkəzləşdirilmiş imtahan: Otaq-otaq izlədik - REPORTAJ

Musiqi məktəblərində ilk mərkəzləşdirilmiş imtahan: Otaq-otaq izlədik - REPORTAJ

Reportaj

Bu gün, 14:20

Bir müddət əvvəl musiqi məktəblərində çalışan müəllimlərin attestasiya imtahanlarının necə keçirildiyini izləmək üçün getdiyimiz Bakı Xoreoqrafiya Akademiyasına bu dəfə fərqli bir məqsədlə üz tutmuşuq. Bu gün ölkəmizdə ilk dəfə təşkil olunan incəsənət məktəb və mərkəzləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanını müşahidə edəcəyik.

Akademiyanın girişində bizi imtahana gələn məktəblilər və onları müşayiət edən valideynlər qarşıladılar. Qeydiyyat prosesi davam etdiyindən foyedə müəyyən canlanma hiss olunurdu. Biz isə girişdən birbaşa imtahanın keçirildiyi hissəyə daxil olduq.

Çöldəki səs-küy içəridəki sakitliklə əvəzləndi. Dəhlizlərdə növbəsini gözləyən şagirdlərin həyəcanı təbiidir. Kimisi son dəfə müəllimi ilə pıçıldaşır, kimisi dostu ilə söhbət edir, nəzarətçilər isə uşaqların gərginliyini azaltmaq üçün onlarla səmimi söhbətlər edirdilər. Diqqətimizi çəkən ilk məqam da məhz bu ab-hava idi.

Modern.az ölkəmizdə ilk dəfə keçirilən incəsənət məktəb və mərkəzləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanından reportajı təqdim edir.

Saat 14:00

Musiqi müəllimlərinin attestasiya imtahanında olduğu kimi, burada da iştirakçılar üçün müəyyən güzəştlər nəzərə alınıb. İmtahanın rəsmi başlama saatı olsa da, dəhlizdə hələ də növbəsini gözləyən bir neçə şagird var. Xüsusilə Bakıətrafı kəndlərdən gələn uşaqlara vaxt baxımından əlavə imkan yaradılır ki, yolda yaranan gecikmələr onların imtahanda iştirakına mane olmasın.

Otaqlarda gözləyən müəllimlər öz aralarında imtahanın təşkili barədə fikir mübadiləsi aparırlar. Bir qədər sonra həmin müəllimlər təəssüratlarını Modern.az-ın kamerası qarşısında da bölüşəcəklər.

Saat 14:03

Nəzarət kameralarının izlənildiyi otağa daxil oluruq. Nəzarətçilər bu dəfə də iş başındadırlar. Onlar otaqlardan gələn görüntüləri izləməklə yanaşı, səs yazılarına da paralel nəzarət edirlər.

Monitorlara nəzər salarkən görürük ki, bütün imtahan otaqlarında imtahan komissiyası ilə yanaşı, qiymətlərin elektron sistemə daxil edilməsinə cavabdeh əməkdaşlar da öz yerlərini alıblar. Elə bu vaxt monitorda 341 nömrəli otaqda rəqs edən balaca bir oğlan diqqətimizi çəkir. Səssizcə həmin otağa doğru addımlayırıq.


Saat 14:07

341-ci otaqda milli geyimdə olan 13 yaşlı xoreoqrafiya şagirdi dörd nəfərdən ibarət komissiyanın qarşısına çıxır. Həyəcanı üzündən hiss olunsa da, suallara cavab verməyə başlayanda özünəinamı geri qayıdır. Azərbaycan rəqs tarixinə dair verilən sualları inamla cavablandırır və hər bir müəllimdən "5" bal alır. Rəqs ifasını görməyə imkanımız olmasa da, qarşıdakı üç saat ərzində başqa otaqlarda bu mənzərənin davamını izləyəcəyimizə əmin idik.

Dəhlizə yayılan kamança səsi məni 339-cu otağa apardı. Ancaq eşitdiyim ilk ifa gözlədiyimiz qədər uğurlu deyildi. Sevdiyim musiqi alətini daha yaxşı səsləndiriləcəyinə ümid etdiyim üçün ard-arda iki imtahanı izləyirəm.

İkinci şagird içəri daxil olan kimi ifa edəcəyi Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uverturasının notlarını itirdiyini və əsəri yaddaşdan ifa edəcəyini bildirir. Bu sözlər mənə bir müddət əvvəl müəllimlərin attestasiya imtahanında eşitdiyim bənzər bəhanələri xatırladır. O zaman da əsas problemlərdən biri notdan oxuma vərdişinin zəif olması, ifaların daha çox əzbər şəkildə öyrədilməsi idi.

Buna baxmayaraq, şagirdlərin nəzəri hazırlığı diqqət çəkir. Azərbaycan və dünya musiqisi ilə bağlı sualları inamla cavablandırırlar. Ən azı, attestasiya imtahanında Üzeyir Hacıbəylini tanımayan bəzi müəllimlərdən fərqli olaraq, bu uşaqlar bəstəkarları və onların əsərlərini yaxşı tanıyırlar.

15:19

Yan otaqda klarnet ifaçıları da imtahan verirlər. Mənşəcə Almaniyada yaranan bu alət  Azərbaycan musiqi təhsilinin və ifaçılıq məktəbinin ayrılmaz hissəsinə çevrilib. Klarnet simfonik və nəfəs alətləri orkestrlərində, xalq çalğı alətləri ansambllarında, eləcə də estrada kollektivlərində geniş istifadə olunur.



Musiqi məktəbində 5-ci, ümumtəhsil məktəbində isə 8-ci sinifdə oxuyan, Bakının Əmircan qəsəbəsindən olan oğlan ilk baxışdan 11-12 yaşlarında təsiri bağışlayırdı. Səhnədəki ifası qədər geyimi, danışığı və davranışı da səliqəli idi. Münsiflərin onun çıxışını izləyərkən öz aralarında səsləndirdikləri "Maşallah" sözünü eşitmək isə bu təəssüratı daha da gücləndirirdi.

İfasını başa vuran şagird əvvəlcə komissiyanın rəyini dinləyir. Müəllimlər çıxışı yüksək qiymətləndirir, gələcəkdə daha mürəkkəb əsərləri də eyni hiss və peşəkarlıqla ifa etməsini tövsiyə edirlər. Ardınca şifahi mərhələ başlayır. Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev kimi bəstəkarların yaradıcılığı, opera və simfonik musiqi, eləcə də tonallıqlar, paralel minorlar, akkordlar və intervallarla bağlı suallar verilir. Müəllimlər cavabları diqqətlə dinləyir, yanlış məqamları izah edir və şagirdləri düzgün istiqamətləndirirlər. 

Şagird Volfqanq Amadey Motsartın 40 saylı simfoniyasını, eləcə də Edvard Qriqin "Per Gynt" süitasından parçanı ifa etdiyini deyir. Söhbət tədricən Avropa klassik musiqisinə keçir. Motsartın "Rondo alla Turca"sı ("Türk marşı"), Frederik Şopenin yaradıcılığı, onun fortepiano üçün yazdığı mazurkalar, polonezlər, valslar, noktürnlər və balladalar haqqında danışılır. Müəllim bu suallarla iştirakçıların  musiqi tarixini nə dərəcədə mənimsədiyini də qiymətləndirir.

Cavablar da hər üç müəllimi qane edəcək səviyyədə idi ki, nəticədə o maksumum bal aldı. 

İmtahanın sonunda otaqdakı gərginliyi kiçik bir zarafat yumşaldır. Müəllim gülümsəyərək şagirdə deyir: "Çox yemək ye ki, nəfəsini rahat tənzimləyə biləsən, yaxşı?" Həyəcanı hələ də keçməyən şagird təbəssümlə "bəli" cavabını verir və otaqdan çıxır.

Biz də onun arxasınca gedirik. 



İmtahandan çıxan Əhməd özünü təqdim etdikdən sonra necə hazırlaşdığını da danışır:

“Mən Məmmədli Əhməd, 4 nömrəli incəsənət məktəbindən gəlmişəm”. O deyir ki, buraxılış imtahanına ciddi hazırlaşıb və hər gün məşq edib.

"Hazırlıq dövründə hər gün təxminən üç-dörd saat məşq edirdim. İmtahan həyəcanım isə demək olar ki, yox idi. Özümə güvənirdim. Çünki çalışmışdım və bilirdim ki, bunun nəticəsini görəcəyəm".

Əhməd gələcək planlarından da danışır. O, musiqi təhsilini davam etdirmək niyyətində olduğunu deyərək, konservatoriyaya qəbul olunmağı hədəflədiyini bildirir:

"İnşallah, konservatoriyaya daxil olmaq istəyirəm".

Saat 15:35-da yenidən rəqs imtahanının keçirildiyi otağa qayıdırıq. 

Burada da ilk diqqətimizi çəkən müəllimlərin səmimiyyəti olur. Zarafatları və gülərüz münasibətləri otaqdakı gərginliyi azaldır. Hətta içəri girəndə utancaqlığından gözünü yerdən qaldırmayan balaca rəqqasə də bir neçə dəqiqə sonra özünü daha rahat hiss edir.

Biz otağa daxil olanda nəzəri mərhələ yekunlaşırdı. Musiqi səslənən kimi həyəcanı sanki rəqs əvəz edir. Müəllimlər ifanı diqqətlə izləyir, hər hərəkətə fikir verirlər. Qiymətləndirmədən sonra rəqqasəyə iradlarını və tövsiyələrini izah edir, bəzən onun özünün hiss etmədiyi xırda detallar üzərində dayanırlar.

İmtahandan sonra komissiya üzvləri ilə qısa söhbət edirik. Deyirlər ki, bu sistem hələ ilk ildir tətbiq olunur və yekun nəticə çıxarmaq üçün zamana ehtiyac var. Ancaq bir neçə ildən sonra məktəblər arasındakı fərqləri, müəllim hazırlığının nəticələrini və şagirdlərin inkişaf dinamikasını daha aydın qiymətləndirmək mümkün olacaq.

Münsiflərin fikrincə, nəzəri biliklə praktiki ifa arasında birbaşa əlaqə var. Adətən səhnədə özünü inamla göstərən şagird nəzəriyyədə də uğurlu olur. Bununla yanaşı, musiqini peşə kimi davam etdirmək istəməyən, amma kifayət qədər yüksək ifaçılıq bacarığı nümayiş etdirən şagirdlər də az deyil. Onlar hesab edirlər ki, belə mərkəzləşdirilmiş imtahanlar şagirdlərin real hazırlıq səviyyəsini obyektiv qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Digər otağa keçərkən truba ifaçısı Anarı pianoda müşayiət edən müəllim Müşfiq Qəmbərli ilə həmsöhbət oluruq. O deyir ki, şagirdlər imtahana ciddi hazırlaşıblar və proses kifayət qədər şəffaf təşkil olunub.

"İmtahan zamanı əvvəlcə şagird öz ifasını təqdim edir, komissiya onu müşahidə edir, daha sonra nəzəri suallar verilir. Proses qaydalara uyğun və şəffaf şəkildə həyata keçirilir".

M.Qəmbərli bildirir ki, nə özü, nə də şagirdi həyəcan keçirib:

"Düşünürəm ki, həyəcan olsaydı, şagird səhnəyə bu qədər rahat çıxa bilməzdi".

Saat 16:00

Konsertmeysterlərin ifalarını izləyirik. Maraqlıdır ki, hazırlığı güclü olan məktəblərin konsertmeysterləri də peşəkar ifaları ilə seçilirlər. Hətta komissiya üzvləri onların əməyini xüsusi qeyd edərək təşəkkür etməyi də unutmurlar.

İfası ilə münsifləri heyran qoyan klarnet ifaçısı, görünür, alqış və tərif eşitməyə hələ də öyrəşməyib. Musiqidə özünə bu qədər güvənən balaca ifaçı, söz düşəndə isə utancaqlığını gizlədə bilmir. Digər iştirakçılardan fərqli olaraq, onun ifası yarımçıq kəsilmir, sona qədər dinlənilir. Münsiflər heyranlıqlarını gizlətmir, çıxış başa çatdıqdan sonra dəfələrlə belə gözəl ifaya görə ona təşəkkür edirlər. O isə sadəcə xəfif təbəssümlə başını aşağı salır.

Bu an nəticələri elektron sistemə daxil edən əməkdaş vaxtın bitməsinə cəmi beş dəqiqə qaldığını xatırladır. Münsiflər musiqi hissəsini tamamlayıb nəzəri suallara keçirlər.

Camalın ifası başa çatdıqdan sonra münsiflər onunla söhbətə başlayırlar. Əvvəlcə klarnet ifası ilə bağlı texniki məqamlara toxunur, ritm, triolların ifası, stakkato və legato keçidlərində diqqətli olmağı tövsiyə edirlər. Eyni zamanda, onun texniki hazırlığını yüksək qiymətləndirərək daha sakit və rahat ifa etməsinin musiqini daha təsirli edəcəyini bildirirlər.

Məlum olur ki, Camal təkcə klarnet ifaçısı deyil. O, eyni zamanda fortepiano ixtisası üzrə də təhsil alır və gələn il həmin ixtisas üzrə məzun olacaq. Bunu eşidən münsiflərdən biri "İstedadlı uşaqdır" deyərək onun hazırlığını xüsusi vurğulayır.

İfa hissəsindən sonra nəzəri biliklər yoxlanılır. Harmoniya, dominantseptakkord, xarakterik intervallar, modulyasiya, sekvensiya, qədim ladlar və impressionizm kimi mövzular üzrə verilən sualların əksəriyyətinə Camal inamla cavab verir. Xüsusilə impressionizmin nümayəndələri sırasında Erik Sati, Klod Debüssi və Moris Ravelin adlarını sadalaması münsiflərin rəğbətini qazanır. Söhbətin sonunda müəllimlərdən biri gülümsəyərək "Əla cavab verdi, bütün sualları bildi" deyir.

Müəllimlərin son ifadan sonrakı həyəcanı bitməmiş bizim söhbətimiz başlayır:

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin musiqi müəllimi Leyla Həsənova bildirir ki, imtahanda həm zəif, həm də güclü şagirdlər var:

"İxtisas imtahanından sonra nəzəri hissə keçirilir. Şagirdlərin hazırlıq səviyyəsi müxtəlifdir. Bu gün çox yaxşı cavab verən şagirdlər də oldu. Belə mərkəzləşdirilmiş imtahanlar bizə uşaqların real bilik və bacarıqlarını görməyə imkan yaradır".

Nümunəvi Orkestrin konsertmeysteri, 9 nömrəli musiqi məktəbinin uzunillik pedaqoqu Cavad Musayev isə hesab edir ki, ümumi hazırlıq istənilən səviyyədə deyil:

"Ümumi mənzərə o qədər də qənaətbəxş deyil. Bir neçə şagird həqiqətən yaxşı hazırlaşıb, amma əksəriyyətinin hazırlığında boşluqlar hiss olunur. Yaxşı ifa edən şagirdlərin nəzəri bilikləri də adətən güclü olur. İfa zəif olanda nəzəri hazırlıq da zəif görünür".

Opera və Balet Teatrının konsertmeysteri, qrant qrupunun rəhbəri Əli Budaqov da bəzi istedadlı şagirdlərin peşəkar musiqi təhsilini davam etdirmək istəmədiyini təəssüflə qeyd edir. Onun sözlərinə görə, bu cür imtahanlar həm şagirdlərin potensialını üzə çıxarmaq, həm də onların gələcək istiqamətini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Bir qədər əvvəl kamera otağından imtahan prosesini izləyən nəzarətçi münsiflərə yaxınlaşır. O, az öncə çıxış edən Camalın hansı məktəbdən gəldiyini, adını və soyadını qeyd edir. Daha sonra bildirir ki, bu məlumatlar gələcək üçün toplanır. Məqsəd isə yüksək nəticə göstərən istedadlı şagirdləri izləmək və onların inkişafına dəstək olmaqdır. Qeyd olunur ki, bu imtahanda fərqlənən uşaqların nəticələri gələcəkdə qabiliyyət imtahanları və digər seçim proseslərində də nəzərə alına bilər.

 

Söhbətimiz bitər-bitməz vaxt itirmədən truba ixtisası üzrə imtahan keçirilən otağa keçirəm. İçəridə hökm sürən sakitlik ilk baxışdan belə gərginliyi hiss etdirir. Şagird artıq ifasının son akkordlarını səsləndirir. Münsiflərin üz ifadələrindən isə çıxışın gözlənilən səviyyədə alınmadığını sezmək çətin deyil.

İfa başa çatır. Növbə nəzəri hissəyə çatır. "Truba hansı alətlər qrupuna daxildir?", "Alətin diapazonu neçə oktavanı əhatə edir?", "Trubanın orkestrdə əsas funksiyası nədən ibarətdir?", "Simfonik orkestrdə adətən neçə truba istifadə olunur?", "Stakkato və leqato ifa texnikaları arasındakı fərq nədir?" kimi suallar səslənir. Şagird bəzi suallara cavab versə də, bir çoxunda tərəddüd edir. Otaqdakı sükutdan hiss olunur ki, nəzəri hazırlıq ifa qədər də uğurlu alınmayıb.

Münsiflər bildirlər ki, imtahan ümumilikdə şəffaf keçirilir və şagirdlərin hazırlıq səviyyəsi fərqlidir:

"Hazırlıqlı şagirdlər də var, zəif olanlar da. Hamısı çalışır ki, imtahanın tələblərinə cavab versin. Bizim tövsiyəmiz odur ki, daha çox məşğul olsunlar. Müəllim öz üzərinə düşəni edir, amma nəticə ilk növbədə şagirdin zəhmətindən asılıdır. Onların üzərinə çox şey düşür, amma bəzilərin maraqları yoxdur".

Münsif Nurlan Cavadzadə son dövrlər bu cür imtahanlarında rüşvət iddiaları ilə bağlı səslənən fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, musiqi imtahanlarında belə halların baş verməsi faktiki olaraq mümkün deyil:

"Musiqi göz önündə olan sənətdir. Şagird ifa edir, onu eyni vaxtda bir neçə münsif qiymətləndirir, proses kameralar vasitəsilə qeydə alınır. Belə şəraitdə kiminsə yaxşı ifa edən şagirdi kəsməsi və ya zəif ifa edəni keçirməsi mümkün deyil. Bu baxımdan imtahan tam şəffaf keçirilir. Biz belə hallarla rastlaşmamışıq".

Digər münsif Günay Məmmədova da imtahanların obyektiv təşkil olunduğunu vurğulayıb. O bildirib ki, şagirdlər arasında hazırlıq səviyyəsi fərqlənsə də, proses hər kəs üçün eyni qaydada aparılır:

"İmtahan şəffaf keçirilir. Burada başqa cür olması mümkün deyil. Hazırlıqlı gələn uşaqlar da var, kifayət qədər hazırlaşmayanlar da".

Günay Məmmədova məsuliyyətin təkcə müəllimlərin deyil, valideynlərin də üzərinə düşdüyünü qeyd edib:
"Müəllim öz işini görür. Amma valideynlər də övladlarının təhsilinə məsuliyyətlə yanaşmalıdırlar. Uşağın dərslərə davamiyyəti və hazırlığı ailənin dəstəyindən çox asılıdır".

Saat 16:23

Dəhlizdəki səs-küyün arasında bir küncdə əyləşib uşaqları izləyirəm. Hərəsinin həyəcanı fərqlidir. Kimsə səssizcə notlarını təkrarlayır, kimsə nəfəsini nizamlamaq üçün alətini dodaqlarına yaxınlaşdırır, digərləri isə dostları ilə zarafatlaşaraq həyəcanlarını gizlətməyə çalışırlar.

Qısa fasilədə söhbətləşmək imkanımız da olur. Kamera qarşısına keçmək istəməsələr də, qeyri-rəsmi söhbətlərdə olduqca açıq danışırlar. "Trubanı mənə dayım öyrədib", "Dərs oxu dedilər, qulaq asmadım", "Müəllim nə öyrədibsə, onu ifa edəcəyəm, başqa heç nə bilmirəm" kimi cümlələr bir-birini əvəz edir.

Bu söhbətlər məni də illər əvvələ aparır. Mən də onların yaşında piano təhsili alırdım. O zaman fortepiano mənim üçün dərsdən sonra getdiyim mədəniyyət mərkəsində keçirilən adi dərs idi. Musiqinin, bəstəkarların və mədəniyyətin dəyərini isə yalnız universitet illərində, dünyagörüşüm dəyişdikcə anlamağa başladım.

Bəlkə də problem elə buradan başlayır. Musiqi təhsili bizim üçün nədir? Şagird Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin kim olduğunu, yazdıqları əsərlərin niyə dəyərli olduğunu bilmədən ifa etdiyi notlarla emosional bağ qura bilmir. Müəllim piano, kamança, klarnet və ya trubanı öyrədə bilər. Amma şagirdə musiqini və mədəniyyəti sevdirə bilmirsə, təhsil yarımçıq qalır. Ancaq son imtahanlarda görürük ki, bəzi müəllimlər heç notla ifanı da uşaqlara öyrətmək bacarığında deyillər. Bir müddət əvvəl müəllimlərin attestasiya imtahanında gördüklərim də bu fikri gücləndirir. İllərdir 20 – 40 saat dərsi olan müəllim nə musiqi ifa edə bilir, nə də Azərbaycan musiqisinin ən böyük simalarını tanıyır və təbii ki, öyrədə bilir. 

İmtahan zalında nəzarətçi kimi çalışan Cəvahir Xəlilov da gün ərzində müşahidə etdiyi mənzərəni Modern.az-la bölüşür. Onun sözlərinə görə, ən çox həyəcan keçirənlər elə şagirdlər olub.

"Bu gün uşaqlar həqiqətən çox həyəcanlı idilər. Amma düşünürəm ki, imtahanı uğurla başa vurdular. Bugünkü iştirakçılar hazırlıqlı və bacarıqlı idilər. İnanıram ki, onların əksəriyyəti müsbət nəticə əldə edəcək".

Cəvahir Xəlilov imtahanın təşkili və şəffaflığı ilə bağlı da müsbət fikirlər səsləndirir:

"Proses kifayət qədər şəffaf təşkil olunub. İmtahan başlamazdan əvvəl həm şagirdlərin, həm də komissiya üzvlərinin mobil telefonları toplanır. Bütün proses müəyyən olunmuş qaydalara uyğun şəkildə həyata keçirilir".

Dəhlizlə irəlləyirik. Növbəti otağın qapısı açılan kimi bizi tamam fərqli bir musiqi qarşılayır. Bir qədər əvvəl gur və kəskin səslənən mis nəfəs alətinin yerini indi fleytanın zərif, axıcı melodiyası alıb.

Şagird bütün diqqətini notlara yönəldib. Pianonun müşayiəti ilə ifasını davam etdirərkən otaqda sanki nəfəsini belə ehtiyatla alanlar var. Əsər bitən kimi qısa sükut çökür. Fleyta asta şəkildə masanın üzərinə qoyulur, musiqinin yerini isə suallar tutur.

Münsiflər əvvəlcə ifa ilə bağlı qeydlərini bölüşür, daha sonra nəzəri hissəyə keçirlər. Şagird musiqi terminlərini, ritm və tonallıqla bağlı anlayışları izah etməyə çalışır. Hər cavabdan sonra münsiflərin baxışları qiymətləndirmə vərəqlərinə yönəlir. Qələm səsləri otaqdakı yeganə səsə çevrilir.

İmtahan otaqlarını bir-bir gəzərkən eyni mənzərənin təkrarlandığını görürük. Fərq yalnız alətlərin səsindədir. Haradasa trubanın gur nəfəsi eşidilir, başqa otaqda fleytanın incə melodiyası, bir az aralıda isə pianonun səsi. Amma bütün otaqları birləşdirən ortaq hiss eynidir.

Saat 17:20



Sonda yenidən kamera otağına qayıdırıq. Buradan bütün imtahan prosesi real vaxt rejimində izlənilirdi.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov deyir ki, builki buraxılış imtahanları ilk dəfə ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilir. Hazırda Bakı məntəqəsində Bakı şəhəri ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur regional idarələrinə tabe musiqi və incəsənət məktəblərinin şagirdləri imtahan verirlər. Paralel olaraq regionlarda da eyni proses davam edir və bütün imtahanların iyulun ortalarınadək yekunlaşdırılması planlaşdırılır.

Onun sözlərinə görə, imtahanlarda hər komissiya iki ixtisas müəllimi və bir nəzəriyyə müəllimindən ibarətdir. İmtahanlar müəyyən edilmiş qaydalara uyğun keçirilir və müxtəlif ixtisasları əhatə edir.

Yaşar Zeynalov bildirir ki, mərkəzləşdirilmiş imtahanların əsas məqsədi qiymətləndirmədə şəffaflığı və etibarlılığı artırmaqdır:

"İmtahanlar tam nəzarət altında keçirilir. Kamera və səs yazısı sistemi, eləcə də digər texniki imkanlar sayəsində insan amili minimuma endirilir. Beləliklə, bütün şagirdlər eyni şərtlər altında qiymətləndirilir və hər hansı subyektiv yanaşmanın qarşısı alınır."

Direktor müavininin sözlərinə görə, bəzi şagirdlərin elektron sistemdə əlaqə məlumatlarının düzgün qeyd edilməsə də və ya ümumtəhsil məktəblərində imtahanlarının üst-üstə düşməsi səbəbindən iştirakla bağlı çətinliklər yaşansa da, bütün hallarda məktəblərlə əlaqə saxlanılıb və həmin şagirdlər üçün əlavə günlər ayrılıb.

Yaşar Zeynalov əlavə edir ki, buraxılış imtahanlarının nəticələri yalnız şagirdlərin deyil, məktəblərin fəaliyyətinin qiymətləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Yüksək nəticə göstərən və ixtisas üzrə təhsilini davam etdirmək istəyən şagirdlərlə bağlı gələcəkdə xüsusi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, bu nəticələr musiqi və incəsənət məktəblərinin ümumi səviyyəsinin müəyyənləşdirilməsi üçün də monitorinq vasitəsi kimi istifadə olunacaq.

Söhbətimizi yekunlaşdırdıqdan sonra qapıyadək Yaşar müəllimlə imtahanlar barədə danışmağa davam edirik. O deyir ki, buraxılış imtahanları təkcə şagirdlərin deyil, illərdir musiqi və incəsənət məktəblərində aparılan tədrisin də real mənzərəsini ortaya qoyur. Müşahidələr də göstərir ki, bəzi şagirdlərin zəif nəticə göstərməsinin səbəblərindən biri də uzun illər bu sahədə ixtisasına uyğun olmayan müəllimlərin çalışmasıdır. Məhz buna görə son illər müəllimlərin attestasiyası aparılır və tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində addımlar atılır.

Bakı Xoreoqrafiya Akademiyasından ayrılırıq. Bu gün orada onlarla şagird musiqi təhsilinin ilk mühüm mərhələsini geridə qoydu. Kimi həyəcanını, kimi sevincini, kimi isə gələcəyə dair ümidlərini... Qarşıdakı günlərdə isə eyni həyəcan ölkənin müxtəlif bölgələrində davam edəcək. Növbədə isə artıq Mədəniyyət Nazirliyinin digər istiqamətləri üzrə qiymətləndirmələr, o cümlədən kitabxanaçıların attestasiyası var.

Sizə yeni x var
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV