Bu gün İçərişəhərdə adi günlərdən fərqlənən bir ab-hava var. Çünki hazırda "Kuzey Kıbrıs Kültür Günü" keçirilir. İçərişəhərin qonaqları fərqli bir mənzərə-Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin bayraqları qarşılayır. Küçələr boyunca qurulan stendlər, səhnədən yüksələn musiqi səsləri və müxtəlif guşələrdən gələn yeməklərin qoxusu kiçik bir mədəniyyət festivalını andırır.
Modern.az olaraq, hadisə yerində "Kuzey Kıbrıs Kültür Günü"nə böyük marağın şahidi oluruq. Tədbir məkanına gələn qonaqlar stendləri gəzir, sənətkarlarla söhbət edir, Şimali Kiprə məxsus məhsullarla yaxından tanış olurlar.

Elə bu məqamda qeyd etmək yerinə düşərdi ki, açılış mərasimində Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, Baş nazirin müavini və Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit naziri Fikri Ataoğlu, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Milli Məclisin Azərbaycan–Şimali Kipr Türk Respublikası parlamentlərarası işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, deputatlar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Onlar Azərbaycan və Şimali Kipr arasında münasibətlərin inkişafından, ortaq mədəni irsin qorunmasının əhəmiyyətindən danışıblar. Natiqlər mədəniyyətin xalqları bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biri olduğunu vurğulayıblar.

Çıxışlardan sonra yenidən qeyri-rəsmi hissə başlayır. Əvvəlcə Şimali Kiprin folklor kollektivləri çıxış edir. Milli geyimlərdə səhnəyə çıxan rəqqasların ifaları tamaşaçıların alqışları ilə müşayiət olunur. Səhnənin qarşısında dayanmış insanlar telefonları ilə bu anları lentə alır, bəziləri isə musiqinin ritminə qoşularaq çıxışları izləyir.

Folklor proqramından sonra səhnə daha fərqli bir rəng alır. Şimali Kiprin tarixi, təbiəti və mədəni motivlərindən ilhamlanan geyim kolleksiyası təqdim olunur. Qeyri-adi libaslar, cəsarətli dizaynlar və səhnə tərtibatı tədbirin ən çox diqqət çəkən məqamlarından birinə çevrilir.

Səhnədə proqram davam etdiyi vaxt ziyarətçilərin böyük hissəsi sərgi guşələrinə üz tutur.
Burada Şimali Kiprdən gətirilmiş əl işləri, keramika nümunələri, toxuculuq məhsulları, dekorativ aksesuarlar və suvenirlər nümayiş etdirilir. Stendlərin birində əl işi tikmə nümunələri hazırlanır, digərində keramika ustaları öz məhsullarını təqdim edir, başqa bir guşədə isə yerli istehsal məhsulları qonaqların marağına səbəb olur.
Ən çox insan toplaşan yerlərdən biri isə mətbəx guşələridir.

Şimali Kiprə məxsus şirniyyatlar, ev üsulu ilə hazırlanmış mürəbbələr, müxtəlif içkilər və milli təamlar qonaqlara təqdim olunur. Bir çox ziyarətçi məhsulların dadına baxdıqdan sonra onların hazırlanma qaydaları ilə maraqlanır, satıcılarla söhbət edir.
Tədbir boyu hiss olunan əsas məqam isə səmimiyyətdir. Şimali Kiprdən gələn sənətkarlar, sahibkarlar və nümayəndələr qonaqlarla ünsiyyət qurur, adanın tarixi, turizm imkanları və mədəniyyəti haqqında danışırlar.
Gün ərzində İçərişəhərdə təkcə bir mədəniyyət proqramı keçirilmir. Burada iki qardaş xalqın ortaq dəyərləri nümayiş olunur, mədəniyyət vasitəsilə qurulan əlaqələrin nə qədər güclü olduğu göstərilir.
Tədbirdən digər fotoları da təqdim edirik:















