Son zəng...
13 iyun 2026-cı il
Məktəbə doğru üz tutduğum andan günün əhəmiyyəti və mahiyyəti hələ erkən saatlardan şəhərin ab-havasından hiss olunurdu. Məktəbli geyimində olan birincilər və onbirincilər şəhərə tamam fərqli bir rəngarənglik, canlılıq qatmışdılar. Əminəm ki, bu günün, bu tarixin yaşından asılı olmayaraq hər kəsin həyatında xüsusi bir yeri var. Hər il bu tarixdə ya qohumumuz, ya tanışımız, ya da dostumuz məzun olur. Bir anlıq hamımız doğmalarımızla birlikdə həmin günə qayıdır, məktəb illərimizi, şirin, vida dolu ən son addımlarımızı xatırlayırıq.
Beş ildən sonra yenidən “Son zəng” tədbirində iştirak etmək məni də öz məktəb illərimə apardı. Bu dəfə məktəbli kimi deyil, valideynlərin, ilk dəfə məktəb həyatı ilə tanış olan birincilərin və məktəblə vidalaşan məzunların duyğularını, təəssüratlarını dinləmək üçün dövlət başçımız Prezident İlham Əliyevin təhsil aldığı Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə idim.

...valideynlərin simasında təbəssüm, sevinc və qürur hiss olunurdu. Onbirincilər haqqında isə eyni fikri tam demək olmazdı. Onlar sinif yoldaşlarından, müəllimlərindən ayrıldıqları üçün bir qədər kövrək görünürdülər. Amma məzunlar, bununla yanaşı, sevinclərini də gizlətmirdilər. Axı onlar yeni həyata, həyatlarının ən vacib mərhələlərindən birinə qədəm qoyurlar. Qarşılarında ömürlərinin ən gözəl çağlarından biri olan tləbəlik illəri dayanır...
Sözlər, hisslər, duyğular çox fərqli, nisgil dolusu idi. Adam lap yenidən o günlərə qayıtmaq, məktəbli, məzun olmaq istəyir...

Birincilər isə tamam başqa aləm idi. Ağlayanı da vardı, güləni də, küsəni də, utananı da... Onlar bir tərəfdən məzun olmağa tələsir, digər tərəfdən isə uşaqlıqlarının ən gözəl dövrünün sevincini yaşayırdılar. Birincilərin böyük xəyalları vardı: həkim olub insanları sağaltmaq, müəllim olub bilik öyrətmək...
Onlar bir dəyərdir. Onlar bu xalqın gələcəyi olan birincilərdir.
Valideynlərlə ünsiyyət zamanı onların sevincinin həddi-hüdudu olmadığı aydın hiss olunurdu. Hamısının bir arzusu vardı: övladlarının sağlam, xoşbəxt, savadlı böyüməsi, xalqa və millətə faydalı vətəndaş kimi yetişməsi.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “Son zəng” məktəb həyatının başa çatmasını və gənclərin həyatında yeni mərhələnin başlanmasını simvolizə edir.
Nazir müavini məzunları, müəllimləri və valideynləri təbrik edərək vurğulayıb ki, məktəblə vidalaşan gəncləri həyatlarının yeni və məsuliyyətli mərhələsi gözləyir.
“6 nömrəli məktəb-lisey ölkənin tanınmış təhsil müəssisələrindən biridir. Bu məktəbin məzunu olmaq böyük şərəf olduğu qədər, ciddi məsuliyyət də tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin də bu məktəbdə təhsil alması təhsil ocağının zəngin ənənələrinin göstəricisidir”, - deyə o qeyd edib.
F.Qurbanov çıxışında yaxın günlərdə qeyd olunacaq Milli Qurtuluş Gününə də toxunaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyin inkişafındakı rolundan danışıb.
Nazir müavini bildirib ki, bu il məktəb-liseyi 144 məzun bitirir və onların gələcəkdə ölkənin inkişafına mühüm töhfələr verəcəyinə inanır. O, eyni zamanda müasir dövrdə gənclərin qarşısında duran yeni texnoloji çağırışlardan da bəhs edib.
Xaricdə təhsil alacaq gənclərə müraciət edən nazir müavini onların Azərbaycanla əlaqələrini heç vaxt itirməmələrinin vacibliyini diqqətə çatdırıb. O, gənclərə məsuliyyətli, təşəbbüskar və fəal olmağı tövsiyə edib, onları ölkənin ictimai həyatında aktiv iştirak etməyə və gələcək fəaliyyətlərində Vətənə xidmət etməyə çağırıb.

Məktəbin direktoru Gülşən Orucova isə bildirib ki, məzunların 70 faizi artıq müxtəlif xarici universitetlərə qəbul olunub.
“Artıq məzunlarımızın 70 faizi müxtəlif xarici universitetlərə qəbul alıb. Buraxılış imtahanlarında yüksək nəticələr göstərərək həm müəllimlərini, həm valideynlərini, həm də bizi sevindiriblər. Məktəb rəhbəri olaraq hər zaman məzunlarımızla fəxr etmişəm. Çünki harada təhsil almalarından asılı olmayaraq, Azərbaycana töhfə verə biləcək vətəndaşlar yetişdirdiyimizi düşünürəm”.
G.Orucova vurğulayıb ki, builki məzunların da vətənpərvər gənclər kimi ölkənin gələcək inkişafına öz töhfələrini verəcəklərinə inanır.
Buraxılış imtahanlarının nəticələrinə də toxunan direktor qeyd edib ki, məktəbin bir məzunu 297 bal toplayıb. Onun sözlərinə görə, ümumilikdə 52 məzun buraxılış imtahanlarında 250-dən yuxarı nəticə göstərib. Direktor sonda bütün məzunlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Valideynlərlə həmsöhbət olduqda bu günün təkcə birincilər, məzunlar üçün deyil, onların ailələri üçün də nə qədər xüsusi olduğunu daha yaxından hiss edirdim.

Məzunlardan biri olan Mirzəzadə Zəhra İlqar qızının valideyni Vüsalə Bəkirova artıq ikinci dəfə bu duyğuları yaşadığını deyir. Onun sözlərinə görə, digər övladı da məhz bu məktəbin məzunudur və hazırda Dövlət Proqramı çərçivəsində ABŞ-də təhsil alır.
“15 ildir bu məktəblə tanışıq. Artıq ailə kimi olmuşuq. Məktəbin müəllim kollektivindən, rəhbərliyindən çox razıyıq. Oğlum da bu məktəbin məzunudur. Hazırda ABŞ-də, dünyanın nüfuzlu universitetlərindən birində Kompüter elmləri üzrə təhsil alır. Bu gün qızım da məzun olur. Ondan da eyni uğurları gözləyirik.
Valideynlər də bu gün əslində məzun olurlar. Çünki 15 il ərzində övladlarımızla birlikdə biz də bu yolu keçmişik. Bu məktəbdə qazandığımız münasibətlər artıq dostluğa, hətta bəzi hallarda ailə dostluğuna çevrilib. Nə yaxşı ki, övladlarım bu məktəbdə təhsil alıblar. Məktəbin bizə göstərdiyi isti və doğma münasibəti hər zaman hər yerdə qeyd edirəm. Bu mühitin formalaşmasında məktəbin direktoru Gülşən müəllimənin xüsusi rolu var. O, sanki təkcə şagirdlərə deyil, valideynlərə də valideynlik edir. Hisslərimiz həqiqətən möhtəşəmdir”.
Valideynlər arasında həm müəllim, həm də ata kimi bu günü yaşayanlar da vardı

6 saylı məktəb-liseyin məzunu Fuad İmanlının atası Elmin İmanov deyir ki, övladının məzun olması ona eyni anda bir neçə fərqli hiss yaşadır:
“Bu gün həm müəllim, həm də valideyn kimi çox fərqli hisslər keçirirəm. Bütün məzunları ürəkdən təbrik edir, onların bu mərhələyə gəlib çatmasında əməyi olan müəllimlərə təşəkkür edirəm. Valideynlərə gözaydınlığı verirəm.
Bu gün müstəqil və qüdrətli Azərbaycanımız var. Böyük xoşbəxtlikdir ki, məzunlarımız azad və suveren Vətənin məzunlarıdırlar. İndi onların həyatında yeni, müstəqil bir dövr başlayır. Arzu edirəm ki, onlar Vətənə, xalqa və dövlətə bağlı, vətənpərvər insanlar kimi yetişsinlər, müasir dünyanın tələblərinə uyğun şəkildə ölkəmizi layiqincə təmsil etsinlər.
Oğlum Fuad İmanlı II ixtisas qrupu üzrə hazırlaşır. Nəticələri böyük həyəcanla gözləyirik. Hələlik iqtisadiyyat istiqamətini düşünürük. Ümid edirəm ki, arzularımız gerçəkləşəcək”.
Məzunlarla ünsiyyət zamanı isə onların sevincinin içində gizlənən ayrılıq hissini daha aydın görmək olurdu...

Məktəbin 11A sinfinin məzunu Nihat Paşayev gələcəyini xaricdə qurmağı planlaşdırır.
“Bu gün uşaqlıq dostlarımla birlikdə məktəbi başa vururuq. Uzun illər birlikdə böyümüşük. İndi isə ayrılırıq. Təbii ki, hamımız kövrəlmişik və bir-birimiz üçün darıxacağıq. Amma düşünürəm ki, hər birimizi qarşıda gözəl uğurlar gözləyir.
Kompüter elmləri üzrə təhsil almaq istəyirəm. Almaniyadakı Constructor Universitetindən qəbul almışam. Hazırda viza prosesini gözləyirəm. Yayın sonuna doğru Almaniyaya yollanacağam”.

Məzun Nuray Bağırlı isə hisslərini sözlə ifadə etməyin çətin olduğunu söyləyib:
“Bu gün çox həyəcanlı və duyğulu gündür. Dərk edəndə ki, artıq bir də bu məktəbə şagird kimi qayıtmayacağıq, bu hissləri yenidən yaşamayacağıq, adam kövrəlir.
Burada valideynlərimiz, müəllimlərimiz dayanıb. Hamı duyğulanır. III ixtisas qrupu üzrə hazırlaşıram. Buraxılış imtahanında 216 bal toplamışam. Blok imtahanını da yaxşı yazdığımı düşünürəm. Nəticələri səbirsizliklə gözləyirik. Gələcəkdə xarici dillər və tərcüməçilik sahəsində təhsil almaq, Azərbaycan Dillər Universitetinə qəbul olmaq istəyirəm”.

11-B sinfinin məzunu Solmaz Ağazadə isə deyir ki, bu gün onun üçün həm sevinc, həm də kövrək duyğularla yadda qalacaq.
“Çox sevincliyəm ki, bu məktəbin məzunu olmuşam. Hər kəsə uğurlar arzulayıram. Gələcək həyatımız bugünkündən də gözəl olsun.
Əslində çox sevinirik, amma eyni zamanda bilirik ki, bu günlər üçün darıxacağıq. Həmişə deyirdilər ki, böyüyəndə məktəb illərinin dəyərini anlayacaqsınız. Biz isə bunu elə indidən hiss edirik.
III ixtisas qrupu üzrə hazırlaşıram. Bakı Dövlət Universitetində Dövlət və ictimai münasibətlər ixtisasında təhsil almaq istəyirəm. İnanıram ki, qarşıma qoyduğum hədəflərə çatacağam”.

Məzun Elmir Alı da gələcək planlarının təhsil üzərində qurulduğunu deyir.
“Bütün məzunları təbrik edir, hər kəsə uğurlar arzulayıram. I ixtisas qrupu üzrə hazırlaşıram. Kimya mühəndisliyi sahəsində təhsil almaq istəyirəm. Bakı Ali Neft Məktəbini seçməyi düşünürəm.
Əlbəttə, məktəb üçün darıxacağıq. Amma yenə də dostlarımızla, yoldaşlarımızla görüşəcəyik. Qarşımdakı əsas məqsəd və hədəfim isə oxumaq, özümü inkişaf etdirmək və gələcək üçün daha yaxşı imkanlar qazanmaqdır”.

Tədbirin sonunda diqqətimi çəkən ən təsirli məqamlardan biri də “Son zəng" zınqrovunun şəhid övladı tərəfindən səsləndirilməsi oldu. Vətən uğrunda canından keçən qəhrəmanımızın əmanətinin son zəngi çalması qürur və kövrəklik yaradan məqamlardan biri kimi xatirimdə qaldı. Necə deyərlər, bu günün sevinci də, sabahın ümidləri də şəhidlərimizin bizə əmanət qoyduğu dəyərlər üzərində yüksəlir.
Son zəng çalındıqdan sonra məktəblilər bir-biri ilə qucaqlaşır, şəkillər çəkdirir, müəllimləri ilə vidalaşırdılar. Sevinclə kədərin bir-birinə qarışdığı həmin anlarda hər kəs hisslərini gizlətməyə çalışsa da, gözlərdəki dərin məna, kövrəklik hər şeyi ehtiva edirdi.

Bu gün çiyin-çiyinə çalışdığımız həmkarım Esmiradan da bəhs etməsəm olmaz. Onunla uşaqlarla uşaq, məktəblilərlə məktəbli kimi ünsiyyət qururduq. Elə bil biz də bu xoş və maraqlı gün sayəsində illər öncə yaşadığımız həmin duyğulara yenidən qayıtmışdıq. Məktəbli, məzun, onbirinci, birincilər demədən yaxınlaşır, onların sevincini, həyəcanını, qürurunu və kövrəkliyinə öz doğmamız kimi həmşərik olurduq. Elə bəlkə də “Son zəng”in ən gözəl tərəfi də məhz budur - hər kəs öz həyatından bir parçanı həmin günün, xatirələrlə dolu bir anın içində tapır.









Foto: Samir Məcidov