Modern.az

Vaşinqton Qarabağ məsələsində təşəbbüsü ələ almağa ÇALIŞIR

Vaşinqton Qarabağ məsələsində təşəbbüsü ələ almağa ÇALIŞIR

16 May 2019, 12:53

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Nikol Paşinyanla İlham Əliyevin növbətinin görüşünün yeri barədə məlumat verib.

 

O, Brüsseldə keçirdiyi brifinq zamanı liderlərin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyinin anonsunu verib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Amerika Birləşmiş Ştatları növbəti görüşün  məhz Vaşinqtonda keçirilməsinə çalışır.

 

“Çünki açıq etiraf etmək lazımdır ki, son 15 il içində danışıqlar Rusiyanın inhisarı altına düşüb. Əsas danışıqlar Rusiyada keçirilib.Bu baxımdan  Amerika da fəallıq göstərməyə çalışır.  ABŞ çalışır ki, bölgədə söz sahibi olduğunu göstərsin. Vaşinqtonda görüş olsa belə, mən bu görüşdən real nəticə gözləmirəm”-deyə E.Şahinoğlu bildirib.

 

Ekspert qeyd edib ki, Ermənistan yenə ultimativ dildə danışır.

“Məsələnin digər tərəfi odur ki, Rusiya Vaşinqtonda keçirilən görüşlərə çox qısqanclıqla yanaşacaq. Ona görə də çalışacaq ki, danışıqlarda nəticə əldə olunmasın. Bunu Ermənistanın əli ilə edəcək. Bu gün Ermənistan tamamən Rusiyadan asılıdır. Baxmayaraq ki, Nikol Paşinyan hakimiyyətə gələndə balanslı siyasət yeridəcəyini deyirdi. Amerika və Avropadan gözləntiləri doğrulmadığına görə Robert Koçaryan və Serj Sarkisyan kimi Moskvaya əyilir. Bu baxımdan da Moskvanın əmrlərini yerinə yetirir. Moskva da istəməz ki, Azərbaycanın Prezidenti ilə Ermənistanın baş nazirinin görüşündə real bir nəticə əldə olunsun”.

 

Politoloq deyib ki, münaqişənin həllində danışıqlar nəticə vermir, alternativ yol torpaqların güc yolu ilə işğaldan azad olunmasıdır.

 

“Başqa alternativimiz qarşı tərəfi güc yolu ilə masada mərhələli həll planını imzalamağa məcbur etməkdir. Hələ ki, o proses də başlamır. Ara-sıra toqquşmalar olur, müharibə isə böyük dövlətlərin maraqlarına cavab vermir. Açıq demək lazımdır ki, 2016-cı il aprel döyüşlərində Rusiya bizə 4 gündən artıq müharibə etməyə imkan vermədi, böyük təzyiq etdi. Bu baxımdan böyük savaşın başlaması da sual altındadır. Amma yenə də mən başqa alternativ görmürəm, İkincisi çox təəssüf ki, böyük dövlətlər də razılıq vermirlər. Belə bir şəraitdə Azərbaycan özü Ermənistanı sülhə məcbur etməlidir”.

 

E.Şahinoğlu deyib ki, Qarabağ məsələsində Azərbaycanın 3 böyük dəstəkçisi var – Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan.

 

“Bu 3 dövlətin Qarabağ münaqişəsinə görə, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla heç bir diplomatik münasibətləri yoxdur. Birmənalı şəkildə Azərbaycanı dəstəkləyirlər. Mümkün müharibə şəraitində biz real olaraq bu 3 dövlətdən dəstək alacağıq. Amma yenə də müharibə şəraiti olarsa bilməliyik ki, biz tək Ermənistanla savaşmayacağıq. Ermənistanın arxasında Rusiya var. Rusiya onlara hərtərəfli dəstək verəcək.

 

Biz də tək qalmamaq üçün ən azı Türkiyə ilə hərbi-siyasi, strateji müttəfiqliyi daha üst səviyyəyə qaldırmağa çalışmalıyıq. Bu mənim şəxsi fikrimdir, bunu dəfələrə demişəm, çalışmalıq Türkiyənin heç olmasa, ən azı iki hərbi bazası Azərbaycanda yerləşdirilsin”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...