Modern.az

Abşeronda heyvanlar müayinə olunub

Abşeronda heyvanlar müayinə olunub

20 May 2019, 16:04

Abşeron rayonu ərazisində “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir.

 

Modern.az xəbər verir ki, tədbirlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət  Baytarlıq Xidmətinin (DBX) Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən aparılır.


İdarə cari ilin müvafiq dövrü ərzində rayon ərazisində saxlanılan 21467 baş iribuynuzlu, 108 min baş xırdabuynuzlu, 350 baş təkdırnaqlı heyvan, 83 baş dəvə  və 100 baş donuzda qarayara, 2658 baş sahibli itdə quduzluq, 1850 baş iribuynuzlu (Ş-19 ştammı ilə), 4250 baş xırdabuynuzlu (Rev-1 ştammı ilə) heyvanda bruselyoz, 150 baş donuzda taun, 43450 baş xırdabuynuzlu heyvanda çiçək, 350 baş atda qrip və rinopnevmaniya, 750 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu heyvanda leptospiroz xəstəliklərinə qarşı peyvəndləmə işləri aparılıb. Eləcə də bu dövr ərzində 183200 (“H” ştammı ilə) baş quşda və 308 min baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Fevral ayından Abşeron rayonunda saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 21 min baş iribuynuzlu və 108 min baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib.



Mart ayından isə Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 19013 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. İlin əvvəlindən indiyə kimi isə baytarlıq xidməti tərəfindən rayonda 28450 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayon ərazisində olan təsərrüfatlarda heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında  bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 1648  baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda vərəmə qarşı 1000 (bir min) baş iribuynuzlu heyvanda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib.

Hal-hazırda Abşeron rayonunda xırdabuynuzlu heyvanlarda çiçək, dabaq və bruselyoz, iribuynuzlu heyvanlarda brusellyoz və ev quşlarında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri, eləcə də təsərrüfatlarda sağlamlaşdırıcı dezinfeksiya və dezinseksiya işləri, yaz-yay mövsümü ilə əlaqədar heyvanların qan-parazitar və digər transmissiv xəstəliklərdən qorunması məqsədilə çimizdirilmə tədbirləri aparılır. Həmçinin iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), qoçlarda bruselyoz və epididemitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, rayonda epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, sahibkarlar tərəfindən özbaşına heyvanlara dərman-preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman istifadə edilən  preparatların təlimatına əməl edilməməsi nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin tədbirlər çərçivəsində aparılan təlim işi zamanı həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, bildirişlər təqdim edilir və təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir