Modern.az

Deputatlar Fuad Abbasovun müdafiəsinə qalxdılar: “XİN münasibət bildirməlidir!”

Deputatlar Fuad Abbasovun müdafiəsinə qalxdılar: “XİN münasibət bildirməlidir!”

21 May 2019, 15:12

Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Jurnalist saxlanılarkən ciddi fiziki təzyiqlərə, aşağılayıcı davranışa məruz qalıb. Onun vəkili Elman Paşayev mediaya açıqlamasında bildirib ki, F.Abbasovu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər. Üstəlik, vəkilin sözlərinə görə, küçədə hüquq-mühafizə orqanı əməkdaşlarından ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib:


“O fotoların internetdə yayılmasının əsas səbəbi isə sifarişçiyə “missiyanın” yerinə yetirildiyini sübut etmək olub”.

Fuad Abbasovun mayın 28-də Azərbaycana ekstradisiya olunacağı bildirilir.

 

Jurnalistin məsələsi haqqında Modern.az-a danışan deputat Hikmət Babaoğlu hesab edir ki, Fuad Abbasova qarşı edilənlər milli - etnik diskriminasiyadır, söz, ifadə və fəaliyyət azadlığının məhdudlaşdırılmasıdır. O, əlavə edib ki, heç bir demokratik cəmiyyətdə insanların ifadə və qanuni fəaliyyət azadlığı məhdudlaşdırılmamalıdır:

“Rusiya Federasiyası ilə Azərbaycan arasında olduqca yaxşı münasibətlər mövcuddur . Ancaq təssüf ki , biz bir sıra hallarda bu münasibətlərə xələl gətirən hadisələrin şahidi oluruq. Fuad Abbasovun Rusiyadan deportasiya edilməsilə bağlı qəbul edilən qərar hüquqi deyil, siyasi qərardır. Belə bir qərarın nə üçün qəbul edildiyini hamı yaxşı bilir. Diasporamızın fəal üzvü olan, jurnalist və bloqqer kimi tanınan Fuad Abbasov əslində heç də təqdim edildiyi kimi millətlərarası münasibətləri qızışdıran addımlar atmayıb, tam əksinə, ermənilər tərəfindən xüsusi qydada hazırlanmış çeçen- azərbaycan qarşıdurmasının qarşısının alınmasında ciddi işlər görüb. Bu isə əlbəttə Rusiyanın dövlət maraqlarına uyğundur. Yaxşı olar ki, məhkəmə, təxribatı hazırlayan erməni olduğu halda özünü azərbaycanlı kimi tanıdaraq qardaş Çeçen xalqının nümayəndəsini təhqir edib azərbaycanlılarla çeçenlər arasında qarşıdurma yaratmaq istəyən ermənini deportasiya etsin ya da hüquq çərçivəsində alternativ şəkildə cəzalandırsın”.


H.Babaoğlu deyib ki, şimal qonşumuzda bəzi güc mərkəzlərinin, hətta ayrı - ayrı hallarda dövlət idarəetməsində mühüm vəzifə tutan bəzi məmurların ermənipərst mövqeyi əsla ürəkaçan deyil:

“Ona görə də mütləq nəzərə alınmalıdır ki , azərbaycanlılar bu münasibətə layiq deyillər və belə məsələlərə son qoymaq lazımdır. Ölkəmizdə Rusiyaya münasibət necədirsə, Rusiyada da bizə qarşı münasibət elə olmalıdır. Yaranmış vəziyyətdə nə etməliyik sualına gəldikdə isə biz bütün rəsmi və qeyri rəsmi resurslarımızı səfərbər edərək, Fuad Abbasovun yanında olmalı ona qarşı verilmiş bu ədalətsiz hökmün ləğv edilməsinə çalışmalıyıq. Çünki bu qərar təkcə Fuad Abbasovla bağlı məsələ deyil. Bir nümunə kimi digər azərbaycanlıların da ictimai fəal hərəkətlərinin məhdudlaşdırılması, onların özünümüdafiə haqqlarından çəkindirməyə hesablanıb. Ancaq heç kəs düşünməsin ki, Azərbaycanın belə hərəkətlərə qarşı adekvat addımlar atmaq imkanı yoxdur. Belə imkanlar var və biz yeri gəldikdə ondan mütləq istifadə etməliyik. Heç də hadisəni elə yozmaq lazım deyil ki, guya, kimsə qəsdən belə addımlarla Rusiya - Azərbaycan münasibətlərini pozmağa çalışır. Unutmaq lazım deyil ki, münasibətlərin pozulması hər iki tərəfin maraqlarına uyğun deyil. Bu münasibətləri qarşlıqlı hörmət əsasında qorumaq lazımdır”.


Deputat Aqil Abbas
da Fuad Abbasovun döyülərək, təhqir olunmasını pisləyib. A. Abbas Azərbaycan Xarici İşlər Nazirliyini məsələyə münasibət bildirməyə çağırıb:

“Fuad Abbasovla qeyri-insani rəftar edilməsi vəhşilikdir. O bir millətini sevən, intellekual jurnalistdir. XİN buna münasibət bildirməlidir. Azərbaycan vətəndaşını nə cinayət edib ki, onu vəhşicəsinə cəzalandırırlar? Üstəlik bunu videoya çəkirlər, sosial şəbəkələrdə yayırlar. Hadisəyə ciddi reaksiya vermək vacibdir.

Onun deportasiyası haqqında bir söz deyə bilmərəm. Hüquqi qaydada məsələ araşdırılmalı, qiymət verilməlidir. Amma bir Azərbaycan vətəndaşı ilə bu cür davranılması qəbul edilməzdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...