Modern.az

Deputatla təhsil eksperti arasında QALMAQAL: “Xislətində problem var”

Deputatla təhsil eksperti arasında QALMAQAL: “Xislətində problem var”

Hadisə

30 İyul 2019, 15:29

Təhsil eksperti Etibar Əliyev sosial şəbəkədəki hesabında belə bir status yazıb: 

“Facebook dostum Ramil Sadıqlı yazır: "Ağadadaş Ağayev kimi bir yaltaq və məddah muğəni Cəlilabaddan olduğu uçun vallah, xəcalət çəkirəm. Elə bilirəm o ermənistanlıdır". Açığı mənim ən çox nifrət etdiyim kabus regionçuluqdur. Ancaq Ramil bəyə bir sual vermək məcburiyyətində qaldım: "Bəlkə cəlilabadlı politoloq Elman Nəsirovdan da şübhələnəsən?". Əzizim Ramil bəy! Yadında saxla, o işlə məşğul olanın regionu olmur”.


Deputat Elman Nəsirov isə təhsil eksperti Etibar Əliyevin onun haqqında səsləndirdiyi fikirlərə etiraz edib.

E.Nəsirov Modern.az-a açıqlamasında deyib ki, həmin insanların xislətində problem var.

 

“Onları paxıllıq hissi heç cür tərk edə bilmir. Məsələ ondadır ki, mən sussam, vətəndaş kimi mövqeyimi ortaya qoymasam, deputat kimi hadisələrə reaksiyam olmasa da məni tənqid edəcəklər ki, deputat kimi yararsızdır”-deyə E.Nəsirov qeyd edib.

Deputat bildirib ki, o, vətəndaş mövqeyi olan insandır:

 

“Baş verən hadisələr, ölkə prezidentinin yeritdiyi daxili və xarici siyasətlə bağlı öz mövqeyimi ortaya qoyur, təbliğat işləri ilə məşğul oluram. Eyni zamanda Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edirəm və həmin partiyanın beynəlxalq əlaqələr üzrə komissiyasının katibiyəm.  Yəni mən hakim partiyanı parlamentdə təmsil edən insanlardan biriyəm. İxtisasım beynəlxalq münasibətlərdir, siyasi elmlər doktoruyam. 

 Üstəlik  Bakı Dövlət Universitetində Amerika və Avropa ölkələrinin yeni müasir  tarixi və xarici siyasəti üzrə ixtisaslaşmışam, Azərbaycan Dillər Universitetində iki il ingilis dili kurslarında oxumuşam. Yəni mən bütünlüklə xarici siyasət və beynəlxalq məsələlərə ixtisasca bağlı adamam.  Belə olan vəziyyətdə dövlət başçısının yeritdiyi həm daxili, həm də xarici siyasətin ayrı-ayrı məqamlarının izah edilməsi, geniş ictimaiyyətə çatdırılması  sahəsində  fəalam.  Kimlər ki, Azərbaycanın qazandığı uğurlara kölgə salmaq, ləkələmək istəyirsə həmin məsələlərdə də heç zaman biganə olmamışam.  Yadımdadır, ölkənin birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva müsahibələrinin birində belə bir fikir söyləyib “İnsanlarda ən sevmədiyim xüsusiyyət biganəlik və layeqdlikdir”

Ulu öndər də həmişə söyləyirdi ki, mövqeyiniz olsun.  Mən də hər zaman mövqeyi olan insanlar sırasındayam. Təbii, bu kimlərəsə xoş gəlməyə bilər”. 

 

Elman Nəsirov tez-tez efirlərdə, mətbuat səhifələrində görünməsi ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib:

 

“Müsahibə vermək üçün mənə zəng edirlər, mən zəng etmirəm ki! Əgər mənim şərhim qeyri-elmi, qərəzli, qeyri-dəqiq olsa heç bir televiziya məni qonaq qismində dəvət etməz. Dəvət edirlərsə demək ki, mənim çıxış və mövqeyim mətbuatı qane edir. Artıq kimi dəvət etmirlərsə, söz vermirlərsə,  bu,  onun öz günahıdır”.

 

 

Təhsil eksperti Etibar Əliyev Modern.az-a açıqlamasında deputat Elman Nəsirovun fikirlərinə cavabını gecikdirməyib:

““Mən heç vaxt televiziyalara, qəzetlərə, saytlara can atmamışam. Hətta bir çox hallarda məni televiziya verilişlərinə dəvət edəndə formatdan, mövzudan asılı olaraq, iştirakdan imtina etmişəm. Kimsə efirlərə çağırılmağı ilə öyünürsə, bu hər hansı fövqəlağıl göstəricisi deyil. Kimsə deputatdır, növbəti seçkidə deputat seçilməsə tamamilə unudula bilər. Mandatın özü imkan yaradır ki, KİV-lər onların çıxışlarına tez-tez yer ayırsınlar. Bu, sırf mandatla bağlıdır.

Mən təkcə təhsil sahəsində deyil, başqa sahələrdə də sərbəst məqalələrlə çıxış edirəm, KİV-lər “Facebook” səhifəmdən yazılarımı götürüb, dərc edirlər. Bu, mənim üçün kifayətdir. Heç bir halda şəxsi təşəbbüsümlə efirə can atmıram”.

 

Etibar Əliyev səs-küyə səbəb olan statusu haqqında bunları deyib:

“Bir nəfər sosial şəbəkə istifadəçisi sənətçilər haqqında müqayisə aparıb, böyük səhvə yol vermişdi. Mən isə statusumda qeyd etmişdim ki, tək sənətçiləri deyil, elm adamlarını, siyasətçiləri də müqayisə edin. Elman Nəsirovu isə həmin adı çəkilən regionun nümayəndəsi kimi ümumiləşdirilmiş bir obraz şəklində təqdim etmişdim. Onun şəxsini təhqir edən ifadə işlətməmişəm. Belə götürsək, mənə görə, Elman Nəsirov və Fəzail Ağamalının danışıqlarının heç bir fərqi yoxdur. Amma Elman Nəsirovun şəxsiyyətinə, tutduğu mövqeyə də heç bir iradım yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir