Modern.az

Azərbaycanda sonuncu bələdiyyə seçkilərinin nəticələri - Yaddaşınızı TƏZƏLƏYİN

Azərbaycanda sonuncu bələdiyyə seçkilərinin nəticələri - Yaddaşınızı TƏZƏLƏYİN

15 Avqust 2019, 15:11

Bu il Azərbaycanda beşinci bələdiyyə seçkiləri keçiriləcək. Artıq bir sıra partiyalar, o cümlədən hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərə hazırlıq prosesinə başlayıb.

Mövzunun aktuallığını nəzərə alan Modern.az-ın əməkdaşı ötən bələdiyyə seçkilərinin nəticələrini araşdırıb.

2014-cü ildə keçirilmiş sayca dördüncü bələdiyyə seçkiləri 118 seçki dairəsindən 5015 seçki məntəqəsi üzrə aparılıb. Seçkilərdə 1607 bələdiyyə formalaşıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, dördüncü bələdiyyə seçkilərində seçici fəallığı 38,9 faiz təşkil edib və ondan əvvəlki seçkilərdən 6-7 faiz artıq olub. Komissiyanın hesablamalarına görə, ümumilikdə səsvermədə 1 milyon 876 min 14 nəfər  iştirak edib.

MSK-nın məlumatında qeyd olunub ki, 2014-cü ildə seçicilərin sayı 4 milyon 819 min 382 nəfər olub. 13 min 907 nəfərin 8 siyasi partiya tərəfindən, 23 min 61 nəfərin fərdi olaraq, 109 nəfərin isə təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülüb.

Yeni Azərbaycan Partiyası 15 035 bələdiyyə üzvü yerlərindən 10 315 yeri (68,6%) qazanıb. YAP tərəfindən bələdiyyə üzvlərinin 4268 nəfərini (41,3%) gənclər, 3673 nəfərini isə (35,6%) qadınlar təşkil edib.
Seçilən 4720 nəfər bələdiyyə üzvü isə digər partiyaların təmsilçiləri və bitərəf namizədlər olub.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü