Modern.az

Cibimizə və sağlamlığımıza ziyan vuran saxta sexlər – “Qanunlar sərtləşdirilsin” - TƏKLİF

Cibimizə və sağlamlığımıza ziyan vuran saxta sexlər – “Qanunlar sərtləşdirilsin” - TƏKLİF

İqtisadiyyat

31 Avqust 2019, 09:31

Son vaxtlar mağazalarda  satılan qida məhsullarında keyfiyyət dərəcəsi aşağı düşüb. Məhsulun keyfiyyətsiz olması nəinki narazılıq yaradır, bəzi hallarda insanların bu cür məhsullardan zəhərlənməsi ilə də nəticələnir. Qısa desək, saxta  mal istehsal edən sexlər həm cibimizə, həm də səhhətimizə ziyan vurur.

 

Maraqlıdır, bu cür sexlərin fəaliyyətinin qarşısını necə almaq olar? Ümumiyyətlə, belə sexlər aşkar olunduqda hansı cəza tətbiq edilməlidir ?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli  Məclisin deputatı Çingiz Qənizadə deyir ki, saxta məhsul istehsal edən sexlərin olması biabırçılıqdır.

 

“Mətbuatda mən də hər gün izləyirəm gah spirtli içki, gah çörək sexi, elə bayaq rastıma çıxdı ki, saxta qənd sexi aşkarlanıb. Bu sözün əsl mənasında biyabırçılıqıdr. İaşə, istehsal istərsə də dönərxana və kafelərdə  hazırki vəziyyətdə boşluq var. Uzun müddət bu sahəyə nəzarətsizlik olub. İndi nəzarətedici orqan fəaliyyətə başladıqdan sonra belə hallar üzə çıxır və bizə indi məlum olur ki, 10 illərdir ki, biz saxta məhsulları alıb istifadə edirmişik. Bu özlüyündə çox ciddi məsələdir çünki  xalqın təhlükəsizliyindən söhbət gedir. Bu istiqamətdə qanunların sərtləşdirilməsinin tərəfdarıyam. Parlamentin ötən sessiyasında da çıxış edəndə bildirdim ki, saxta, mənşəyi məlum olmayan ətlərin ölkəyə  gətirilməsi ilə məşğul olan şəxslərə qarşı olan cəza tətbiqləri sərtləşdirilsin”. 

 

Deputat bildirir ki, hazırki qanunvericilikdə bu cür fəaliyyətlə məşğul olanlara qarşı sərtləşdirici qərarlar qəbul edilməlidir.

“Cinayət məcəlləsində bu cür fəaliyyətlə məşğul olanlara, istər fərdi istərsə də sahibkar şəxslərə qarşı cəzalar  olduqca yumuşaqdır. Məsələn, birinin avtomobilindən 500 kiloqram saxta, mənşəyi məlum olmayan ət tapıldıqda o inzibati qaydada məsuliyyətə cəlb olunur. Belə bir hal da var ki, həmin şəxs hüquqi şəxs olmalıdır, fiziki şəxs olarsa, daha yüngül cəza ilə canını qurtarır. Yüngül cəza dedikdə, həmin adam dövlətə 500 manat pul ödəyir. Cəzanın belə yüngül olduğu üçün həmin şəxs gedib növbəti dəfə də eyni əməli təkrarlayır. Parlamentin payız sessiyasında bu məsələni ciddi şəkildə qaldıracam.  Çünki əhalinin sağlamlığından, qida təhlükəsizliyindən çox narahatam. Bu cür hallara qarşı inzibati cinayət qanunvericiliyində çox ciddi dəyişikliklər olmalı və sanskiyalar tətbiq ediməlidir. Sərtləşdirirci qərarlar qəbul edilməlidir ki, belə halları törədən şəxslər uzun müddət azadlıqdan məhrum olunsun”.  

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, Qida Təhlükəsizliyi Agentliyi saxta məhsul istehsal edən həmin yerləri müəyyən edib, onların düzəldilməsinə də şərait yaratmalıdır.

“Əmtəə bazarında külli miqdarda  standartlara uyğun olmayan mallar var.  Qida Təhlükəsizliyi Agentliyi bu cür sexləri mütəmadi olaraq aşkar edir. Lakin biz birmənalı şəkildə onun tərəfdarıyıq ki, Qida Təhlükəsizliyi Agentliyi həmin yerləri müəyyən edib onların düzəldilməsinə də şərait yaratsın. Çünki əks halda orta və kiçik biznes sahəsi çökəcək. Belə olacağı təqdirdə də qiymətlər qalxacaq və inhisarçı qurumlar meydana çıxacaq. Qida Təhlükəsizliyi Agentliyinnin hazırki işi inhisarçılığa dəstək verməklə gedir. Ona görə də biz istəyərdik ki, saxta sexlərin müəyyən olunub ayaq üstə durması üçün dövlət mümkün qədər işlər görməlidir ki, həmin sexlər standartlara uyğun mal istehsal etsin”.

 

Eyyub Hüseynov deyir ki, bəzən istehlakçı özü saxta məhsul istehsal edən sexlərin yaranmasına şərait yaradır.

“Əgər istehlakçı açıq şəkildə, günün altında, etiketsiz halda olan məhsulu alırsa, bu da istehsalçıda belə mala tələbat olduğu düşüncəsini yaradır.  Ümumiyyətlə, ilkin olaraq məhsulu alarkən onun etiketinə baxmaq mütlədir. Etiketdə məhsulun istehsal olunduğu ünvan, telefon nömrəsi qeyd olunmalıdır. Telefon nömrəsinə zəng edib işlək vəziyyətdə olması öyrənilməlidir. Çünki normal etiket vurulmuş malın saxta olma ehtimalı çox azdır”.      

                                                                                                                                

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir