Modern.az

Universitet diplomunu almayan qalmayacaq!

Universitet diplomunu almayan qalmayacaq!

Təhsil

12 Sentyabr 2019, 15:38

Universitetlərdə “Məzun günü”nün keçirilməsindən 2 aydan çox zaman keçib. Ali məktəbləri fərqlənmə ilə bitirən tələbələr öz diplomlarını “Məzun günü”ndə alsalar da, digər tələbələr 4 illik əziyyətin son sənədini bir qədər gözləməli olurlar.

Maraqlıdır, bu müddət nə qədər davam edir? Ali təhsil müəssisələri diplomları təhvil verməyə başlayıb,  yoxsa məzunlar hələ  də gözləməli olacaqlar?


Məsələ ilə bağlı  Modern.az saytının əməkdaşı universitetlər arasında sorğu keçirib.

 

Bakı Dövlət Universiteti: “Bu il BDU-nu bakalavr və  magistr  dərəcələri üzrə universitetin Qazax filialı da daxil olmaqla, 5 minə yaxın tələbə bitirib. Hər iki dərəcə üzrə diplomların verilməsinə başlanılıb. Yaxın vaxtlar ərzində bu proses başa çatacaq”.


Memarlıq və İnşaat Universiteti
:   “İyul ayından etibarən diplomların verilməsinə başlanılıb.  Gecikmə yalnız əcnəbi tələbələrdə olur. Yəni onlara diplomların verilməsi Təhsil Nazirliyinin təsdiqindən sonra olur.  Proses hələ də davam edir, kim istəsə, gəlib öz diplomunu təhvil ala bilər”.


Tibb Universiteti
: “ Avqustun 1-dən 12-dək diplomlar verilib. Lakin bəzi  məzunlar hələ də müraciət etməyiblər, onlar da istədikləri vaxt universitetə gəlib diplomlarını götürə bilərlər.  Ümumilikdə,  bu il 980 tələbə məzun adını qazanıb, onlardan 16-sı magistratura pilləsini bitirib.   980 nəfərdən 758-i  artıq diplomlarını götürüb. Magistratura pilləsini bitirən məzunlarımızın diplomları isə Təhsil Nazirliyi tərəfindən hələ ki, universitetimizə təhvil verilməyib”.  


Bakı Slavyan Universiteti:
“Diplomların verilməsinə yaxın zamanlarda başlanılacaq.  Ümumilikdə, 673  nəfərə diplom verilməlidir. Bunların 556 nəfəri bakalvr, 117-i magistrdır. Əvvəlki illərdən qalma diplomlar var ki, onların da sahibləri  gəlib diplomlarını ala bilərlər”.


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti:
“ Bu il universitetin 1763 bakalavr,  468 magistr məzunu var.  Fərqlənən tələbələr artıq məzun günündə  diplomlarını alıblar, digərlərinə isə iyul ayından etibarən diplomların  verilməsinə  başlanılıb.Toplam 2231 nəfərə diplom veriləcək. Bu məzunlardan demək olar ki, əksəriyyəti artıq öz diplomlarını təhvil alıblar.  Diplomunu götürməyənlərin çoxu əcnəbi tələbələrdir ki, onların da diplomunun hazırlanması uzun prosesdir”.


Azərbaycan Dövlət Pedaqoji Universiteti:
 “2018-2019-cu tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetini əyani şöbə üzrə 8 fakültədən 2193 nəfər, qiyabi şöbədən 7 fakültə üzrə 136 nəfər, ümumilikdə isə 2329 nəfər məzun bitirib. Universitetin magistraturasını 388 nəfər magistr, sabah qruplarını 1 ixtisas üzrə 30 nəfər məzun, ali təhsilin bakalavriat səviyyəsi üzrə 35 nəfər, magistratura səviyyəsi üzrə isə 2 ixtisas üzrə 9 nəfər, ümumilikdə, 44 nəfər əcnəbi məzun bitirib. Təhsil Nazirliyindən məzunların diplomları vaxtında götürülüb. Hazırda diplomlar yazılır. Diplomların yazılması işi çevik və sürətlə aparılır. Yaxın zamanlarda diplom üçün müraciət edən məzunlar diplomlarını ala biləcəklər”.


Mədəniyyət və İncəsəsənət Universiteti
: “Bu il  Mədəniyyət və İncəsənət Universitetini 29 nəfər tələbə bitirib. Diplomlar oktyabr ayından etibarən verilməyə başlanılacaq.  Prosedurun  konkret bitmə vaxtı yoxdur, tələbə nə zaman istəsə, gəlib diplomunu götürə bilər”.


Sumqayıt Dövlət Universiteti
: “Diplomlar çoxdan yazılıb və artıq bir neçə gündür ki,  məzunlar gəlib götürürlər. Ümumilikdə, 1024 bakalvrın diplomunu almışıq, 7 nəfər əcnəbi məzunun diplomları isə hələ yoxlamadadır.  Magistr məzunlarımız  isə 142 nəfərdir və onların da diplomları yava-yavaş özlərinə təqdim olunur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!