Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının qrup hərəkətlərində çoxnövçülük üzrə qaliblərin mükafatlandırılma mərasimi keçirilib.
Modern.az xəbər verir ki, birinci yeri Rusiya komandası, ikinci yeri Yaponiya komandası, üçüncü yeri isə Bolqarıstan komandası tutub.
Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) vitse-prezidenti Vasiliy Titov, Texniki Komitənin (FIG) vitse-prezidenti Şihoko Sekita və FIG Texniki Komitəsinin üzvü Daniela Dellekyayi təqdim ediblər.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").