Modern.az

İcbari Tibbi Sığortanın işləməsi də səhiyyədə bəzi problemləri çözə bilmir

İcbari Tibbi Sığortanın işləməsi də səhiyyədə bəzi problemləri çözə bilmir

Aktual

21 Sentyabr 2019, 13:15

“İyulun 7-də axşam 10 aylıq oğlum Türkelin səhhəti qəfil pisləşdi. Körpəyə tibbi yardım göstərilməsi üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Təcili Tibbi Yardım Şöbəsinin növbətçi həkimi Aprin Təbriz məsləhət gördü ki, xəstəxanada normal həkim və lazımi tibbi avadanlıqlar olmadığı üçün körpəni Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına götürək. Uşağı öz maşınımızla Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına apardıq. Hər iki rayonun xəstəxanasında uşağın həyatını xilas etmək üçün lazımi tibbi avadanlıqların olmadığı bildirildi. Uşağı təcili Bakıya götürməyi məsləhət görsələr də, heç biri təcili yardım maşını ayırmadı. Mən iki rayonun xəstəxanası arasında qaldım, səhərə yaxın uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər”. Bunu 2 ildir icbari tibbi sığortanın tətbiq olunduğu Ağdaş rayon sakini Cavid Ələkbərov bildirib.
Gənc ata 10 aylıq körpəsinin ölümündə hər iki xəstəxananın həkimlərini və baş həkimlərini günahlandırır. O, ölkə başçısına müraciətində körpəyə vaxtında tibbi yardım göstərmədiklərini, əksinə, paytaxtdakı xəstəxanalardan birinə çatdırılmasını əngəllədiklərini yazıb.
Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov isə mediaya açıqlamasında bildirib ki, Ağdaş xəstəxanasından Mingəçevirə gətirilən 10 aylıq körpə faktiki ölümcül vəziyyətdə olub: "Gecə saat 12 radələrində xəstəxanaya daxil olan Türkel Ələkbərli dərhal uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Bizə çatdırılanadək artıq iş-işdən keçmişdi. Bununla belə həkimlərimiz uşağı xilas etmək üçün maksimum səy göstərsə də, təəssüflə bildirirəm ki, onu qorumaq mümkün olmayıb. Məhkəmə tibbi ekspertizanın nəticəsindən sonra daha dəqiq səbəb müəyyən olunacaq".
Son illər respublikamızda ən ağrılı problemlərdən biri ürək-damar xəstəlikləri, xüsusilə ürək qüsuru ilə doğulan uşaqlarla bağlıdır. Belə ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların sayında artım müşahidə edilir. Ölümə səbəb olan hallar arasında da ürək-damar xəstəlikləri ilk yerlərdədir.

 

 

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlarda ürək qüsurlu xəstələr də qan dövranı sisteminin xəstəlikləri adı altında verilir. 1990-cı ildə əhalinin hər 100 000 nəfərinə düşən qan dövranı sisteminin xəstəlikləri olan şəxslərin sayı 91.1 idisə, 2000-ci ildə onların sayı 122.8, 2010-cu ildə 127.3, 2015-ci ildə 140.9, 2016-cı ildə 147.6, 2017-ci ildə isə 147.1 olub.
18 yaşadək  uşaqlarda qan dövranı sisteminin xəstəlikləri olan şəxslərin sayı 2005-ci ildə 10 861 nəfər, 2010-cu ildə 11 178 nəfər,  2015-ci ildə 14 404 nəfər, 2016-cı ildə 147 600, 2017-ci ildə isə 147 100 olub.
Qan dövranı xəstəliklərindən 2000-ci ildə 26 205, 2005-ci ildə 29 392,  2010-cu ildə 32 554, 2015-ci ildə 32 825, 2016-cı ildə 34 093, 2017-ci ildə isə 33 663 nəfər dünyasını dəyişib.
Amma hansı xəstəlikdən əziyyət çəkməsindən asılı olmayaraq ölkə konstitusiyası hər bir şəxsin sağlamlığının qorunması məsuliyyətini dövlətin üzərinə qoyur.



Konstitusiya hər kəsə tibbi yardım almaq hüququ verir



Azərbaycan Konstitusiyanın 41-ci maddəsində birbaşa göstərilir ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün  zəruri  tədbirlər  görür. Sanitariya-epidemiologiya  salamatlığına  təminat  verir,  tibbi  sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
1997-ci ildən qüvvədə olan "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 3-cü maddəsində əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri daha konkret sadalanıb. Buraya sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi, səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin, məcburi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi, dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi, əhalinin xüsusi qrupları üçün tibbi, sosial yardım göstərilməsinə təminat verilməsi, ailənin, valideynlərin və uşaqların mühafizəsi daxildir.

 


Qanunun 10-cu maddəsində isə vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunması hüququnun olduğu göstərilir. Qanuna görə Azərbaycan vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur. Yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bu qanunun 59-cu maddəsi isə sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə tibb və əczaçılıq işçilərinin məsuliyyətini müəyyən edir. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.



Azərbaycanda ildə təxminən 1200-1300 uşağın ürək cərrahiyəsinə ehtiyacı olur



Səhiyyə Naziliyinin 2018-ci üzrə illik hesabatında göstərilir ki, 2011-ci ilin martından başlayaraq Elmi Cərrahiyyə Mərkəzində açıq ürək əməliyyatlarının icrasına başlanılıb. 2014-cü ildə isə hətta birgünlük körpə üzərində də açıq ürək əməliyyatı aparılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2018-ci ildə uşaqların 90 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilən uşaqların 5,5 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1,2 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub. İl ərzində dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub ki, onlardan 246-sı uşaqlardır. Xəstələrə 1686 angioqrafiya müayinəsi aparılıb. Onlardan 633 nəfərə angioplastika əməliyyatı icra olunub.  



Akademik Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq Ürək Cərrahiyyəsi şöbəsinin müdiri Elnur Həsənov deyir ki, Mərkəzinin pasientləri 3 günlük uşaqlardan 15 yaşına qədər olan uşaqlardır: “Ölkəmizdə hər il təxminən 1250 uşaq ürək qüsuru ilə doğulur. Uşaqlarda anadangəlmə ürək qüsurunun əsas səbəbi isə hazırlıqsız hamiləlik və qohum evliliyidir. Mərkəzdə il ərzində 500-dək uşaq üzərində açıq və qapalı ürək əməliyyatı aparılır. Amma bu elə də böyük rəqəm deyil. Azərbaycanda ildə təxminən 1200-1300 uşağın ürək cərrahiyəsinə ehtiyacı olur. Bu isə o deməkdir, hər il təxminən 700-800 uşaq keçir növbəti ilə. Demək artıq sonrakı il xəstələrin sayı 2000-2500 olacaq. Amma hər bir halda mərkəzə müraciət edən bütün uşaqlar müayinə olunaraq diaqnoz qoyulur. Sonra Səhiyyə Naziliyində yaradılan müvafiq komissiyada xəstələrin sənədləri nəzərdən keçirilir və əməliyyat zəruriliyi müəyyənləşdirilir. Amma ümumilikdə hər bir müraciət edən xəstə növbəyə götürülür. Elə ürək qüsuru var ki, onların əməliyyatı təcili deyil. Həmin xəstələr növbəyə götürülür və müəyyən edilən zamanda əməliyyat olunur. Hansısa uşaqda isə əməliyyat zəruriliyi varsa, dərhal əməliyyat olur”.  

 

Növbədə neçə xəstənin olması dövləti məsuliyyətdən azad etmir



Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının kardioloqu Qalib İmanov isə mediaya açıqlamasında bildirir ki, son illər ürək-damar xəstəlikləri dünyanın əksər ölkələrində artmaqdadır: "Rəsmi statistikaya görə, ürək xəstəliklərindən ölənlərin sayı şiş xəstəliklərindən dünyasını dəyişənlərlə müqayisədə iki-üç dəfə çoxdur. Azərbaycanda, xüsusən cənub bölgələrində anadangəlmə ürək xəstəlikləri ilə doğulan uşaqların sayı daha çoxdur. Bu da həmin bölgələrdə qohum evliliyinin daha çox olmasından irəli gəlir. Xəstəlik nə qədər tez aşkarlansa və müalicə alsa, müalicə də bir o qədər effektiv olur".  Vəkil Aqil Layıcov isə diqqəti dövlətin vətəndaş qarşısında pozitiv öhdəliklərinə yönəldir: “Dövlətin əsas öhdəliklərindən biri vətəndaşların sağlamlığını qorumaq və keyfiyyətli tibbi xidmət ala bilmək imkanlarını təmin etməkdir. Bu ilk növbədə Azərbaycan Konstitusiyanın 41-ci maddəsinin tələbidir. Dövlətin vətəndaş qarşısında pozitiv öhdəliyi var ki, onun ərazisində yaşayan bütün insanları keyfiyyətli tibbi xidmətlə təmin etsin. Dövlətin iqtisadi və sosial gücü yetərli olmasa da, bunu etməlidir. Hətta ölkədə hansısa zəruri tibbi xidmət üçün şərait yoxdursa, ehtiyacı olan şəxs belə xidmətin olduğu ölkəyə göndərilməlidir. Əməliyyat zərurət meyarına görə tənzimlənməli olduğundan növbəlilik deyilən məsələ vətəndaşı gözlətmək üçün bir versiyadır. Bununla bağlı hər hansı normativ akt yoxdur. Əgər daxili təlimat da varsa, bunu Səhiyyə Nazirliyinin saytında yerləşdirmək lazımdır. Növbədə neçə xəstənin olması isə dövləti məsuliyyətdən azad etmir. Sabah xəstənin başına hansısa iş gələrsə, dövlətin növbədə neçə xəstə var idi arqumenti keçərli olmayacaq”.



İcbari Tibbi Sığorta tətbiq olunan rayonlarda anadangəlmə ürək qüsuru olan 27 uşaq əməliyyat olunub

 

Əksər ekspertlər problemdən çıxış yolunu 1999-cu ildə Milli Məclis tərəfindən qəbul edilən və 2007-ci ildə əlavə və dəyişikliklər edilən "İcbari tibbi sığorta haqqında" qanunun işləməsində görür. Ölkə Prezidentinin sərəncamı ilə artıq Dövlət İcbari Tibbi Sığorta Agentliyi də yaradılıb.

 


Dövlət başçısının müvafiq sərəncamları ilə İcbari tibbi sığortanın Respublika ərazisində tətbiqi ilə bağlı yeni maliyyələşdirmə və ödəniş mexanizmlərinin yaradılması, səhiyyə müəssisələrinin həmin mexanizmlər çərçivəsində fəaliyyətinə hazırlıq işlərinin aparılması nazirliyin xüsusi diqqət mərkəzində olub. Belə ki, “Azərbaycan Respublikasında Səhiyyə sisteminin inkişafına dair 2019-2025-ci illər üçün strategiya” hazırlanıb. İcbari tibbi sığortaya keçidlə əlaqədar Səhiyyə nazirliyi tərəfindən görülməsi tələb olunan prioritet istiqamətlər müəyyənləşdirilib, il ərzində çarpayı fondunun, eyni zamanda ştatların optimallaşdırılması, tibbi xidmətlərin regionlaşdırılması, elektron reseptlərə keçidin sürətləndirilməsi ilə bağlı addımlar atılıb.
Artıq 2 ilə yaxındır Mingəçevir, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığorta tətbiq olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin sözlərinə görə, pilot layihə müddətində Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında anadangəlmə ürək qüsuru olan 27 uşağın əməliyyat olunması təmin edilib.
Amma 10 aylıq Türkel də elə icbari tibbi sığortanın tətbiq edildiyi xəstəxanada dünyasını dəyişib. Demək, həm də münasibətlərin yenilənməsinə ehtiyac var.


Pünhan Əfəndiyev

Yazı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi - Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində hazırlanıb. Məqalənin məzmunu və tərkibi müəllifin məsuliyyətindədir və heç bir halda Niderland Krallığının Xarici İşlər Nazirliyi və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi təşkilatının mövqeyini əks etdirmək üçün əsas göstərilə bilməz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir