Modern.az

Prezident Administrasiyasının sektor müdiri Gəncədə sakinlərlə görüşüb

Prezident Administrasiyasının sektor müdiri Gəncədə sakinlərlə görüşüb

26 Sentyabr 2019, 12:15

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov sakinlərlə görüşüb. 

 

Modern.az xəbər verir ki, Görüşdə vətəndaşların şikayət və təklifləri dinlənilib, onları narahat edən problemlərin araşdırılaraq aradan qaldırılması üçün müvafiq göstərişlər verilib. 



Su təminatının yaxşılaşdırılması, şəhərin bəzi ərazilərində mavi yanacağın təzyiqinin normallaşdırılması, işlə təminat, sərnişindaşımada xidmət səviyyəsinin yüksəldilməsi, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi, lift təsərrüfatının yenilənməsi və digər məsələlər görüşdə səsləndirilən müraciətlərin əsasını təşkil edib. 

 

Görüşdə iştirak edən şəhər sakini Rövşən Cavadov şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə görə dövlət başçısı və şəhər rəhbərliyinə öz minnətdarlığını ifadə edib. O, şəhərin əsas yolları ilə yanaşı, ara küçələrin də asfaltlanaraq səligə səhmana salınmasını, işıq dirəklərinin yenilənməsini xahiş edib. 

 

Gülnaz Məmmədova isə şəhərdə uşaqlar üçün oyun meydançalarının az olduğunu dilə gətirib.  O sakinlər adından binaların həyətlərinin abadlaşdırılmasını, uşaqlar üçün oyun sahələrinin yaradılmasını xahiş edib.   

 

Görüşdə 18 nömrəli tam orta məktəbin kollektivi də iştirak edib. Kollektiv adından çıxış edən məktəbin müəllimi Rahilə Abbasova təhsil ocağında yaradılan şəraitə görə ölkə rəhbəri, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdalığını bildirib. O qeyd edib ki, məktəbin şəhid müəllimi Nizami Aydının adını daşıyan təhsil müəssisəsinin təmirsiz olması onları narahat edirdi. Bu gün məktəb əsaslı şəkildə yenidən qurulub, müasir dərs vəsaitləri və lazımi avadanlıqlarla təchiz olunub. Bütün bunlar təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. 

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərin şikayət və təkliflərinə cavab olaraq bildirib ki, hazırda şəhərdə geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Gəncədə 98 küçənin asfaltlanması, 50 çoxmərtəbəli binanın dam örtüyünün dəyişdirilməsi, 93 çoxmənzilli binada lift təsərrüfatının yenilənməsi nəzərdə tutulur. Bildiyiniz kimi, əhalinin içməli suya olan tələbatını ödəmək üçün şəhərin su təsərrüfatı yenilənir, kanalizasiya sistemləri yenidən qurulur. O həmçinin bildirib ki, Gəncənin 46 tam orta məktəbdən 39-u əsaslı şəkildə təmir olunub. Bütün bunlar ölkə rəhbəri, möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə və gəncəlilərə göstərdikləri diqqət və qayğının nəticəsidir.

 

Müraciət, təklif və çıxışları dinləyən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, sakinləri narahat edən məqamlara münasibət bildirib. O qeyd edib ki, bu gün ölkənin hər yerində olduğu kimi, Gəncədə də geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Vəfadar Bağırov vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Gəncəyə xüsusi diqqət göstərirlər. Bu gün şəhər sakinlərini narahat edən məsələlər ölkə rəhbərliyinə bəllidir. Bunlardan ən önəmlisi yeni iş yerlərinin açılması məsələsidir. Gələcəkdə Gəncədə bir sıra böyük sosial yönümlü və infrastruktur layihələri icra olunacaq ki, bu da burada minlərlə iş yerlərinin açılmasına imkan yaradacaq. 

 

Görüşdə ümumi məsələlərlə yanaşı, sakinlərin fərdi problemləri də dinlənilib. Səsləndirilən məsələlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir