Modern.az

Onlar Akif İslamzadənin “Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır” fikri ilə RAZILAŞMADILAR

Onlar Akif İslamzadənin “Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır” fikri ilə RAZILAŞMADILAR

2 Oktyabr 2019, 15:35

İllər əvvəl səhhətilə əlaqədar səhnədən gedən müğənni Akif İslamzadənin “Qadınların elmləri ibtidai sinifdən o tərəfə keçmir”, “Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır” fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə və etirazlara səbəb olub.

Azərbaycan qadını doğrudanmı elmsizdir? Cəhənnəmdə olanların çoxunun qadın olması hansı meyarlarla ölçülür? Maraqlıdır, bu dünyada oturub, o dünyadan xəbər vermək mümkündürmü?


Modern.az
məsələnin aktuallığını nəzərə alaraq, bu suallara cavab tapmağa çalışıb.

 

“Nəinki qadınlar, elə kişilərimiz də elmsizdir”

 

Azərbaycanın xalq artisti, həm də cəmiyyətdə müsbət keyfiyyətlərə malik qadın obrazını formalaşdıran Afaq Bəşirqızı Modern.az-a danışarkən Akif İslamzadənin elmsizliklə bağlı fikirlərinə qoşulduğunu vurğulayıb:


“Ümumilikdə götürəndə nəninki qadınlarda, elə kişilərdə də bilik səviyyəsi çox aşağıdır. Buna çox təəssüf edirəm. Bir misal gətirim: vaxtilə Azərbayacanda “Kim milyonçu olmaq istəyir?”, “Zəif bənd” kimi intellektual oyunlar, layihələr təqdim edildi. Həmin layihələrə çox böyük pullar xərclənməsinə baxmayaraq, elə də uzun ömrü olmadı. Çünki tələbat yox idi...

Azərbaycan qadının dünyagörüşü, biliyi, savadı, cəmiyyətlə olan ünsiyyəti kişilərdən çox fərqlənməlidir. Çünki qadına ana deyirlər. Qadınlıq özü qadın üçün böyük tituldur. Amma hamı o titutulu layiqincə daşıya bilmir. Mənim nəzərimcə qadın həm qadınlığını qorumalıdır, həm bilikli, həm ləyaqətli olmalıdır, həm də düzgün davranış qaydaları sərgiləməlidir”.

 

“Kaş qadınlarımızın bütün günahı falçı yanına getmək olaydı!”

Xalq artisi həm də ana adını daşıyan qadınların cəhənnəm sakinləri içərisində üstünlüyə malik olması fikirlərini bu cür şərh edib:

“Akif İslamzadə ola bilər dinə həddindən ziyadə meyllidir. Düzdür, falçı yanına getmək günahdır. Amma mən istərdim ki, bizim qadınlarımızın səhvi, bizim qadınlarımızın günahı elə molla yanına getməklə məhdudlaşaydı. Ailəsində olan problemi həll etməkdə bir ümid axtarışı və özünü təsəlli üçün aldatmaq olaydı ən böyük günahları. Kaş elə qadınlarımızın bütün günahı molla, falçı yanına getmək olaydı!”.

 

“Cənnət cinslə yox, əməllə qazanılır”

 

Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli də öz növbəsində Modern.az-a bildirib ki, bu hədis bəzi kitablarda qeyd olunsa da, səhih hesab edilir:


“Bu hədis mötəbər hesab olunmur. Çünki başqa bir hədisdə “Cənnət əhlinin çoxu qadınlardır” fikirləri yer alıb. Ona görə də bəzən hədisşünas olmayan insanların fikirlərinin bu şəkildə qeyd edilməsi yanlışlığa yol açır. Hesab edilir ki, bu sözlər hədis mütəxəssisləri tərəfindən araşdırılmalıdır.

Ümumiyyətlə, cənnət və cəhənnəm insanın cinsilə deyil, əməllərilə, saleh işlərilə, mənəviyyatı ilə qazanılır. Ona görə də xüsusi bir qrupu cəhənnəmə aid etmək kökündən yanlışdır”.


“Falçı yanına gedən kişilər azdır?!”

Hacı Şahin Həsənli Akif İslamzadənin qadınları falçı yanına getməkdə ittiham etməsinə də münasibət bildirib:

“Məgər indi falçı yanına gedən kişilər azdır? Falçı yanına getmək insanın qadın və ya kişi olması ilə bağlı məsələ deyil. Ümumiyyətlə, bu, insanın daxili aləmilə bağlı olan məsələdir.  Qadınların elm aləmində zəif olmasına gəlincə, mən bununla razılaşmıram. Ola bilər elm, siyasi xadimlər arasında kişilərin sayı çox olub. Amma bu, qadınların zəifliyi anlamına gəlmir. İstənilən sahədə öz sözünü deyən görkəmli qadınlarımız da olub. Qadının əsas missiyası həm də insan formalaşdırmaqdır. Ona görə düşünürəm ki, qadının bu missiyası kişilərin işindən daha məsuliyyətli və cəmiyyət üçün daha faydalıdır.

Həmin o kişi alimləri, peyğəmbərləri, dövlət xadimlərini də formalaşdıran, onlara tərbiyə verənlər də qadınlardır. Bunu unutmaq olmaz! Hamı təsdiq edər ki, övladın böyüməsində ananın rolu atadan üstündür. Qadın bu məsuliyyətli missiyaya daha çox vaxt ayırdığı üçün digər sahələrdə potensialını ortaya qoya bilmir. Buna baxmayaraq, istənilən sahədə uğur qazanan qadınlar da kifayət qədərdir”.

 

İlahiyyatçı, araşdırmaçı-jurnalist Rəsul Mirhəşimli fikirlərinə görə Akif İslamzadəni qınayıb:

“Gərək Akif İslamzadə televiziyalardakı bayağı verilişləri tənqid edərkən qadınları hədəf seçməyəydi. Görkəmli sənətkarın müqayisəsi çox qüsurlu alınıb. Bu müqayisəni edərkən də qadınları misal göstərməsi sənətkarı hədəfə gətirib.
İslam dini üstünlük dərəcəsini ən çox təqvalı (günahlardan qorunanlar) olanlara aid edir. Bu baxımdan insanları cinslərinə görə dəyərləndirmək yanlışdır. Hər kəsin savabı və günahı fərdidir, mükafatı və cəzası da özünə kəsiləcək.
Bir insanın söylədiyi söz daha dərin yaralar aça bilər. Hələ bu söz tanınmış bir insan tərəfindən söyləndikdə cəmiyyətdə aqressivliyi gücləndirə bilər.
Kiminsə Cənnətə girəcəyi və ya cəhənnəmlik olacağı Allahın hökmü altındadır. Açıqlamada isə misal gətirilən hədis qadınların cəhənnəmlik olacağını deyil, günahlardan çəkinib, savaba təşviqin hikmətini daşıyır.
Dünya əhalisinin əksəriyyətini qadınlar təşkil edir. Bu statistikaya söykənib, "Cənnətdə də qadınlar kişilərdən çox olacaq" desəydi, o zaman görkəmli sənətkarımız da bu qədər tənqid hədəfinə tuş gəlməzdi”.


Xatırladaq ki, A.İslamzadə “Qafqazinfo”ya açıqlamasında qadınlarla kişilər heç vaxt bərabərhüquqlu ola bilməz deyib: 
“Fikir verin, bütün dünya matriarxat (ana xaqanlığı) olub. Ümumiyyətlə, bu cəmiyyət inkişaf edə bilməz. Qadınların elmləri ibtidai sinifdən o tərəfə keçmir. Bəli, ibtidai sinif müəllimləri ola bilərlər. İstisnalar ola bilər. Tarixdə böyük işlər görən qadınlar var. Peyğəmbərimizin meracında da cənnəti, cəhənnəmi göstəriblər. Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır. 

Qadınla kişi bərabər ola bilməz. Bu, təbiətin əleyhinə olan bir şeydir. Elmdə, incəsənətdə bir qadın məktəbinin adını çəkin! Yoxdur! Yenə də deyirəm, tarixən böyük sənətkarlar olub. Amma onlar məktəb deyil, onlar məktəbin davamçılarıdır”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir