Modern.az

 “Azərbaycan Qran-Prisi haqqında yazılanların dəyəri 131 milyon dollar olub” 

 “Azərbaycan Qran-Prisi haqqında yazılanların dəyəri 131 milyon dollar olub” 

Aktual

3 Oktyabr 2019, 14:49

"2019 Azərbaycan Qran Prisi haqqında 37 mindən çox xəbər və məqalə yayımlanıb. Bunun ümumi media dəyəri 131 milyon dollar təşkil edib. Ümumilikdə 307 milyon nəfər bu və ya digər şəkildə Bakı yarışı haqqında məlumat əldə edib”.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai deyib.

O bildirib ki, 2019-cu ildə keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisi kommersiya baxımından ən sərfəlisi olub.

“Azərbaycan Qran-Prisinə maraq ildən-ilə artır, bu da yarışdan əldə olunan gəlirin artması ilə nəticələnib. Ötən illə müqayisədə Azərbaycan Qran-prisində sponsorlardan gələn vəsaitin məbləği 50 faiz artıb. Formula 1 yarışlarının keçirilməsinə dair müqavilənin 2023-cü ilədək uzadılması, yeni yaranmış maliyyə imkanları və xüsusən bu müddət ərzində 50 milyon dollaradək vəsaitin qənaət olunması deməkdir”.

 

N.Arpadarai əlavə edib ki, 2019 Azərbaycan Qran Prisində yer almaq üçün xaricdən 500-dən çox marşal müraciət etmişdi. Bunların içərisindən 100 nəfər seçilmişdir və bu marşallar ümumilikdə 30 ölkəni təmsil edib. Ümumi marşal sayı 1500 nəfər təşkil edib.

 

N.Arpadarai həmçinin qeyd edib ki, gələn il Formula 1-in 70 illiyi, Azərbaycan Qran Prisinin isə 5 illiyidir:

"Bu çərçivədə bir sıra tədbirlər keçirməyi nəzərdə tutmuşuq. Yaxşı olardı ki, indiyə qədər qazandığımız uğurlar mediada bir daha geniş şəkildə işıqlandırılsın. Çalışmalıyıq ki, kütləvi informasiya vasitələrində yarışın idman yönü ilə yanaşı iqtisadi, sosial, mədəni və s. tərəfləri də daha aydın və ətraflı şəkildə öz əksini tapsın".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür