Modern.az

“Paşinyan özünü necə itirdisə…” - Deputat Kamilə Əliyeva

“Paşinyan özünü necə itirdisə…” - Deputat Kamilə Əliyeva

14 Oktyabr 2019, 11:39

Millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva  hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin tarixi və cəsarətli bəyanatları son bir neçə gündə Ermənistana növbəti və sarsıdıcı siyasi-diplomatik zərbələrini endirməkdə, erməniləri və ermənipərəst dairələri bir daha nokauta salmaqdadır.


Modern.az-a danışan deputat bildirib:

“Bir neçə gün öncə Soçidə “Valday” Diskussiya Klubunun növbəti iclasının plenar sessiyasında Azərbaycan liderinin Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində, Xankəndidə səsləndirdiyi sərsəm və təxribatçı “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatına “Qarabağ Azərbaycanındır və nida işarəsi”-deyə, cavab verməsi bütün dünyanın gözü qarşısında, ən mötəbər kürsülərdən birində bəyan edildi. Dünya bir daha erməni yalanının-özü də dövlət rəhbəri səviyyəsində deyilmiş yalanın ifşasının şahidi, Azərbaycanın işğala, təcavüzə, haqsızlığa, ədalətsizliyə məruz qaldığını duydu, bildi və Ermənistan - başda da Paşinyan olmaqla, sarsıdıcı zərbəsini almış oldu. Eyni zamanda, bunun ardınca Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Paşinyan daxil olmaqla, Ermənistan və ermənipərəst antiAzərbaycan dairələri bir daha siyasi-diplomatik zərbələr aldılar. Azərbaycan prezidentinin tarixi həqiqətlərə söykənən cəsarətli çıxışı, Ermənistanı faşizmə dəstək verməkdə ittiham etməsi işğalçı ölkənin, onun küçə düşüncəli, avantürist baş nazirinin əsl mahiyyətini çılpağlığı ilə ortaya qoydu.

Çıxışı zamanı Azərbaycan prezidenti “Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir”–deyərək, cani  Njdenin əsas şüarının “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda ölür”, olduğunu xatırlatdı və bildirdi ki, burada şərhə ehtiyac yoxdur.
Dövlət başçısı sonra “Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib”-deyərək,  MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını vurğuladı.
Bu çıxışdan, tarixi bəyanatdan işğalçı ölkənin başçısı-baş naziri özünü necə itirdisə, yenidən yalana, iftiraya, böhtana, gözlə görülən, sübuta ehtiyacı belə olmayan həqiqətləri qıpqırmızı danmağa cəhd göstərdi, özünün savadsızlığını, tarixdən bixəbərliyini və əsl erməni hiyləgərliyinin mahiyyətini açıb ortaya qoymuş oldu və bu dəfə daha kəskin, daha sərt cavabını aldı. Ölkə prezidenti ikinci dəfə çıxış edərək, yenidən Paşinyanı yerində oturdu, onun yalanlarını bir daha ifşa etdi. Dünya bir daha həqiqətin kimi tərəfində olduğunun və kimin tərəfindən uca, gur səslə bəyan edildiyinin şahidinə çevrildi. Artıq heç kimi erməni yalanlarına inanmır, erməni yalanları bir-bir ifşa olunur və hər gün, hər saat Ermənistanın əleyhinə işləyir. Çünki Azərbaycan ədalətin tərəfindədir, Azərbaycan ədalətə söykənir və ədalət Azərbaycanın tərəfindədir. Bu isə Qarabağın işğaldan azad olunacağına, həmin günün heç də uzaq olmadığına, olmayacağına inamımızı, əminliyimizi anbaan artırır. Artıq hər kəs duysun, bilsin və eşitsin ki, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır, Azərbaycan Qarabağ məsələsində bir addım olsun belə geri çəkilməyəcək, torpaq məsələsində güzəştə getməyəcək”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər