Modern.az

Paşinyan burnunu qaşıyır, gözünü döyürdü…

Paşinyan burnunu qaşıyır, gözünü döyürdü…

14 Oktyabr 2019, 12:10

Erməni baş nazir absurd iddialarla özünü gülüş hədəfinə çevirdi 


Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı fikirləri kütləvi-informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə geniş şəkildə işıq­landırılmaqdadır; dövlət başçısının təsirli çıxışına yorumlar yazılır, təhlillər aparılır. – Ermənistan hesablamadıqları vaxtda yeni və haqlı ittihamla üz-üzə qoyulmuş oldu. 

Azərbaycan Prezidentinin konkret, sərrast cümlələrlə faşistlərin qəhrəmanlaşdırılmasına kəskin etirazını bildirərək, Ermənistan hakimiyyətini ittiham etməsinin, Paşinyan üçün gözlənilməz olduğu, onun hər halından bəlli olurdu. – Öz ekspertlərinin sözü ilə desək, “Saqqallı kloun”, Azərbaycan Prezidentinin dəqiq, faktoloji çıxışı qarşısında nə edəcəyini bilməzkən, gah sağına qanrılıb, nəsə demək istəyir, gah sola burxulur, gah da pərt-pərt burnunu qaşıyır, gözünü cıppıldadırdı… Bizim eldə belə hala maçımaq deyirlər, adam rəsmən maçıyıb – karıxıb qalmışdı, nə edəcəyini, nə deyəcəyini bilmirdi.

Birincisi, Ermənistana yönəlik ittihamlar tarixi, siyasi-hüquqi faktlara əsaslanırdı, ikincisi, çıxışın müəllifi olan Azərbaycan Prezidenti öz təsirli nitqi ilə dövlət başçılarının diqqətini yenidən Ermənsitanın iç üzünə cəlb etmişdi. – Soçi nidasından az keçmiş Aşqabat ittihamı, bitərəf, çəkingən, bəlkə Ermənistanla müəyyən bağlara sahib olanları belə, düşünməyə vadar etdi. Necə deyərlər, faktdan başqa fakt yoxdur! Durub, nə deyəcəksən? – Deyəcəksən ki, Qareginin heykəli ucaldılmalıydı, ermənilər doğru edib? – Necə ki, təcrübəsiz Paşinyan cavaba cəhd elədi, cavab əvəzində özünü biabır eləmiş oldu. – Guya Qaregin deyildiyi kimi birisi olmayıb, türklərə qarşı vuruşubmuş, nə qələt edibmiş…

 

Gəlin dövlət başçımızın çıxışına bir daha diqqət edək:

“…Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada öncəki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın öncəki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. – Bu, Rusiya Xarici İşlər Nazirliyinin möv­qe­yi­dir.

Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı altıncı cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çər­çivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu.

2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

 

Azərbaycan Prezidentinin alovlu vətənpərvərliyi ilə intellekti, diplomatiyası bu çıxışda bütün parlaqlığı ilə özünü göstərir. İndi Ermənistan hakimiyəti odla su arasındadır. Tarixi Aşqabat ittihamından sonra, o heykəli götürmək də, götürməmək də, Paşinyana problem yaradacaq. – Onsuz da, şüarçılıqla, boş vədlərlə, (arxalanması uğur vəd etməyən Ermənistan geçəkliyi ilə) uzağa getmək mümkün deyil! Demoqrafik durum, maliyyə gərginliyi, işğalçılıqda israr edə-edə özünü dünyavi, nə bilim, demokrat lider imicində təqdim etmək… - bunlar bir yerə qədər işlər, yalnız bir yerə qədər. Divar qurtarınca ya yıxılacaq ya (ən yaxşı halda) səndələyəcəksən!

İşğalçı dövlətin başbilənləri tərsinə nallanmış qatır gününə düşmək istəmirsə, Qafqazda barışa, ümumən dünya sülhünə zərbə vura biləcək addımlardan geri çəkilməlidir! Qarabağ iştahası, “ikinci erməni dövləti” xəyalı, “miatsum” qışqırığı tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistanın özünü böyük sual altına itələyir!

Ali Baş Komandanımız, fədakar ordumuz, Qarabağ uğrunda öldürməyə, ölməyə hazır Vətən övladları, bütövlükdə əmzkar xalqımız faşist ideologiyasından qurtula bilməyən, onu abidə­ləş­dirən işğalçıları, əlbəttə, sarsıdıcı tarixi zərbəyə mərzu qoyacaq.

Neynək, onlar sökə bilmirsə, bilməsin, biz ərazi bütövlüyümüzü bərpa etmə sürəcində o, 6 metrlik qaramatın da çarəsinə baxarıq…

  

Əkbər QOŞALI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir