15 sentyabr Azərbaycanda yalnız yeni dərs ilinin başlanması deyil, həm də Bakının ritminin bir anda dəyişdiyi günlərdən biridir. Məktəb çantaları, təzə forma, valideynlərin həyəcanı, ilk dəfə məktəbə gedən uşaqların sevinci və... səhər saatlarında kilometrlərlə uzanan avtomobil sıraları.
Xüsusilə birinci sinfə gedən uşaqlar üçün bu günün öz qaydaları var. Uşaq məktəbə gedir, amma çox vaxt onunla birlikdə ata, ana, nənə, baba, bəzən əmi-dayı və hətta ailənin digər üzvləri də yola çıxır. Bir sözlə, məktəbə birinci sinfə bir uşaq qəbul olunur, amma səhər saatlarında sanki bütün nəsil onunla birlikdə məktəbə gedir.
Bu mənzərə xüsusilə ilk dəfə məktəbə gedən uşaqlarda daha çox müşahidə olunur. Valideynlər övladını ilk gün tək buraxmaq istəmir, məktəbə qədər müşayiət edir, sinfə daxil olmasına kömək edir, şəkillər çəkdirir. Bəzən bu “ailə səfəri” bir avtomobildə bir neçə nəfərin iştirakı ilə baş verir.
2026–2027-ci tədris ili də təhsil sistemində bir sıra yeniliklərlə başlayır. Yeni tədris ilində bütün təhsil səviyyələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır. Onlardan təxminən 124 min nəfərinin I sinfə başlayacağı gözlənilir. Ümumi təhsil sistemi isə təxminən 1,6 milyon şagirdlə təhsil sisteminin ən böyük seqmenti olaraq qalır. Bu il azad edilmiş ərazilərdə də daha 15 təhsil müəssisəsi fəaliyyətə başlayır. Yeni məktəblər Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocavənd və Zəngilanı əhatə edir. Beləliklə, yeni məktəblərin açılması Böyük Qayıdış prosesinin yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmadığını, təhsil infrastrukturunun da paralel şəkildə qurulduğunu göstərir.
Məktəblər yenilənir, rəqəmsallaşma genişlənir Son 25 ildə Azərbaycanda 4 minədək məktəb binasının tikilməsi və ya əsaslı təmiri həyata keçirilib. Bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb.
2026–2027-ci tədris ilində isə daha 37 təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur. Məktəblərdə rəqəmsal imkanların genişləndirilməsi də davam edir. “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə etdiyi məktəblərin sayı 771-dən 1001-ə, şagirdlərin sayı isə 528 mindən 630 mindən çoxa çatdırılır. “Rəqəmsal məktəb” platforması da Bakı ilə məhdudlaşmayaraq Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir və Abşeronu əhatə etməklə 550-dən çox məktəbdə tətbiq olunacaq.
Müəllimlər üçün süni intellekt imkanlarının istifadəsi də genişləndirilir. 44 mindən çox təhsilverən üçün Microsoft Copilot, Google Gemini və NotebookLM kimi alətlər təqdim olunur. Bundan başqa, OpenAI ilə adaptiv öyrənmə platforması üzrə əməkdaşlığa başlanılıb.
Azərbaycanın PISA 2025 nəticələri də yeni tədris ilinin diqqətçəkən göstəricilərindəndir. Ölkə hər üç istiqamət üzrə ən böyük irəliləyiş əldə edən ikinci ölkə olub. Bakı üzrə 2022–2025-ci illərin müqayisəsində riyazi savadlılıqda 63 bal, təbiət elmlərində 60 bal, oxu savadlılığında isə 40 bal artım qeydə alınıb.
Yeni mərhələdə əsas prioritetlərdən biri oxu savadlılığının daha da gücləndirilməsi və Bakı ilə regionlar arasındakı fərqin azaldılması olacaq. Ali təhsildə də əmək bazarının tələblərinə uyğun dəyişikliklər edilir. 2026–2027-ci tədris ilində ali məktəblərə 76 mindən çox abituriyent qəbul olunub. Mühəndislik, informasiya texnologiyaları və təbiət elmləri üzrə qəbul imkanlarının genişləndirilməsi, müəllimlik ixtisasları üzrə yerlərin isə azaldılması nəzərdə tutulur. Qarabağ Universitetinə bu il 49 ixtisas üzrə 1 235 tələbə qəbul olunub. Onlardan 603-ü 500-dən, 196-sı isə 600-dən yüksək bal toplayıb.
Bütün bu yeniliklərin fonunda isə 15 sentyabrın daha bir dəyişməz xüsusiyyəti var: səhər tıxacları.
Məktəbə gedənlərin sayının artması ilə yanaşı, uşaqları məktəbə aparan valideynlərin və digər ailə üzvlərinin avtomobillərlə yollara çıxması şəhərin nəqliyyat yükünü artırır. Xüsusilə məktəblərin ətrafında vəziyyət daha da mürəkkəbləşir. Valideynlər övladlarını məktəbin girişinə mümkün qədər yaxın düşürmək istəyir, digər avtomobillər də eyni məqsədlə dayandığından hərəkət yavaşıyır.
Bu səbəbdən 15 sentyabr səhəri Bakıda belə bir mənzərə yaranır: məktəbə gedən 124 min uşağın hər birinin arxasında ən azı bir valideyn, bəzən isə bütöv bir ailə dayanır. Amma tıxacın o biri tərəfində xoş bir mənzərə var – illər sonra yenidən məktəb formasını geyinən uşaqlar, ilk dəfə çantasını çiyninə atan birincilər, övladının əlindən tutaraq məktəbə aparan valideynlər və yeni başlanğıc həyəcanı.
Bakı həmin gün bir qədər gecikə bilər, yollar bir qədər çox yüklənə bilər, amma bunun səbəbi şəhərin gələcəyinin məktəbə getməsidir.
15 sentyabrda yolları uşaqlar bağlayır - amma bu dəfə tıxacın səbəbi gələcəyə gedən yoldur.