Modern.az

Media qarşıdurması: Azərbaycan, yoxsa Ermənistan - ermənilər köhnə yazıların tarixini dəyişdirir

Media qarşıdurması: Azərbaycan, yoxsa Ermənistan - ermənilər köhnə yazıların tarixini dəyişdirir

20 Noyabr 2019, 15:26

Azərbaycana qarşı ən aktiv informasiya müharibəsi aparan dövlət, təbii ki, Ermənistandır. Bu informasiya savaşında erməni xüsusi xidmət orqanları tərəfindən yönləndirilən ana dilimizdə fəaliyyət göstərən və cəmiyyət içində xüsusi təxribatlar törətmək məqsədi ilə yaradılmış saytlar belə iştirak edir. Həmin saytların bir çoxunun haradan qeydiyyatdan keçdiyi, ofisinin harada olduğu məlum deyil, bu media orqanları çox vaxt xarici domenlərlə fəaliyyət göstərirlər.

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bu barədə elmi araşdırmalarında qeyd edib ki, Qərb ölkələrində bu gün Ermənistanın xarici siyasət prioritetlərini dəstəkləyən və təbliğatını quran ingilis və erməni dillərində yayımlanan kifayət qədər qəzet və jurnallar, TV və radio proqramları mövcuddur. V. Zifəroğlunun araşdırmasına görə, “Erməni məsələsi”nə həsr olunan yazılara böyük qonarar verməklə erməni qəzet və jurnalları qeyri-erməni jurnalistləri onlarla əməkdaşlığa cəlb etməyə çalışır və çox zaman buna müvəffəq olurlar. TV-də tez-tez erməni filmləri nümayiş etdirilir, radio proqramlarda erməni musiqisi səsləndirilir:

 

“Ermənilərin xarici ölkələrdə təsis etdikləri bütün KİV resursları çox böyük təsir gücünə və imkanlara malikdir. Bunlardan biri də bloqlardır. Avropa, Amerika, eləcə də Rusiyada ənənəvi KİV-lərlə ciddi rəqabətə girmiş bloqlar, bu gün ənənəvi KİV-lərin həm auditoriyasına, həm də reklam gəlirlərinə şərik çıxıb. İnsanlar bloqlarda yazılana KİV-lərdə yazılandan daha çox etibar edir (xüsusilə, Qərbdə). Ermənilərə məxsus olan “erməni məsələsi” və Qarabağdan yazan minlərlə kifayət qədər populyar bloqun olmasına baxmayaraq bu mövzuda yazan azərbaycanlı bloqerlərin sayı heç 100 ə çatmır”.

 

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Modern.az-a açıqlamasında informasiya müharibəsində hazırkı durum haqqında danışıb. O bildirib ki, 2000-ci illərin əvvəllərindən etibarən mətbuatda “informasiya müharibəsi” ifadəsi aradan qaldırılıb və indi daha çox “informasiya qarşıdurması” şəklində təqdim edilir:

 

“Erməni mediasının bu sahədə müəyyən üstünlükləri məlumdur. Bu isə ilk növbədə həm Ermənistanın daxili mediasının daha fəal olmasından, həm də onun xarici media şəbəkəsinin genişliyindən irəli gəlir. Son illərdə bizdə müsbət dəyişiklik gözə çarpmaqdadır. Xaricdə Azərbaycan kütləvi informasiya vasitələri yaranır, Azərbaycan jurnalistləri də xaricdə mövqelər tutmağa başlayırlar. Bütövlükdə götürəndə isə imkanlar hələ ermənilərin üstünlükləri ilə xarakterizə olunur.

Biz deməliyik ki, informasiya qarşıdurması, medianın professional funksiyaları tamam başqadır. Amma ideologiya getdikcə nəinki mediaya, paralel olaraq, idman, incəsənət və s. kimi sahələrə də təsir edir. Beləliklə medianın, idmanın, incəsənətin imkanları da bu qarşıdurmada geniş istifadə olunur. Ona görə Azərbaycan məhkumdur ki, özünün həm yerli mediasında ciddi islahatlar həyata keçirsin, həm də özünün xaricə çıxış imkanlarını genişləndirsin”.

A.Əliyevin sözlərinə görə, hazırda Ermənistan mediası Azərbaycan haqqındakı yazıları daha çox dərc edir:

 

“Azərbaycan haqqında dünya mediasında dərc olunan yazıların 40 faizi Ermənistan, 40 faizi Rusiya, digər 20 faizi isə qalan ölkələrin payına düşür. Ermənistan mediasının yazdıqlarında bizim mediaya istinad da genişdir. Həm həcmcə böyük yazıları yayımlayırlar, həm də istinaddan çox istifadə edirlər.

Birbaşa təhriflər isə Ermənistan mediasında azalıb. Əsasən konteksdən çıxarılmış sitatlar, yaxud hansısa çıxışlar götürülüb, bunlar fərqli şəkildə yozulurlar”.

 

Tanınmış jurnalist onu da əlavə edib ki, son vaxtlar erməni mediasında daha çox nəzərə çarpan məqam bir neçə il əvvəl dərc edilmiş yazıların tarixlərinin dəyişdirilib, yeni məlumat kimi erməni cəmiyyətinə sırınmasıdır:

 

“2015-2017-ci ildə dərc olunmuş materiallar, Azərbaycanın imicinə ciddi xələl gətirə biləcək faktlar, məsələn, korrupsiya və s. ilə bağlı materiallar yenidən nəşr olunub. Bu informasiyaların tarixi dəyişdirilir, erməni mediasında yeni məlumat kimi təqdim edilir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...