Modern.az

“Qanlı  yer  adlarımız”... silsiləsindən Laçın “Qanlı  mağara”

“Qanlı  yer  adlarımız”... silsiləsindən Laçın “Qanlı  mağara”

Qarabağ

26 Noyabr 2019, 08:43

1905-1920-ci illərdə hay kilsəsinin və daşnak tör-töküntülərinin Qarabağın dağlıq bölgəsinə və Zəngəzur qəzasına aramsız hücumlarının bir istiqaməti də  (Gorusun  Dığ, Xınzırək kəndlərindən edilən)  Laçın nahiyəsi,  onun  Həkəri və Hocaz çaylarının hövzələrində yerləşən yaşayış məntəqələri olub. Bu cür obalardan  biri Həkəri çayının sol hissəsində, 8 km aralıda quzey meşəliyində olan Mayis kəndi (əski adı “Qızxanımtoylar” olub, 1960-cı illərdə sovxoz təsərrüfatı yaradılanda bu toponim dəyişdirilib) idi. Kəndin şimal-qərb hissəsinin 8 km-dəki Hocaz qayalığının yanında  adı mistik-sarkal təsəvvürlərdən yaranmış  “Əli bulağı” axırdı və bu qayanın-bulağın yanından “Elat yolu” keçirdi, üzü Qaragöl gölü ətrafındakı yaylaqlara doğru. Bu yoldan Qarabağ bölgəsinin Cəbrayıl, Füzuli, Ağdam, Ağcabədi, Beyləqan rayonlarının tərəkəmə təsərrüfatları da istifadə edirdilər.

           
Həmin  “Elat yolu”nun üstündəki  (Mayis kəndindən 5-6 km  şərqə doğru və Sonasar kəndindən 7-8 km məsafədə)  “Qara gav” dərəsində iki zağa-mağara (giriş hissəsi 5-6 metr enində, hündürlüyü 5 m olan) vardı ki, bunlardan Sonasar kəndinin Qaraxanlar bəylərinin ailələri tərəkəmə həyatlarında  istifadə edirdilər.     

               
1918-ci ilin yayinda hay-daşnak quldurlarının bu hövzədəki kəndlərə etdikləri amansız basqınlar zamanı bu zağa-kahalarda yaşayan adları çəkilən bəylərin heyvandarlıqla məşğul olan iki ailəsinin 16-17 üzvünü qəddarlıqla qətlə yetiriblər. Zağaların birində öldürdükləri körpə uşaqları qoyun itləri ilə üz-üzə qoyub, mal-heyvanları bütünlüklə qarət ediblər.

               
 Bu  hadisədən sonra həmin zağalara el arasında  “Qanlı mağara” deyilib.

                
Yer adlarımızın bu qanlı  səhifəsi barədə Laçın rayonu, Mayis kənd sakini Salman Əmrah oğlu (1880-1990)  oğul nəvəsi Saleh Qaraca oğlu Əmrahova (1972)  ömrünün son illərində danışıb.

 

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!