Modern.az

Qızıl  payızdan qızılı düşüncələr... - FOTOLAR

Qızıl  payızdan qızılı düşüncələr... - FOTOLAR

5 Dekabr 2019, 22:42

Hər fəslin öz ab-havası,öz rəng çaları var. Bahar deyəndə xəyalımızda yaşıllıq, qış deyəndə ağappaq bəyazlıq,yay deyəndə al-əlvanlıq, payız  deyəndə sarılıq canlanır. Bu rəng çalarları ruhumuzda da yaşanır. Yazla cavanlaşan ruhumuz payızla ahıllaşır elə bil. Payız ömrün də, təbiətin də müdriklik çağıdır. Bu dünyanın keçici olduğunu, Süleymana qalmayan dünyanın heç birimizə qalmayacağını  tanrı uçuşan yarpaqlarla namə  edib göndərir bizə  ki, ey Adəm övladı, bax, ibrət götür,aldanma fani  dünyanın göz qamaşdıran, ağıl çaşdıran cah-calalına...

... Bir ağacın, bir yarpağın timsalında   bu  yaşamın düzümün  seyr etmək gözəl olduğu qədər də ibrətamizdir. Tumurcuq qönçələnir yarpaq olur, günlərin bir günündə  də  yaradanın hökmü ilə saplağından qoparaq yerə düşür, torpağa çevrilir. İl dediyimiz, fəsil adlandırdığımız, ömür saydığımız  elə budur ki, var-bütün yaradılmışlar  torpaqdan yaranıb torpağa  dönməyə məhkumdur.  Amma  qurban olduğum  bu düzümü elə yaradıb, elə sahmanlayıb ki, təbiət və onun bir parçası olan insanın, lap adicə yarpağın  yaşam  həvəsi, var olmaq ehtirası heç vaxt  bitmir, tükənmir.

 


Ta əzəldən payız  bəşər övladının əziz tutduğu fəsil olub. Toy - mağarlar bu fəsildə qurulub, qış tədarükləri edilib, məhsul bayramları  keçirilib. "Cücəni payızda sayarlar” zərb-məsəli  təsadüfən deyilməyib ki? Payız həm də  fəsil aralığıdır - nə istidən şikayətlənirik, nə də soyuqdan. Öz  mülayimliyi ilə  ruhumuzu sığallayaraq qışın sərt sazağına hazırlayır bizləri. Nemətləri isə canımıza güc-qüvvət verir. Adı "Qurani-Kərim"də  keçən Cənnət meyvələrinin də hamısı bu fəsildə yetişir - nar, alma, üzüm, xurma, zeytun. Cənnət meyvələri payıza bir cənnət dadı, behişt rayihəsi qatır sanki.

Payıza  düşüncə fəsli də deyilir. Ömür sona yetməmiş olub keçənlərin hesabatını verməyə, keçmişdən ibrət götürüb gələcək üçün məqsəd seçməyə son şansımızdır payız.

Və ən nəhayət, payızın bu  gözəlliklərini tamlıqla görmək, hiss etmək, duymaq, yaşamaq istəyirsinizsə, ilin bu vədəsində bizim cənnətməkan Lənkəranı seçin. Lənkəran ilin bu vədəsində kəhrəba boyunbağı kimi göz qamaşdırır. Hər tərəf qızılı rəngə çalır, qızılı, qırmızılı, çəhrayı donlu dəmirağacları alışıb yanır. Bu  ecazkar gözəllik ilahi ahəngin rəng harmoniyasına bənzəyir. Bu harmoniyanı sitrus meyvələrinin, payız heyvalarının, almalarının xoş rayihəsi tamamlayır. N.Tixonov Lənkəranın bu qızılı mənzərəsindən vəcdə gələrək onu “Cənub mirvarisi, qızıl Lənkəran” adlandırmışdı.

Sözün bitdiyi an... Qoy bu yerdə fotolar danışsın. Bu gözəllikləri olduğu kimi sözlərə köçürə mümkünsüz. Lənkəranın payızını fotolarda izləyin, gözünüz gözəllik görsün! Ruhunuzun payıza köklənməsi  üçünsə bu yerlərə səfər etməniz gərəkdir. Növbəti payıza qədər ömrünüzə yetəcək xatirə yükünü tutacaqsınız. Və bir də... Lənkərandan  apardığınız limon qoxulu təəssüratlar yuxularınıza hopacaq,  qızılı  röyalar görəcəksiniz...

Esmira İsmayılova
Müstəqil jurnalist.

Fotolar Xalid Kərimovundur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır